Möhkəm təməl üzərində qurulan Azərbaycan-Gürcüstan əlaqələri - TƏHLİL
PREZİDENT İLHAM ƏLİYEV: "Müzakirə olunan məsələlər bir məqsədi güdür ki, ikitərəfli əməkdaşlığı dərinləşdirək və xalqlarımızın gələcəyi üçün lazım olan bütün addımları ataq"
BAŞ NAZİR İRAKLİ QARİBAŞVİLİ: "Azərbaycan təkcə qonşumuz və dostumuz deyil, həm də mühüm strateji tərəfdaşımızdır"
Müstəqil dövlət kimi, Azərbaycanın dünya dövlətləri, təşkilatları ilə əməkdaşlığı və dostluq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. Belə ki, o cümlədən Azərbaycan-Gürcüstan dövlətləri arasında siyasi-iqtisadi münasibətlərin indiki səviyyəyə gəlib çatması iki ölkənin xalqları arasında tarixən mövcud olan sıx əlaqələr, mehriban qonşuluq münasibətləri, bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb. İki ölkə arasında diplomatik əlaqələr – 31 il əvvəl 1992-ci ildə qurulub. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı iki xalq arasında münasibətlərin inkişafına yeni imkanlar açdı. Azərbaycanla Gürcüstan arasında yaxınlığın və əlaqələrin inkişafına böyük təkan verən ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu münasibətlər həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir. Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindəndir.
Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. 1998-ci il sentyabrın 7–8-də keçirilmiş Tarixi Böyük İpək yolunun bərpası üzrə Beynəlxalq Konfrans keçirildi, 1998-ci il oktyabrın 7-də Azərbaycanın Gürcüstanla sərhədində yeni körpünün açılışı oldu, 1999-cu il aprelin 17-də isə Bakı-Supsa neft kəməri işə salındı. Ötən dövrdə hər iki ölkənin həyatında tarixi əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin tikintisi sahəsində intensiv işlər aparılıb.Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə bu münasibətlər daha da dərinləşmişdi. Nəhayət, 2005-ci il mayın 24–25-də neft kəmərinin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin istifadəyə verilməsi mərasimi keçirildi.
AZƏRBAYCAN PREZİDENTİ: "Həm Gürcüstanın, həm də Azərbaycanın maraqlı tarixi yerləri ilə tanış olmağımız dostluğumuzu daha da gücləndirir"
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Qəbələdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycana işgüzar səfəri mövcud əlaqələrin davamlı xarakter daşımasına söykənir. Bu, Azərbaycan və Gürcüstan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək və bölgədə gedən proseslərin, təhlükəsizliklə bağlı olan məsələlərin birgə müzakirələri əməkdaşlığın yeni müstəviyə yüksəlməsinə səbəb olacaq.
Yüksək səviyyədə qarşılanmadan sonra Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin olduğu qeyd edildi.
Prezident İlham Əliyev keçən ilin oktyabrında Gürcüstana səfərini məmnunluqla xatırladı və səfər zamanı aparılmış müzakirələrin əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Gürcüstanın Baş nazirinin bu səfəri zamanı aparılacaq müzakirələrin önəmini vurğuladı. Azərbaycan Prezidenti bu səfərlər çərçivəsində görüşlərin məhz regionlarda keçirilməsinin çox önəmli və vacib bir ənənə olduğunu bildirdi.
Söhbət zamanı Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi enerji, infrastruktur layihələrinin əhəmiyyəti vurğulandı. Bu xüsusda ölkələrimizin birlikdə reallaşdırdıqları enerji layihələrinin Avropanın enerji təhlükəsizliyində böyük rol oynadığı və bu enerji resurslarına tələbatın artdığı qeyd olundu. Həmçinin yol-infrastruktur layihələrinin həyata keçirilməsinin önəmi vurğulandı və bu xüsusda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi, onun imkanlarının artırılması istiqamətində birgə aparılan fəaliyyət xüsusi vurğulandı. Azərbaycanın və Gürcüstanın Orta Dəhlizdə önəmli rolu, bu xüsusda birgə səylərin göstərilməsinin vacibliyi qeyd olundu.
Görüşdə ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığı və bu istiqamətdə əlavə tədbirlərin görüldüyü bildirildi, Azərbaycanın SOCAR şirkətinin Gürcüstanda uğurlu fəaliyyəti xüsusi vurğulandı.
Söhbət zamanı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin əhəmiyyəti, həmçinin Qara dənizin dibi ilə kabelin çəkilməsinin, bu xüsusda Azərbaycanın və Gürcüstanın digər tərəfdaşlarla işbirliyinin önəmi qeyd edildi.
Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili Azərbaycan ilə Gürcüstan arasında humanitar, mədəniyyət, təhsil, müdafiə sənayesi, hərbi, təhlükəsizlik, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq məsələlərini müzakirə etdilər.
Gürcüstanın Baş naziri bu il Azərbaycanda Ulu Öndər Heydər Əliyevin 100 illiyinin qeyd olunduğunu vurğuladı, Ümummilli Liderin əziz xatirəsinin gürcü xalqı tərəfindən də böyük hörmət və ehtiramla anıldığını bildirərək, Ulu Öndərin Gürcüstanın və gürcü xalqının böyük dostu olduğunu qeyd etdi.
AZƏRBAYCAN PREZİDENTİ: "Mən Gürcüstanda olarkən Mçxeta rayonunda olmuşdum. Bu gün Siz Qəbələ rayonundasınız. Hesab edirəm ki, bu, çox yaxşı bir ənənədir"
Prezident İlham Əliyev aprelin 7-də Qəbələdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında söyləyib: "Mən Gürcüstanda olarkən Mçxeta rayonunda olmuşdum. Bu gün Siz Qəbələ rayonundasınız. Hesab edirəm ki, bu, çox yaxşı bir ənənədir. Çünki beləliklə biz həm Gürcüstanın, həm də Azərbaycanın maraqlı tarixi yerləri ilə də tanış oluruq və bu, bizim dostluğumuzu daha da gücləndirir".
Dövlətimizin başçısı Gürcüstanın Baş nazirinin bu səfəri zamanı aparılacaq müzakirələrin önəmini vurğuladı. Azərbaycan Prezidenti bu səfərlər çərçivəsində görüşlərin məhz regionlarda keçirilməsinin çox önəmli və vacib bir ənənə olduğunu bildirdi: "Gürcüstan və Azərbaycan uzun illər bir-biri ilə sıx əlaqədədir. Biz dostuq, müttəfiqik, xalqlarımızı qardaşlıq əlaqələri bağlayır".
Dövlətimizin başçısı onu da vurğulayıb ki, bütün müzakirə olunan məsələlər ikitərəfli əməkdaşlığı dərinləşdirəcək: "Bütün müzakirə olunan məsələlər bir məqsədi güdür ki, ikitərəfli əməkdaşlığı dərinləşdirək və xalqlarımızın gələcəyi üçün lazım olan bütün addımları ataq. Bu gün bir çox önəmli məsələlər müzakirə edilmişdir və əldə olunmuş razılaşmalar əsasında biz gələcək fəaliyyətimizi də quracağıq".
PREZİDENT İLHAM ƏLİYEV: "Gürcüstan və Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir"
Azərbaycan Prezidenti Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi enerji, infrastruktur layihələrinin əhəmiyyətini vurğulayıb. Bu xüsusda ölkələrimizin birlikdə reallaşdırdıqları enerji layihələrinin Avropanın enerji təhlükəsizliyində böyük rol oynadığı və bu enerji resurslarına tələbatın artdığı qeyd edib: "Gürcüstan və Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir».
Bu rolun getdikcə artdığını vurğulayan dövlətimizin başçısı deyib: «Əlbəttə ki, bizim aramızda olan dostluq əlaqələri və bu sahədə əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi üçün də böyük töhfədir. İldən-ilə Azərbaycan təbii qazının Avropa istiqamətinə ixracı artmaqdadır. Bütövlükdə bu il Azərbaycan dünya bazarlarına 24,5 milyard kubmetr qaz ixrac edəcək və bu rəqəm ildən-ilə artır".
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında həmçinin yol-infrastruktur layihələrinin həyata keçirilməsinin önəmini vurğuladı və bu xüsusda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi, onun imkanlarının artırılması istiqamətində birgə aparılan fəaliyyət xüsusi vurğulandı. Azərbaycanın və Gürcüstanın Orta Dəhlizdə önəmli rolu, bu xüsusda birgə səylərin göstərilməsinin vacibliyini qeyd etdi: "Təbii ki, ikitərəfli əlaqələrimizin önəmli hissəsi nəqliyyatla bağlıdır. Burada da bütün işlər uğurla gedir, plan üzrə gedir".
"Orta Dəhlizin həyata keçirilməsində Gürcüstan və Azərbaycan uğurla fəaliyyət göstərir. Əlbəttə ki, növbəti mərhələdə yükdaşımaların həcminin artırılması istiqamətində əlavə addımlar atılacaq", - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Keçən il və bu il Mərkəzi Asiya ölkələrinə dəfələrlə səfərlər etdiyini və hələ səfərlər edəcəyini vurğulayan Prezident İlham Əliyev bildirib: "Yeni yüklərin Orta Dəhliz üzrə nəql edilməsi üçün çox gözəl imkanlar var. Burada həm bütün inzibati məsələlər öz həllini tapmalıdır, tarif siyasəti vahid prizmadan həll edilməlidir, eyni zamanda, yüklərin cəlb edilməsi və nəqli üçün birgə səylər atılmalıdır. Təbii ki, bu gün bu məsələ də geniş müzakirə olunub və olunacaq".
PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycanın şirkəti SOCAR Gürcüstanda uğurla fəaliyyət göstərir"
Azərbaycan Prezidenti mətbuata bəyanatında bildirib ki, keçən il Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, biz 2027-ci ilə qədər təkcə Avropa məkanına 20 milyard kubmetr qazın nəql olunmasını təmin etməliyik və əminəm ki, biz bu rəqəmə çatacağıq: "İndiki geosiyasi vəziyyəti nəzərə alaraq, əlbəttə ki, enerji təhlükəsizliyi məsələləri bütün ölkələr üçün ön plana çıxır. Uzun illər Azərbaycanın şirkəti SOCAR Gürcüstanda uğurla fəaliyyət göstərir. Mənə dünən verilən məlumata görə, SOCAR Gürcüstanda 11 min kilometr uzunluğunda qaz xətləri çəkmişdir və beləliklə, 830 mindən çox abonentə təbii qazı təmin edir".
AZƏRBAYCAN PREZİDENTİ: "Biz gələcəkdə energetika sahəsində əməkdaşlığın yeni istiqamətləri üzrə fəal işləyəcəyik"
"Biz gələcəkdə energetika sahəsində əməkdaşlığın yeni istiqamətləri üzrə fəal işləyəcəyik. Daha doğrusu, bu iş artıq başlamışdır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Qəbələdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında deyib. Keçən ilin sonunda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın önəmli Sazişə imza atdıqlarını və bu ilin fevralında Bakıda yaşıl enerji layihəsinin birinci rəhbər komitəsinin iclasının keçirildiyini xatırladan dövlətimizin başçısı bildirib: "Bu, genişmiqyaslı layihədir və əlbəttə ki, bu layihənin uğurla həyata keçirilməsi hər dörd ölkənin birgə fəaliyyəti hesabına mümkün olacaqdır. Eyni zamanda, bildiyiniz kimi, Avropa İttifaqı da bu layihəyə çox böyük önəm verir. Təsadüfi deyil ki, Avropa Komissiyasının Prezidenti imzalanma mərasimində də iştirak etmişdir".
PREZİDENT İLHAM ƏLİYEV: "Gürcüstan Baş nazirinin bugünkü səfəri əlaqələrimizə yeni təkan verəcək"
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Qəbələdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında bildirib ki, Gürcüstan-Azərbaycan əlaqələri bir çox sahələri - müdafiə sənayesi, təhsil, mədəniyyət, turizm, texnologiyalar, kənd təsərrüfatı sahələrini əhatə edir: "Əlbəttə ki, ticarət dövriyyəsinin artırılması üçün lazımi addımlar atılır. Əminəm ki, cənab Baş nazirin bugünkü səfəri bizim əlaqələrimizə yeni təkan verəcəkdir".
İRAKLİ QARİBAŞVİLİ: "Azərbaycan təkcə qonşumuz və dostumuz deyil, həm də mühüm strateji tərəfdaşımızdır"
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında söyləyib ki, bizim dostluğumuzun uzunəsrlik tarixi var: "Azərbaycan bizim təkcə qonşumuz və dostumuz deyil, həm də mühüm strateji tərəfdaşımızdır".
Baş nazir qeyd edib: "Uzun illər ərzində biz müxtəlif sahələrdə tarixi layihələr həyata keçirmişik. Həmin layihələr xalqlarımızı, ölkələrimiz daha sıx birləşdirdi. Biz yaxşı mənada bir-birimizdən asılıyıq və əminəm ki, bundan sonrakı uzun illər boyu da belə olacaq". Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında söyləyib ki, Gürcüstan etibarlı tranzit ölkəsi, tranzit tərəfdaşıdır. Prezident İlham Əliyev qeyd etdiyi kimi, biz bu fəaliyyətimizi davam edirik, biz dincəlmirik. Biz Qara dənizin dibi ilə elektrik kabeli aparacağıq, Orta Dəhliz layihəsini inkişaf etdiririk, yaşıl enerjini Avropaya nəql etmək üçün ölkələrimizin nəhəng potensialı var. Hər iki ölkə bu sahəyə daha çox sərmayə qoyacaq.
RƏFİQƏ HÜYSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB