Müstəqilliyimizi göz bəbəyi kimi qoruyan güclü Azərbaycan Ordusu ŞƏRH
44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsini şərtləndirən amillər əsgərlərimizin vətənpərvərliyi və yüksək döyüş ruhu ilə yanaşı, həm də ordumuzun müasir hərbi imkanlara malik olmasıdır. Bu gün Silahlı Qüvvələrimiz Azərbaycan torpaqlarını etibarlı şəkildə müdafiə etməyə qadirdir
2020-ci ilin sonlarına doğru Azərbaycan xalqı dövlətçilik və müstəqillik tarixini möhtəşəm bir hadisə ilə şərəfləndirdi - 44 gün davam edən Vətən müharibəsində qəhrəman Ordumuz təcavüzkar Ermənistanı döyüş meydanında məğlub edərək işğal faktına son qoydu, dövlətimizin ərazi bütövlüyünü bərpa etdi. Hələ 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət edən Ulu Öndər Heydər Əliyev bu tarixi kəlamlarını irəli sürmüşdü: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bəli, Ulu Öndər Heydər Əliyevin ən böyük arzuları işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, bütün məcburi köçkünlərin doğma yurdlarına qayıtması idi. Onun ən layiqli siyasi davamçı İlham Əliyev Azərbaycanı gücləndirərək elə bir səviyyəyə çatdırdı ki, Ordumuz Ermənistanın işğal siyasətinə son qoydu, torpaqlarımızı azad etdi. Bununla həm də Ulu Öndərin vəsiyyəti yerinə yetirildi. "Mən bu gün, eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!” - deyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciətində işlətdiyi bunu sübut edir.
Bu məqamda bir mühüm amili də qeyd etməliyik ki, Qarabağ zəfərinin təməli illər əvvəl Heydər Əliyev tərəfindən dövlətçiliyimizin və müstəqilliyimizin əsasları möhkəmləndiriləndə, tənəzzülün qarşısı alınanda, xarici neft şirkətləri ilə tarixi müqavilələr imzalananda, ordu quruculuğuna başlananda qoyulmuşdu. Başlanğıcını 1993-cü il noyabrın 2-dən - Ulu Öndərin xalqa müraciətindən götürən və tarixə Heydər Əliyevin ordu quruculuğu kimi düşən bu dönəmin ilkin çağlarında yeni yaradılan və mərkəzi komandanlığa tabe olan hərbi birləşmələr nəinki Ermənistanın güclənən hücumlarının qarşısını böyük mətinliklə aldılar, 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində Füzuli istiqamətində, digər ərazilərdə uğurlu hərbi əməliyyatlar keçirərək çoxsaylı yaşayış məntəqələrini, strateji əhəmiyyət kəsb edən yüksəklikləri düşməndən azad etdilər.

Ulu Öndər Heydər Əliyev deyirdi: "Artıq Azərbaycanın müasir tələblərə cavab verə biləcək nizami ordusu vardır. Orduda lazımi nizam-intizam, qanun-qayda var və Azərbaycanın bugünkü ordusu, Silahlı Qüvvələri Azərbaycan torpaqlarını etibarlı müdafiə etməyə qadirdir. Biz buna çətin yollardan keçərək nail olmuşuq. Ancaq əldə etdiyimiz nailiyyət bizi arxayınlaşdırmamalıdır. Azərbaycanda ordunun inkişaf etməsi, möhkəmlənməsi dövlətimizin və xalqımızın ən əsas vəzifəsidir”.
Güclü Ordu həm də dövlət müstəqilliyinin zənamətidir. Ulu Öndər Heydər Əliyev siyasətini inamla davam etdirən Prezident İlham Əliyev ordu quruculuğu məsələlərini xüsusilə diqqət mərkəzində saxlayıb və Silahlı Qüvvələrimizin müstəqilliyimizin keşiyində dayanması üçün bir sıra əhəmiyyətli uğurlara imzalar atılıb. Bu illərdə Azərbaycan Ordusu ən müasir standartlar səviyyəsində gücləndirilib, döyüş imkanlarını hərb sənayesinin yeniliklərinə uyğun artırıb. Yenilikçi rəhbər olan İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi ordumuzun da müasir çağırışlarla ayaqlaşmasını təmin edib. O, eyni zamanda vurğulayıb ki, etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz.

Xatırlada bilərik ki, ölkə Prezidenti cənab İlham Əliyev hələ 2003-cü ildə andiçmə mərasimində çıxış edərkən demişdi: “Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.
Vətən müharibəsinə kimi ötən müddətdə sadalanan vəzifələr yüksək səviyyədə həyata keçirildi. Ordunun gücləndirilməsi ilə bağlı olduqca mühüm işlər görüldü, silahlı qüvvələrimizdə keyfiyyət və kəmiyyət dəyişikliklərinin yaranması reallaşdırıldı. 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Ordumuz işğal altında olan ərazilərimizin azad olunması üçün geniş hərbi əməliyyatlara başladı və 44 gün ərzində düşməni diz çökdürərək darmadağın etdi, ərazi bütövlüyümüz təmin olundu. Vətən müharibəsi silahlı qüvvələrimizin nəyə qadir olduğunu bir daha bütün dünyaya göstərdi. Bu savaş, eyni zamanda XXI əsrin ən sürətli, müasir və ədalətli müharibəsi kimi yaddaşlara həkk olundu.

Üçtərəfli Bəyannamədə Zəngəzur dəhlizi vasitəsilə nəqliyyat əlaqələrinin bərpası da ölkəmizin regiondakı lider mövqeyini bir daha təsdiqlədi. Bu tarixi nailiyyət, heç şübhəsiz ki, bölgənin, xüsusilə də muxtar respublikanın gələcək rifahı və tərəqqisində mühüm rol oynayacaq. Bu baxımdan, bir həqiqətdir ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsini şərtləndirən amillər əsgərlərimizin vətənpərvərliyi və yüksək döyüş ruhu ilə yanaşı, həm də Silahlı Qüvvələrimizin müasir hərbi imkanlara malik olmasıdır. Bu gün Silahlı Qüvvələrimiz Azərbaycan torpaqlarını etibarlı şəkildə müdafiə etməyə qadirdir.
Beləliklə, Ümummilli Lider Heydər Əliyev Azərbaycan Ordusunu yaratdı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev isə onu dünyanın ən güclüləri sırasına çıxardı. Ordumuz qarşısında duran tarixi missiyanı, yaradıcısı Ulu Öndər Heydər Əliyevin arzusunu və vəsiyyətini yerinə yetirdi. Bu gün Heydər Əliyevin ruhu rahatdır və bu qələbə həm də Ulu Öndərin ideyalarının təntənəsidir.
Hazırda güclü və qüdrətli Azərbaycan Ordusu və onun qalib əsgər və zabitləri Vətənin keşiyində mərd-mərdanə dayanıblar və Ana Vətən torpaqlarını göz bəbəyi kimi müdafiə edirlər.
Almaz HƏŞİMOVA,
YAP Füzuli rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB