"Lələtəpədə ucalan bayrağımızın Şuşada da dalğalanacağına əmin idik" - DEPUTAT BİLDİRDİ

"7 il əvvəl 2016-cı il 1-5 aprel tarixlərində baş verən “Aprel döyüşləri”ndə Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində ardıcıl təxribatlarına cavab olaraq əks-əməliyyatı keçirildi və qazanılmış tarixi qələbə Azərbaycan Ordusunun qələbə əzmini göstərdi. Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan Ordusu istənilən vaxtda Böyük Qələbəni qazanmağa qadirdir. Həqiqətən də 4 günlük döyüşlərdə hərbi sahədə qazanılan uğurlar, azad olunan strateji yüksəkliklər Azərbaycanın mövqelərini daha da gücləndirdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, döyüşlərdə iştirak edən hərbçilərimizin söylədiklərindən də aydın olur ki, yüksək rütbəli erməni hərbçiləri öz yaralı əsgərlərini postlarda qoyub qaçırdılar: "Bu, həm də şəxsi heyətin mənəvi-psixoloji hazırlığını qiymətləndirməyə imkan verir. Azərbaycan əsgəri isə hər zaman döyüşə hazır olub. Çünki öz ərazilərimizi azad etmək üçün döyüşürdü. Qarşı tərəf isə özgə torpağında idi və burada müvəqqəti olduğunu, gec-tez bu ərazilərdən qovulacağını dərk edirdi. Eyni zamanda Azərbaycan Ordusunun ilbəil artan hazırlıq səviyyəsi düşməni vahiməyə salırdı. Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, işğal edilmiş torpaqlarda, Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək".

Deputat sözlərinə davam edərək bildirib ki, artıq Lələtəpədə ucalan üçrəngli bayrağımızın qısa vaxtda Şuşada dalğalanacağına əmin idik: "Cocuq Mərcanlı isə Böyük Qayıdışın başlanğıcı oldu. Aprel zəfəri insanların əzmini, ümidini özünə qaytardı.

2018-ci il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən hərbi paradda Ali Baş Komandan İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün mütləq bərpa olunacağını bəyan etdi: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”.

2020-ci il 27 sentyabrda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı dəmir yumruq kimi birləşərək bütün dünyaya sübut etdi ki, onun iradəsini sarsıtmaq, işğalla barışmağa məcbur etmək mümkün deyil. Beləliklə, 44 günlük Vətən müharibəsi nəticəsində işğalçı ölkə diz çökməyə, kapitulyasiyaya məcbur oldu. Bu savaşda həmçinin aprel döyüşlərində şəhid olan qəhrəmanlarımızın da qisasını aldıq. Böyük əzmkarlıqla düşmənə qarşı mübarizə aparan və ərazi bütövlüyümüz uğrunda canından keçən aprel şəhidlərimiz gənc nəsillər üçün də əsl qəhrəmanlıq nümunəsi sərgilədilər. Həmin gənc nəsil 2020-ci il 44 günlük Vətən Müharibəsində düşməni məhv edərək tarix yazdı. Beləliklə, Aprel döyüşlərində başlanan əməliyyat uğurla sona çatdı".

Bütün xəbərlər Facebook səhifəmizdə