"Qərb təşkilatları dövlətimizin müstəqil siyasətinə mane olmaq istəyir" - SİYASİ ŞƏRHÇİ RƏY BİLDİRDİ

"Qərb təşkilatlarının Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, ölkədə müəyyən dövrlərdə inqilablar həyata keçirmək, təxribat fəaliyyətləri ilə məşğul olmaq cəhdləri həmişə olub. Son illərdə də biz bunun şahidi oluruq". Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.

Onun sözlərinə görə, daim Azərbaycana qarşı qaralama, gözdən salmaq kampaniyası, həqiqətlərin əksinə olan siyasi gedişlər etməklə Qərb təşkilatları dövlətimizin müstəqil siyasətinə mane olmaq istəyirlər: "Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev öz qətiyyətli siyasəti ilə bütün fəaliyyəti boyu Azərbaycanın dövlətçilik və milli maraqlarını qoruyub saxlayıb. Bunu Qərb ölkələrinin müəyyən təşkilatları da yaxşı bilirlər. Bu onlarda ikrah hissi yaradır. Onlar müxtəlif vasitələrlə Azərbaycan dövlətinə təzyiq etmək istəyirlər".

Sahil Kərimli sözlərinə davam edərək bildirib ki, əvvəllər də onların bu addımları heç bir nəticə verməyib: "Əminəm ki, bundan sonra da bu belə davam edəcək. Əlbəttə ki, Azərbaycan dünyanın diqqət mərkəzindədir. Azərbaycan həm də bölgədə güc sahibi olan bir ölkə, əvəzedilməz tərəfdaşdır. Belə olduğu halda Azərbaycana olan maraq da artır. Bu da Qərb təşkilatlarını qıcıqlandırır. Onlar istəyirlər ki, bədxah əməlləri ilə nəyəsə nail olsunlar. Amma həmişə olduğu kimi bundan sonra addımları nəticəsiz olacaq".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə