Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib

Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib

Yaxın günlərdə Respublikamızda prezident postuna keçirilən sayca səkkizinci seçkilərin ildönümü olacaqdır. 2018-ci ildə növbədənkənar keçirilən bu seçkilərdə İlham Əliyev 86,02 % səs toplayaraq inamlı qələbə qazanmışdır. Məlumat üçün qeyd edək ki, ölkəmizin tarixində ilk dəfə olaraq 2018-ci ildə iqtidar Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Həmin təşəbbüsə uyğun olaraq fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzaladı və Sərəncama əsasən seçkilər 2018-ci il aprelin 11-nə təyin edildi. Prezident seçkiləri Azərbaycanın dövlət müstəqilliyi tarixində əhəmiyyətinə görə ən taleyüklü hadisələrdən biri idi. Ölkənin kifayət qədər güclənməsi, regional proseslərdə həlledici söz sahibinə çevrilməsi və beynəlxalq proseslərə təsir imkanları qazanması seçkilərə beynəlxalq diqqəti artırırdı. Seçkilərin nəticələri təkcə Azərbaycan deyil, regionda geosiyasi proseslərin gələcəyi üçün də böyük əhəmiyyət daşıyırdı. Sözügedən seçkilərdə Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verərək inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verərək yenidən İlham Heydər oğlu Əliyevi prezident olaraq təyin etdi.

18 aprel tarixində dördüncü dəfə seçicilərin mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev andiçmə mərasimində geniş nitqlə çıxış edərək görülən və görüləcək işlərdən bəhs etdi. Ölkə başçımızın nitqinin xüsusilə diqqət çəkən hissələrindən biri heç şübhəsiz o vaxtlar işğal altında olan Qarabağımızla bağlı prinsipial mövqeyi idi. Azərbaycan Prezidenti deyirdi: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın”. Azərbaycan Prezidentinin qətiyyətlə səsləndirdiyi bu fikirlərdən cəmi iki il sonra Qarabağ doğma sahiblərinə qaytarıldı. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi 30 illik işğalı sona çatdırdı, tarixi ədaləti bərpa edərək BMT TŞ-nin 1993-cü ildə qəbul edilən və 27 il kağız üzərində qalan dörd Qətnaməsini icra etdi. Heç şübhəsiz, bu, dünya tarixində bənzərinə nadir rast gəlinəcək böyük qələbə idi. Bu qələbə ilə ölkəmizin tarixində yeni bir səhifə açıldı. Bu gün bu səhifələrə yeni zəfərlər, yeni nailiyyətlər əlavə olunur. Post-müharibə dövründə istər azad olunmuş torpaqlarda görülən bərpa-quruculuq, yenidənqurma işləri, istərsə də şanlı qələbəmizin dünya birliyi tərəfindən qəbul olunması istiqamətində atılan məqsədyönlü addımlar Qələbəmizin möhkəmlənməsində əlamətdar rol oynayır. Bu gün hər bir azərbaycanlı əmindir ki, 30 illik işğalı sona çatdıran, keçilməz deyilən sədləri bir göz qırpımında keçən, alınmaz hesab olunan qalanı canı ilə, qanı ilə alan, öz üzərindən “məğlub xalq” sindromunu söküb atan Azərbaycan dövləti gələcəkdə yenə İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlərə imza atacaqdır. O da mütləq vurğulanmalıdır ki, 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbə Azərbaycan son iki yüz illik tarixindəki məğlubiyyət sindromunun qırıldığı, türk dünyasının Çanaqqala savaşından sonra əldə etdiyi ən şanlı zəfər idi. Bu zəfərlə sadəcə ölkəmizdə yox, ümumilikdə türk dünyasının tarixində yeni era başlandı. Bu gün türk dünyası bəlkə də tarixdə heç vaxt olmadığı qədər bir-birinə yaxındır. Azərbaycan prezidenti son iki ildə dəfələrlə türk dövlətlərinə - Qazaxıstana, Qırğızıstana, Türkiyəyə, Özbəkistana səfərlər edib, eyni şəkildə həmin ölkələrin rəhbərləri də Azərbaycana çoxsaylı səfərlər reallaşdırıb. Hazırkı çətin və gərgin geosiyasi şəraitdə Türk dövlətlərinin birliyi isə əlbəttə ki, ayrı-ayrılıqda onların hər birinə əlavə güc və stimul verir.

Beləliklə, heç birimizdə şübhə yoxdur ki, qarşıdakı illərdə Azərbaycanı daha böyük uğurlar gözləyir. Bəlkə də Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə prezident seçildiyi günlərdə illər sonra Azərbaycanın məhz bu cür yüksək səviyyəyə gəlib çıxacağını təsəvvür etmək çətin idi. Amma bu gün ölkəmizin hansı inkişaf səviyyəsinə gəlib çatdığı göz qabağındadır. Bu, sırf dövlətimizin başçısının uzaqgörən, müdrik siyasətinin nəticəsidir. Ölkə başçımızın 18 aprel tarixli andiçmə nitqindəki son sözləri ilə yazını yekunlaşdırmaq istərdim: “Bizim taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik....... Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik”.

Vüsal Fərəcov

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə