"Tacikistan səfəri çox böyük uğurla başa çatdı" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Bildiyimiz kimi, bu günlərdə cənab Prezident İlham Əliyev Tacikistan prezidenti tərəfindən dövlət səfərinə dəvət olunub. Beynəlxalq münasibətlərdə dövlət başçıları arasında 4 formatda səfər olur. Bunlardan ən yüksəyi dövlət səfəridir. Digərləri isə rəsmi, işguzar və dostluq səfərləridir". Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, cənab Prezidentimizin bu səviyyədə Tacikistana dəvət olunması Tacikistan dövləti və xalqının bizə olan müsbət münasibətindən irəli gəlir: "Azərbaycan beynəlxalq müstəvidə istər çoxtərəfli, istərsə də ikitərəfli formatda çox etibarlı bir tərəfdaşdır. Təkcə onu demək lazımdır ki, Azərbaycanın bu gün Avropa Birliyinə daxil olan ölkələrdən 10-dan çox strateji tərəfdaşlıq imzalayıb.
Azərbaycan tərəfdaş olduğu ölkələrin daxili işlərinə qarışmır və onların suverenliyinə hörmət edir. Azərbaycan hər zaman tərəfdaş olduğu ölkələrə müxtəlif formada öz dəstəyini göstərir.
Bildiyimiz kimi Azərbaycan vaxtilə çox ağır vəziyyətlər yaşayıb. 1990-cı illərin əvvəllərindən 2000-ci illərə doğru Azərbaycan ancaq borc alıb, kredit götürürdü. Amma 2003-cü ildən sonra ölkəmizdə uğurlu enerji siyasəti nəticəsində bütün sahələrdə çox sağlam və möhkəm təməl qoyulduğu üçün tərəqqi əldə olunub. Artıq Azərbaycan uzun illərdir kredit alan ölkədən kredit verən, yardım alan ölkədən yardım verən ölkəyə çevrilib. Bu da bir Azərbaycan vətəndaşı kimi bizi qürurlandırır".
Deputat sözlərinə belə davam edib: "Biz Tacikistan prezidentinin çıxış və bəyanatlarında da onların bizi dost və qardaş ölkə olaraq gördüyünü müşahidə etdik. Burada ticarət, iqtisadi, təhsil, mədəniyyət və müdafiə sənayesi sahəsində ciddi sənədlər imzalandı.
Bəyanat konfranslarında da cənab İlham Əliyev Tacikistan prezidentini ölkəmizə dəvət etdi. Cənab Prezident İlham Əliyev prezident seçildiyi ildən bu günə qədər üç dəfə Tacikistanda səfərdə olub.
Tacikistan Prezidenti Azərbaycan xalqının böyük söz ustadı Nizami Gəncəviyə olan məhəbbəti haqqında danışdı. Həmçinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbirlərin keçirilməsini qeyd etdi. Sözsüz ki, bütün bu səslənən fikirlər Azərbaycanın dünyada nüfuzunun və cənab İlham Əliyevin dünyada tanınmış bir lider olmağının göstəricisidir. Azərbaycan-Tacikistan münasibətlərinin ildən-ilə sürətlənməsi Azərbaycanın xarici siyasətində mühüm yer tutur. Çünki Tacikistan çox önəmli coğrafiyada yerləşir. Bir sözlə, cənab Prezidentin Tacikistan səfəri çox böyük uğurla başa çatıb".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB