Azər Badamov: "Ketrin Kolonnanın Azərbaycana səfərinin heç də xoşniyyətli olmadığını hesab edirəm"
Millət vəkili Azər Badamovun "Səs" qəzetinə müsahibəsi
- Azər müəllim, Azərbaycan ordusunun keçirdiyi son əməliyyatla Xankəndi ətarfındakı mühüm yüksəkliklərə nəzarət etməsi, sonrakı proseslərdə davam etdirilməsi nə dərəcədə gözləniləndir?
- Qarabağda ermənilərin məskunlaşdığı dağlıq əraziləri Azərbaycanın suverən torpaqlarıdır. 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanata əsasən bu ərazilərdə təhlükəsizliyin təmin edilməsi məqsədilə müvəqqəti olaraq Rusiya sülhməramlıları yerləşdirilmişdir. Amma bu, sülhməramlıların müvəqqəti yerləşdirilməsi erməni separatçılara dəstək göstərilməsi üçün orda olması anlamına gətirməməlidir. Azərbaycan ordusu döyüş meydanında öz torpaqlarını erməni işğalçılardan təmizləyərək ölkə ərazisinin bütövlüyünü təmin etmişdir. Bundan sonra Ermənistana torpaqlarımızda öz çirkin niyyətlərinin yenidən həyata keçirilməsinə heç vaxt imkan verilməyəcəkdir. Ona görə də, bir neçə gün əvvəl əməliyyat keçirməklə müzəffər ordumuz Xankəndidən çıxan torpaq yollarda hərbi məqsədlər üçün gizli daşımaların həyata keçirilməsinin qarşısını almışdır. Bu, həm də Azərbaycan ordusunun öz torpaqlarında istənilən zaman antiterror əməliyyatları aparmağa hazır olduğunun göstəricisidir. Hesab edirəm ki, növbəti əməliyyat Laçın yolunun Ermənistanla birləşən yerdə nəzarət keçid məntəqələrin yaradılması ilə bağlı olmalıdır. Bizə öz məqsədlərimizə çatmağımıza heç kim mane ola bilməz. Lazım gələrsə Dəmir yumruğumuzu bir daha nümayiş etdirə bilərik.
- Rusiya müdafiə nazirliyi növbəti dəfə Azərbaycanın keçirdiyi son əməliyyata özünəməxsus şəkildə rəy verməyə çalışdı. Rusiyanın yenə də 10 noyabr razılaşmasından kənara çıxması nəyə hesablanıb?
- Rusiyanın Müdafiə Nazirliyi təəssüf ki, son əməliyyatla bağlı özünəməxsus rəy bildirdi. Bu rəy və sülhməramlıların hərəkətləri Rusiyanın regionda sülhün yaranmasını istəmədiyini düşüncəsini ortaya qoyur. Əgər belə olmasaydı, Rusiya sülhməramlıları separatçılara dəstək vermək əvəzinə Ermənistandan Üçtərəfli Bəyanatın icra olunmamış 4, 6 və 9-cu bəndlərin icrasını tələb edərdi. Həm də ermənilərin hərbi kolonun qabağına düşüb Rusiya bayrağı altında gizlin yollarla hərbi məqsədli daşımalar həyata keçirməzdi. Azərbaycan bütün qonşu ölkələri ilə dostluq münasibətlərini davam etdirilməsinə və möhkəmləndirilməsinə çalışır. Gərək qonşularımız da Azərbaycanın sərgilədiyi mövqeyinə hörmətlə yanaşsın. Hesab edirəm ki, ölkələr arası münasibətlər qarşılıqlı hörmət üzərində qurulmalıdır.
- Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycana səfərə gəlir. Fransa od içində olduğu bir məqamda bu məmurun Bakıya gəlməsi nə ilə bağlı ola bilər?
- Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Azərbaycana səfərinin heç də xoşniyyətli olmadığını hesab edirəm. Çünki nazir bir neçə gün əvvəl ermənipərəst mövqeyini açıqlamışdır. Əgər Parisdə açıqladığı ermənipərəst mövqeyini Azərbaycanda da davam etdirmək istəsə, ələbəttə ki, onun özünə uyğun cavabı da alacaqdır. Azərbaycanın iradəsini və milli maraqlarına uyğun siyasətinin davam etdirilməsi əzmini heç kim qıra bilməz. Ketrin Kolonna və onun prezidenti Emanuel Makron Azərbaycana yol göstərməyin əvəzinə ölkəsindəki özbaşınalıqlarla məşğul olaraq öz vətəndaşları üçün bir gün ağlasa, daha yaxşı və hörmətli olardı.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB