“Rusiya-Ukrayna müharibəsi artıq dünyada yeni siyasi arxitektura qurulmasını sürətləndirib və yeni siyasi mənzərə formalaşdırılır. Qütbləşmə daha sürətlə davam edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
Onun sözlərinə, görə bir qisim ABŞ-ı, digəri Rusiyanı dəstəkləyir və yerdə qalanlar də neytral mövqedədir: “Artıq bunlar açıq-aydın görünür. Bu dünyada yenilənmənin labüd olmasını göstərir. Cənab Prezidentin söylədiyi kimi, BMT yenilənməli, dünyada siyasi proseslərdə bir neçə dövlətin söz sahibi olmasını yox, daha çox dövlət və qitələrin bütün bu proseslərdə iştirakının vacib olduğunu sübut edir.
Müharibə sürətlə davam edir. Çox təəssüf ki, iki slavyan xalqın övladları hər gün yüzlərlə itki verirlər. Hələ də müharibəsinin dayanmasını istəməyən qüvvələr bütün gücü ilə silahlandırmanı davam etdirirlər. Rusiyanın çöküşünü yaxınlaşdırmaq üçün Ukraynanı silah və maliyyə resursları ilə təmin edirlər. Bu müharibədə təkcə iki ölkə yox, digərləri də öz mənfi nəticələrini alacaqlar. Həm iqtisadi, həm siyasi, həm də geosiyasi anlamda dünya çox böyük bir krisiz yaşamaqdadır.
Əlbəttə ki, gün keçdikdə Ukraynada şəhər və kəndlərin dağıdılması, Rusiyanın itkilərinin artması, hər iki tərəfin hələ də danışıqlarda maraqlı olmaması hökm sürür. Çünki Rusiyanın konkret hədəfləri var və bu məqsədə çatdıqdan sonra hər hansı bir danışığa gedəcək. Ukraynanın da öz şərtləri var”.
Deputat sözlərinə belə davam edib: “Düşünürəm ki, hələlik bu müharibənin sonu görünmür. Müharibənin bitməsində maraqlı olan Azərbaycan, Türkiyə və Çin prezidentləri əllərindən gələni edirlər. Müharibəsinin dayandırılması üçün edilən bütün cəhdlər alqışlanmalıdır. Biz də Azərbaycan olaraq bu müharibənin tezliklə dayandırılması, sülh əldə olunmasını və siyasi danışıqlar yolu ilə problemlərin həll olunmasının tərəfdarıyıq. Azərbaycan bu gün bütün ölkələrin sərhəd toxunulmazlığını, suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir. Çünki Azərbaycan özü də 30 ilə yaxın işğaldan əziyyət çəkən ölkədir və bunun beynəlxalq hüquqa zidd, cinayət olduğunu bilir. Azərbaycan öz suverenliyini Ali Baş Komandan və Şanlı Ordusunun köməyi ilə bərpa edib. Biz heç bir xalqa müharibə arzulamırıq.
Rusiya-Ukrayna müharibəsinin gedişində hələlik son nəticə hiss olunmur. Hər iki tərəf daha sürətlə vuruşur və yeni hücum taktika planları hazırlayır. Bu isə onu deməyə əsas verir ki, hələlik sülh görünmür. Təəssüf ki, vəziyyət belədir. Düşünürəm ki, bütün müharibələrin sonu masa arxasında, kağız-qələmlə yekunlaşır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB