“Mart soyqırımına hüquqi qiymət verilməsini tələb etməliyik” - MÜNASİBƏT BİLDİRİLDİ
“Ermənistanın Azərbaycana qarşı hərbi cinayətləri son 100 ildir davam edir və 31 Mart soyqırımı azərbaycanlıların və türklərin sırf milliyətinə görə qətlə yetirilməsidir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, bu hadisələr 100 ildən çoxdur ki, baş verib və soyqırım müharibə tarixinin ən böyük cinayəti sayılır: “Bu qanlı və dəhşətli hadisələr həmvətənlərimizin və ulu babalarımızın Qərbi Azərbaycan torpaqlarından deportasiyasının əsasını qoymuşdur”.
Vüqar Əhmədov sözlərinə belə davam edib: “Bu məsələləri biz beynəlxalq səviyyədə daimi gündəmə gətirməli və hüquqi qiymət verilməsini tələb etməliyik. Bu gün də başqa miqyasda Ermənistanın bu soyqırımı siyasəti davam edir. Qarabağda qalan erməni hərbi birləşmələri mülki əhalimizin yaşadığı ərazilərdə son istehsal tarixi olan piyadalar əleyhinə minalar basdıraraq əli yalın və silahsız insanların ölümünə və yaralanmasına səbəb olurlar. Bunun özü də soyqırımın bir formasıdır.
31 Mart 1918-ci il sübut edir ki, erməni qəsbkarları son 100 ildir azərbaycanlılara, günahsız insanlara qarşı amansız işgəncələr həyata keçiriblər. Dünya birliyi, Avropa İttifaqı və BMT mütləq ermənilərin bu qanunsuzluqları ilə bağlı qətnamələr qəbul etməli və Azərbaycan beynəlxalq ədalət məhkəmələri vasitəsi ilə Ermənistandan rəsmi təzminat tələb etməlidir. Bu soyqırım aktları ilə bağlı yetərincə fokofaktlar və sübutlar mövcuddur”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB