Sülh və inkişafa xidmət edən diplomatik əlaqələr: Azərbaycan-Malayziya
PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycan ilə Malayziya arasında əlaqələrin inkişaf dinamikası bizi sevindirir"
MALAYZİYA KRALI: "Biz ürəkdən inanırıq ki, dövlətlərimiz arasında əməkdaşlıq gələcək illərdə də genişlənərək, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli münasibətlərin yeni sahələrini əhatə edəcək"
Bu gün Azərbaycan dünyanın ən nüfuzlu və sabit inkişaf etməkdə olan ölkələri arasında öz yerini kifayət qədər möhkəmləndirib. Bu da, təbii ki, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də son 19 ildə Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, iki il əvvələ qədər Azərbaycan dünyada Cənubi Qafqazın iqtisadi və hərbi gücü, nəhəng enerji və nəqliyyat infrastrukturlarının müəllifi, regionda söz sahibi olan aparıcı dövlət kimi tanınırdı. 2020-ci ilin Vətən müharibəsində isə bunların sırasına biri də əlavə olundu: Cənubi Qafqazın qalib dövləti. 44 günlük müharibədə qazanılan qələbə Azərbaycana dünyada olan ehtiramı daha da gücləndirdi, dövlətimizin nüfuzunu daha da artırdı. Azərbaycan öz gücü ilə tarixi ədaləti bərpa edib və yeni reallıqlar yaradıb. Bu isə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur. Və bunun nəticəsidir ki, Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır həmçinin, beynəlxalq təşkilatlarda fəaliyyəti çox müsbətdir. O cümlədən Azərbaycanla Malayziya arasında yaxın münasibətlər mövcuddur və siyasi, diplomatik əlaqələrimiz yüksək səviyyədədir. Bu əlaqələrin təsdiqi…
AZƏRBAYCAN VƏ MALAYZİYA LİDERLƏRİ ARASINDA MƏKTUB MÜBADİLƏSİNİN OLMASIDIR
Azərbaycan Prezidenti İlham Əliyevin Malayziyanın XVI Ali Başçısı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha ünvanladığı məktubda deyilir: "Əlahəzrət, Azərbaycan Respublikası ilə Malayziya arasında əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, dost xalqınıza ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram".
Məktubda o də vurğulanır ki, iki ölkə arasında dostluq münasibətləri daha da möhkəmlənəcək: "Biz Azərbaycan ilə Malayziya arasında dostluq münasibətlərinə böyük əhəmiyyət veririk. Ötən otuz illik dövr ərzində dövlətlərarası əlaqələrimizin inkişaf dinamikası, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bizi sevindirir. Ölkələrimizin beynəlxalq təsisatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığını vurğulamaq istərdim.
Bu gün ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün yaxşı imkanlar vardır. İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə dostluq münasibətlərimizi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızı bundan sonra da dərinləşdirəcəyik. Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Malayziya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
MALAYZİYANIN KRALI: "Malayziya ilə Azərbaycan arasında sıx səmimi münasibətlər mövcuddur"
Qeyd edək ki, Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni Almarhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billahın Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Ünvanladığı məktubda deyilir: "Zati-aliləri, 1993-cü il aprelin 5-də Malayziya ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Kraliça ilə birlikdə Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.
Son 30 il ərzində Malayziya ilə Azərbaycan arasında geniş əməkdaşlıq sahələrində qarşılıqlı hörmət və maraq doğuran məsələlərdə ortaq dəyərlər prinsipinə əsaslanan sıx səmimi münasibətlər mövcuddur. Biz ürəkdən inanırıq ki, dövlətlərimiz arasında əməkdaşlıq gələcək illərdə də genişlənərək, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli münasibətlərin yeni sahələrini əhatə edəcək. Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və rifah, həmçinin xalqlarımıza davamlı sülh, tərəqqi və firavanlıq arzulayırıq".
44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİNDƏ MALAYZİYAN AZƏRBAYCANIN HAQQ İŞİNİ DƏSTƏKLƏYİB
Malayziya ilə Azərbaycan arasında münasibətlər yükslən xətlə inkişaf edir. Çünki iki ölkə arasında mövcud əlaqələrin dostluq və qarşılıqlı anlaşma şəraitində, müsbət xətlə inkişaf edir. Belə ki, həyata keçirilən yüksək və müxtəlif səviyyəli qarşılıqlı səfərlər, ölkələr arasında siyasi, iqtisadi, investisiya, turizm və digər sahələrdə əməkdaşlıq Azərbaycan ilə Malayziya arasında əməkdaşlığın daha da genişləndirilməsinə təkan verir. Məhz bu əlaqələrin genişlənməsinin nəticəsidir ki, 44 günlük İkinci Vətən müharibəsində Malayziya Azərbaycanın haqq işini dəstəkləyib. Bu həm də Malaziyanın mətbuatında da geniş şəkildə bildirilib.
MALAYZİYA QƏZETİ: "Azərbaycan sülh, yaxşı qonşuluq və regional əməkdaşlığın qətiyyətli müdafiəçisidir"
Malayziyanın “Utusan Malaysia” qəzeti Azərbaycanın bu ölkədəki səfiri Qaley Allahverdiyevlə müsahibə əsasında geniş məqalədə 1980-ci illərin sonundan etibarən Ermənistan tərəfindən ölkəmizə qarşı ərazi iddiaları, bu iddiaların sonradan silahlı zorakılığa çevrilərək Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması ilə nəticələndiyini, Azərbaycan xalqının böyük müharibə məşəqqətləri ilə üzləşdiyini, o cümlədən Xocalı soyqırımı kimi ağır sınağa məruz qaldığını qeyd edib. Buna baxmayaraq, xalqımızın haqlı mübarizəsinin Azərbaycan Prezidentinin rəhbərliyi altında qələbə ilə yekunlaşdığını vurğulayan diplomat deyib: "Hələ müharibənin ilk günlərindən etibarən, - haşiyə çıxaraq qeyd edim ki, biz azərbaycanlılar buna Vətən müharibəsi deyirik, - Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə aydın şəkildə bildirmişdi ki, Ermənistan hər hansı şərt irəli sürmədən işğal etdiyi ərazilərimizdən çıxdığı təqdirdə, müharibə dayanacaq. Rusiya Federasiyasının təşəbbüsü ilə 9-10 noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatla atəşkəs əldə olundu. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan hökuməti tərəfindən mülki və döyüş nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün yollar minalardan təmizlənir, bərpa işləri aparılır. Biz sülhün, yaxşı qonşuluğun və regional əməkdaşlığın qətiyyətli müdafiəçisiyik. Azərbaycan Prezidentinin 11 yanvar tarixində Moskvada keçirilmiş görüş zamanı ifadə etdiyi fikirlərdən birini sitat gətirmək istəyirəm. Azərbaycan Prezidenti vurğulamışdır ki, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik".
Həmçinin səfir Q.Allahverdiyev 44 günlük Vətən müharibəsi zamanı Malayziyanın ilk münasibət bildirən ölkələrdən biri olduğuna diqqət çəkərək, Malayziya hökumətinin ümumilikdə münaqişə boyunca nümayiş etdirdiyi ədalətli mövqeyin Azərbaycan tərəfindən təqdirlə qarsılandığını vurğulayıb. Səfir malayziyalı investorları işğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək geniş bərpa və inkişaf layihələrinə qoşulmağa dəvət edib.
MALAYZİYALI JURNALİST: "Ermənistanın təkəbbürü cəmi 44 gün davam etdi"
Malayziyanın nüfuzlu "Utusan Malaysia" qəzeti Azərbaycanın 44 günlük Vətən müharibəsinin başlamasının ildönümü ilə bağlı geniş məqalə dərc edib.
Qəzetin xarici xəbərlər üzrə müxbiri Taqib Şaker tərəfindən qələmə alınan «Ermənistan-Azərbaycan müharibəsinin ildönümü» sərlövhəli məqalədə Ermənistanın 1980-ci illərdən etibarən Azərbaycana qarşı başlatdığı təcavüzkar siyasətin məğzi izah olunub, sonrakı dövrlərdə Ermənistanın apardığı siyasətin açıq və qanlı zorakılığa çevrildiyi və Azərbaycanın keçmiş Dağlıq Qarabağ vilayəti və ətraf rayonlarının işğalı ilə nəticələndiyi qeyd edilib. Müəllifə görə, Ermənistanın həmin illərdə işğalçılıq hissi o qədər şiddətlənib ki, hətta keçmiş Dağlıq Qarabağ vilayətindən kifayət qədər uzaqda olan Azərbaycan ərazilərini, misal üçün, Naxçıvan Muxtar Respublikasının Kərki kəndini də silah gücünə ələ keçirib.
T.Şaker yazır ki, ötən əsrin 90-cı illərində baş verən dəhşətli hadisələrdə Ermənistan tərəfi nəinki beynəlxalq çağırışlara və vasitəçilik cəhdlərinə məhəl qoymayıb, hətta 1991-ci il noyabrın 20-də Qarakənd faciəsini törədərək məsələnin dinc yolla nizamlanmasına çalışan 22 nəfər günahsız azərbaycanlını və xarici ölkə vətəndaşını helikopterdə qətlə yetirib. BMT qətnamələrini qulaqardına vuraraq öz işğalçı əməllərini davam etdirib. Müəllif hesab edir ki, Qafqaz regionunda Ermənistan kimi kiçik və inkişaf etməmiş ölkənin özünü beynəlxalq ictimaiyyət qarşısında bu qədər "cəsur" şəkildə aparması, o cümlədən azərbaycanlılara qarşı təkəbbürlü davranışı həmişə təəccüb doğurub. T.Şakerə görə, Azərbaycan məscidlərinin donuz tövləsinə çevrilməsi, iki il əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın həmin vaxtlar işğal altında olan torpaqlarında sərxoş şəkildə rəqs etməsi hadisələrin pik nöqtələrindən sayıla bilər.
Lakin müəllifin fikrincə, Ermənistanın belə təkəbbürlü davranışları, o cümlədən işğalçı əməlləri yalnız 44 günlük Vətən müharibəsinə qədər davam edib: "İndi isə Azərbaycan regionda sülh, təhlükəsizlik və əməkdaşlıq gözləyir. Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, artıq Dağlıq Qarabağ məsələsi həll olunub".
Malayziyalı jurnalist qeyd edib ki, bu Qələbədə ən vacib amil daim öz ölkəsini qoruyan və onu hər bir şəraitdə müdafiə edən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rolu ilə bağlıdır. Belə ki, Qələbənin əldə olunmasında məhz Azərbaycan Prezidentinin müharibə ilə bağlı dərindən düşünülmüş strategiyası öz bəhrəsini verdi: "Azərbaycan torpaqlarının işğaldan azad edilməsində tətbiq olunan hərbi strategiya və əməliyyatlar bu gün dünyanın aparıcı hərbi institutlarında və məktəblərində öyrənilir. Azərbaycanın bu müharibədə tətbiq etdiyi peşəkar hərbi planlama və innovativ texnologiyalar beynəlxalq ictimaiyyətin diqqətini ciddi şəkildə özünə cəlb edib. Lakin bu, Azərbaycanın uğurunun yalnız bir cəhətidir. Belə ki, müharibə dövründə Azərbaycan Ordusunun mülki vətəndaşları hədəfə almaması digər vacib cəhətdir. Prezident İlham Əliyev bütün müharibə boyunca hərbi rəhbərliyə birmənalı şəkildə tapşırmışdı ki, qəti surətdə mülki vətəndaşları hədəfə almaq olmaz. Bu isə Azərbaycanın müharibə dövründə humanitar öhdəliklərə necə sadiq qaldığını göstərir". Bir sözlə, bütün bunlar bir daha Baxmayaraq ki, həmin ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində mülki yaşayış məntəqələrini dağıtmış, hətta müsəlmanlar üçün müqəddəs olan məscidləri donuz və ya inək tövləsinə çevirmişdilər".
Bir sözlə, Azərbaycan və Malayziya liderləri arasında məktub mübadiləsinin bir daha onu göstərir ki, dövlətlərimiz arasında əməkdaşlıq gələcək illərdə də genişlənərək, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli münasibətlərin yeni sahələrini əhatə edəcək. Dövlət başçımızın dediyi kimi: "İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə dostluq münasibətlərimizi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızı bundan sonra da dərinləşdirəcəyik".
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB