"İranın mövqeyi dəyişməlidir" - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ
"İranla Azərbaycan məkanca bitişik ölkələr olduğuna görə sözsüz ki, münasibətlərini əbədi olaraq düşmənçilik üzərində qura bilməzlər. Bu münasibətlər nə vaxtsa normallaşmalıdır. Amma burada bir neçə məsələ nəzərə alınmalıdır. Əvvəla nəzərə almaq lazımdır ki, bu münasibətlər kimin atdığı addımlardan sonra kəskinləşib, daha doğrusu münasibətlərin kəskinləşməsində tərəflərin hansı daha çox məsuliyyət daşıyır. Hər kəs bilir ki, İranın bizim suverenliyimizə və ərazi bütövlüyümüzə zidd olan addımlarına bütün müstəqillik tarixi boyunca çox dözümlü yanaşıb". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, İran nəinki Azərbaycanın bu dözümlü münasibətindən lazımi nəticələri çıxarmadı, əksinə özü də açıq şəkildə Azərbaycanın siyasətinə, suverenliyinə zidd addımlar atmağa başladı: "Belə şəraitdə ilk növbədə hər kəs öz məsuliyyətini anlamalıdır ki, münasibətlərin normallaşması üçün addımlar atılsın. İkincisi, prinsipial məsələlər var. Yəni, Azərbaycanın İranla münasibətdə indiyə qədər olanların üstündən keçməsi, qonşu dövlətlərlə nə olursa, olsun yaxşı münasibətdə olmalıyıq kimi bir prinsipə söykənməsi əlbəttə ki, xeyrimizə deyil. Azərbaycanla İran arasında indiyədək baş vermiş gərgin hadisələrə aydınlıq gətirilməlidir. Xüsusilə də Tehranda səfirliyimizə qarşı törədilmiş terror aktı ilə bağlı İran hakimiyyətinin bütün araşdırmaları şəffaf və inandırıcı formada Azərbaycan hakimiyyətinə təqdim olunmalıdır. İranın Azərbaycanın daxili işlərinə, ərazi bütövlüyünə hörmət bəslədiyi ilə bağlı rəsmi mövqeyi ifadə olunmalıdır. Eyni zamanda, İran 44 günlük müharibədən sonra bölgədə yaranmış yeni reallıqlara hörmət etdiyini nümayiş etdirməlidir".
A.Quliyev sözlərinə davam edərək bildirib ki, bundan başqa İran sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı Azərbaycanın atdığı addımlara dözümlü yanaşmalıdır: "Azərbaycanın Şimal-qərb bölgələrindən Naxçıvana Zəngəzur dəhlizinin açılması məsələsinə münasibətdə İranın mövqeyi dəyişməlidir. Çünki İranın mövqeyi hədsiz qərəzli və yersiz iddialı formada üzə çıxır. İranın Zəngəzur dəhlizinə bu cür aqressiv münasibət göstərməsi heç cür başa düşülən deyil. Bu açıq şəkildə göstərir ki, Ermənistan Azərbaycanın ayrılmaz bölgəsi olan Naxçıvanla münasibətlərin intensivləşdirilməsində maraqlı deyil. İran həmçinin Azərbaycanın dövlət mənafeyinə qarşı Ermənistanla birgə siyasət yürütməkdən imtina etməlidir. Göründüyü kimi, məsələlər hədsiz dərəcədə böyükdür. Bu iki ölkə arasında münasibətlərin normallaşması və əvvəlki vəziyyətinə qayıtması üçün sadaladığımız şeylər həyata keçməlidir. Əks halda indiyə qədər baş verən gərginliklərin sadəcə olaraq konservləşdirilməsi və bir kənara atılması yeni mərhələdə münasibətləri lazımi səviyyəyə qaldırmağa imkan verməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB