"Ermənistan Azərbaycanın şərtlərini qəbul etməlidir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“30 illik münaqişə dövründə danışıqlar zamanı hansısa nəticəyönümlü situasiya yarananda Ermənistan həmişə bu və ya digər formada prosesi pozub. Ya yeni mürtəce təklif və tələblər irəli sürməklə, ya müzakirələrdən yayınmaqla, ya atəşkəsi pozaraq vəziyyəti gərginləşdirməklə, ya da hətta fasilə adı ilə görüşdən çıxıb geri qayıtmamaqla”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, Vətən müharibəsindəki qələbəmizlə münaqişəyə son qoyduqdan sonra cənab İlham Əliyevin dayanıqlı sülhə nail olmaq istiqamətində həyata keçirdiyi səylər çərçivəsində də biz ermənilərin ənənəvi pozucu fəaliyyətinin şahidi olmaqdayıq: “Sadəcə bu dəfə Ermənistan əvvəlki dövrün təcrübəsindən fərqli olaraq, torpaqları işğalda saxlayan, yüksəkliklərə hakim olan tərəf yox, mövcudiyyəti bizim iradəmizdən asılı olan subyektdir”.

Deputat sözlərinə belə davam edib: “Azərbaycan mümkün sülh prosesini, eləcə də sərhədlərin delimitasiya və demarkasiyasını dinc yolla həyata keçirmək niyyətindədir. Lakin proseslərin qansız-qadasız reallaşması naminə biz daha 30 ilimizi qurban vermək fikrində deyilik və nəyin bahasına olur-olsun milli maraqlarımız təmin olunacaq.

Təsadüfi deyil ki, dövlət başçımız da İrəvana 2023-cü ilin son şans ili olduğunu açıq formada bəyan edib. İndi növbə Ermənistanındır, ya verilən şansdan istifadə edəcək, ya da cənab Prezidentin Talış kəndindən də bəyan etdiyi kimi, “sülh Ermənistana lazım deyilsə, bizə də lazım deyil. Ondan sonra görək, baxaq bunun axırı nə olacaq?”.

Ermənistan dövlət kimi mövcudiyyətini qorumaq istəyirsə ən qısa müddətdə sülh prosesində səmimi davranış göstərməli, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan şərtlərini qəbul etməlidir, əks halda onlar üçün 29 min km2 rahat yaşayışdan söhbət gedə bilməz. Bu bir təhdid deyil, bu tezliklə sülh müqaviləsi imzalanmazsa bütövlükdə onları gözləyən situasiyadır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə