Lavrovun Türkiyəyə planlaşdırılan səfərində MARAQLI MƏQAMLAR – TƏHLİL
Türkiyə hər zaman kifayət qədər balanslı siyasət aparıb və ələlxüsus Rusiya ilə Ukrayna arasında müharibə başladığı dövrdən bu zamana qədər öz mövqeyinə sadiq qalıb və hər iki tərəfin hər zaman bu ölkəyə, onun liderinə göstərdiyi etimad da bu baxımdan təsadüfi deyil. Qardaş ölkənin belə bir siyasəti, mövqeyi əslində beynəlxalq münasibətlər sistemində çox az təsadüf olunan nadir haldır və bunu bütün dünya çox yüksək qiymətləndirir.
Bilirik ki, Ukraynada hərbi əməliyyatların başladığı ilk günlərdən Türkiyənin Qərb müttəfiqlərinə NATO-nun tərkibində qalmaqla öz strategiyasını quracağını açıq şəkildə bəyan etməsi ABŞ və Avropa tərəfindən narazılıqla qarşılansa da, rəsmi Ankara heç zaman Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayıb. Bununla yanaşı, Türkiyə eyni zamanda Kiyevə humanitar yardım göstərməkdə də davam edib və bu yardım yenə də var. İstər Rusiya, istərsə də Ukrayna ilə Türkiyənin çoxlu sayda ticari, sosial və mədəni əlaqələrinin olması olduqca əlamətdardır və bu, qardaş ölkənin mövqeyinin, balanslı siyasətinin, öz strategiyasının dəyişməz olduğunu bir daha təsdir edir. Prezident olduğu müddətdə Türkiyənin Rusiya ilə müharibəyə cəlb olunmayacağını, eləcə də rəsmi Ankaranın Rusiya ilə Ukrayna arasında vasitəçi rolundan əl çəkməyəcəyini bəyan edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, beləliklə Qərbə iki xəbərdarlıq mesajı göndərmiş olub.
“Son iki ildəki səylərimiz olmasaydı, “qərb klubu” Türkiyəni Rusiyaya qarşı müharibəyə sürükləyərdi. Biz burada olduğumuz müddətdə buna imkan verməyəcəyik”, deyən Türkiyə Prezidenti yalnız “ciddi və qəti vasitəçilik” olacağı təqdirdə Rusiya ilə Ukrayna arasındakı hərbi münaqişənin sona çatacağına ümid etdiyini bildirib. Görünən odur ki, bu gün də Türkiyə çox ciddi şəkildə öz vasitəçiliyini davam etdirməyə hazırdır və davam etdirməkdədir. Bu bir reallıqdır və bu reallığı Rusiya tərəfi də, Ukrayna tərəfi də çox yaxşı görür və olduqca yüksək qiymətləndirir. Əks halda təkcə biz yox, bütün dünya bunun şahidi olmazdı və Ankaranın öz vasitəçilik niyyəti davamlı olaraq aydın şəkildə təzahür etməzdi.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 6-7 aprel tarixlərində Türkiyəyə planlaşdırılan səfəri də təsadüfi sayılmır və məhz Rəcəb Tayyib Ərdoğanın, rəsmi Ankaranın kifayət qədər balanslı siyasət apardığının, öz siyasətinə, strategiyasına, vasitəçilik niyyətinə, dəyişməz mövqeyinə etimadın təzahürü və isbatıdır. Bu etimad həmçinin onu deməyə əsas verir ki, Rusiya XİN rəhbərinin Türkiyəyə planlaşdırılan səfəri və tərəflərin qarşıdakı danışıqları, elan olunmuş gündəliyə əsasən, çoxşaxəli, eləcə də əlamətdar olacaq. Heç şübhəsiz ki, səfər çərçivəsində Ukraynadakı vəziyyət, Suriya və Qarabağ nizamlanması, Mərkəzi Asiya ölkələri və Əfqanıstandakı siyasi vəziyyət də daxil olmaqla geniş spektrli regional və beynəlxalq məsələlərin müzakirəyə çıxarılacağı gözlənilir. Çox güman ki, Lavrovun qardaş ölkəyə səfəri Rusiya prezidenti Vladimir Putinin aprelin sonunda Türkiyədə Akkuyu atom elektrik stansiyasında nüvə yanacağının doldurulma mərasimində mümkün iştirakı üçün hazırlıq məqsədi də daşıyır və bunun da əlamətdar, eləcə də əhəmiyyətli olacağı indidən nəzərə alınmaqdadır.
Gördüyümüz kimi, Türkiyə liderinin dəyişməz mövqeyi, rəsmi Ankaranın öz siyasətinə, strategiyasına, ələlxüsus da vasitəçilik niyyətində qətiyyətli olması Rusiya tərəfinin də diqqətindən yayınmayıb. O da diqqətdən yayınmayıb ki, Qərbin bu siyasətə görə narazı olması belə bu siyasətə, bu strategiyaya və mövqeyə təsir edə bilməyib. Nəzərə onu da almaq lazımdır ki, Türkiyə qarşıdan gələn prezident seçkilərinə hazırlaşır və belə bir vəziyyətdə belə qardaş ölkənin lideri Ərdoğan, eləcə də rəsmi Ankara Qərbin hansı mövqedə olduğuna, narazılığına məhəl qoymadan öz mövqeyindədir. İndiki çətin geosiyasi vəziyyətdə Türkiyə Prezidentinin Qərbə ünvanladığı mesajlar, Ankaranın xarici siyasətinin dəyişməzliyi Rusiyanın diqqətindən də yayına bilməz və bu baxımdan Lavrovun səfəri heç də təsadüfi hesab olunmur, əksinə, Kremlin bu münasibətlərdə maraqlı olduğunu isbatlayır. Ən maraqlı məqam isə, Rusiya ilə Ukrayna arasında müharibə başladıqdan dərhal sonra Türkiyənin Montrö konvensiyası əsasında Qara dəniz Bosfor və Çanaqqala boğazlarını rus hərbi gəmiləri üçün bağlaması belə Ankara ilə Moskva arasındakı münasibətlərə təsir edə, soyuqluq gətirə bilmədi. Təbii ki, bütün bu sadalananlar Türkiyə Prezidentinin apardığı müstəqil siyasətin uğurlu olduğunun təsdiqi sayılır və bu da dünya liderləri tərəfindən yüksək qiymətləndirilir.
Ümumiyyətlə, Türkiyənin, bu ölkə liderinin apardığı siyasət mübaliğəsiz olaraq bütün dünyanı yaxşı mənada heyrətə salıb. Ərdoğanın tarixi taxıl müqaviləsinin bağlanması təklifi və bu müqavilənin reallaşdırılması necə qiymətləndirilməyə bilərdi? Axı bu müqavilənin reallaşdırılması təkcə Moskva və Kiyev üçün vacib əhəmiyyətli hesab olunmur, ümumilikdə, Rusiya və Ukraynanın ixrac etdiyi taxılın idxalından tamamilə asılı olan ən azı 11 Afrika ölkəsinin əhalisinin aclıqdan və məhv olmaqdan xilas olması baxımından çox əhəmiyyətli sayılır. Prezident Ərdoğanın, rəsmi Ankaranın planlaşdırılmış düzgün siyasi və strateji gedişləri ilə Türkiyə həm maliyyə, həm də iqtisadi bonuslar əldə etdi və eyni zamanda qardaş ölkə beynəlxalq aləmdə xarici siyasət reytinqini əhəmiyyətli dərəcə yüksəltdi. Bu bir reallıqdır və bu reallığı Türkiyənin apardığı müstəqil siyasətdən narahat və narazı olan Qərb də görür, həm də qiymətləndirmək məcburiyyətində qalır.
Baxmayaraq ki, Brüssel və Vaşinqton açıq şəkildə narazılıq nümayiş etdirir, Rusiya Federasiyası ilə Ukrayna arasında dialoqun qurulması məqsədi ilə vasitəçilik səylərindən Türkiyə əl çəkmir. Qərbin narazılığına məhəl qoymadan Türkiyə hökuməti yenidən Rusiya və Ukrayna liderləri - Putin və Zelenskinin apreldə İstanbulda görüşünü təşkil etməyə davamlı şəkildə cəhdlər edir. Elə bu baxımdan da cəsarətlə deyə bilərik ki, Sergey Lavrovun Türkiyəyə planlaşdırılan səfəri zamanı digər sadalanan məsələlərlə müqaisədə bu məsələ, yəni, Rusiya Federasiyası ilə Ukrayna arasında dialoqun qurulması digərlər məsələlərə nisbətən daha ətraflı müzakirə olunacaq.
Heç şübhəsiz ki, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması problemi də unudulmayıb və təkcə Azərbaycan üçün deyil, bu məsələ qardaş Türkiyə üçün də əhəmiyyətli hesab olunur. Bu əhəmiyyətli məsələnin müzakirə ediləcəyi də təkzib edilə bilməz, çünki İrəvanın revanşist siyasəti nəticəsində regional təhlükəsizliyə artan təhdidlər xüsusilə nəzərə alınır. Ermənistandan fərqli olaraq, Rusiya da, Türkiyə də, Azərbaycan da 44 günlük müharibədən sonra əldə edilmiş sabitliyi və təhlükəsizliyi möhkəmləndirməyə çalışır. Etiraf etmək lazımdır ki, hələ də Cənubi Qafqazda sarsıntı, gərginlik hökm sürür və bu gərginliyə, regional təhlükəsizliyə ola artan təhdidlərə biganə qalınmayacaq.
Ermənistanın mövqeyindən də, davranışlarından da rəsmi Moskvanın narazı qalması üçün həm əsaslı səbəbləri və həm də bu səbəblərdən dolayı haqqı da var. Əvvəla, Ermənistanda hələ də davam edən anti-Rusiya ritorikası Kreml üçün qəbuledilən deyil və ruslar buna cavab verməkdə aciz deyillər. Digər tərəfdən də axı İrəvanın faktiki olaraq Qərbə dönüşü Rusiyanın haqlı olaraq narazılığına səbəb olub və bu ölkə öz iddialarında da haqlıdır. Bu reallığı ermənilər təkzib edə də bilməzlər, çünki Avropa missiyasının Ermənistanda yerləşdirilməsi həqiqətləri çılpaq şəkildə ortaya qoydu. Üstəlik, Rusiyanın narazılığına səbəb olan digər məsələlər də var axı. Bunlardan biri də hazırki Ermənistan rəhbərliyinin yumşaq şəkildə ifadə etsək, KTMT-yə qarşı qeyri-dost hücumları, əslində isə düşmən mövqe sərgiləməsidir. Heç şübhəsiz ki, Lavrovun Türkiyəyə gözlənilən səfərində bu məqamlar öz təsirini göstərmiş olacaq və müzakirələrə səbəb olacaq.
Bilirik ki, Aİ missiyasının Ermənistanda yerləşdirilməsindən Rusiya heç də razı deyil. Rusiya diplomatiyasının 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında Sergey Lavrovun dedikləri bunu təsdiq edir. “Aİ missiyasının Ermənistanda yerləşdirilməsi əks-məhsuldardır, çünki bu, Bakının razılığı olmadan həyata keçirilir”, deyən Rusiya XİN rəhbəri əvvəla, Moskvanın bu məsələdən razı qalmadığını bəyan edir, amma digər tərəfdən də bu onu göstərir ki, Rusiya təkcə öz maraqlarından çıxış etmir, həm də Azərbaycanın mövqeyini nəzərə alır. Münaqişə zamanı Ermənistanın işğal etdiyi torpaqları Azərbaycanın geri qaytardığını Lavrovun fevral bəyanatlarında xatırlatması da, 2022-ci il oktyabrın 7-də Ermənistanın özünün Azərbaycanın ərazi bütövlüyünü tanıması faktına diqqət çəkməsi də təsadüfi deyil. Bütün bunlar ondan xəbər verir və onun göstəricisidir ki, rəsmi Moskva Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatların həyata keçirilməsinə Bakının sadiq qaldığı qənaətindədir. Biz buna Sergey Lavrovun bu ilin fevralında Bakıya səfəri, səfərin nəticələri zamanı da əmin olduq.
Ümumiyyətlə, Ermənistanın hiyləgər oyunlarının, məkrli siyasətinin Kreml üçün artıq gün kimi aydın olduğu heç kimdə şübhə doğurmur. Heç kim artıq şübhə edə bilməz ki, Rusiya indi Türkiyənin və Azərbaycanın mövqeyinə, iki qardaş ölkənin apardığı siyasətə, istər regionda, istərsə də dünyada təhlükəsizliyin, sülhün təmin olunmasına verdiyi tövhələrə, bu istiqəmətdə göstərdiyi səylərə yüksək qiymət verir. Buna tam əminlik nümayiş etdirən Rusiya XİN rəhbərinin Türkiyəyə planlaşdırılan səfərinin zəngin və məhsuldar keçəcəyi bir çox siyasətçilər, politoloqlar tərəfindən indidən proqnozlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB