Siyasi dialoq inkişafımıza köməkdir – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Siyasi dialoq inkişafımıza köməkdir – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Ölkəmizdə siyasi dialoqun formalaşdırılmasına, təkmilləşdirilməsinə göstərilən təşəbbüslər bilavasitə dövlətin və cəmiyyətin, demokratiyanın inkişafı, hüquqi mühitin qorunması, dayanıqlı olması, iqtisadi azadlığın bərqərar edilməsi, siyasi partiyaların ümummilli məsələlərdə bir araya gəlməsi baxımından çox əhəmiyyətlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə, istər beynəlxalq aləmdə, istərsə də respublika daxilində münasibətlərin normallaşdırılması, aydınlaşdırılması, yaxşılaşdırılması üçün əməkdaşlığın genişləndirilməsinə, dialoqların təşkilinə ehtiyac olduğunu gündəmə gətirmiş, problemlərin həllində danışıqların ən doğru yol olduğunu bildirmişdir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, dövlətimizin rəhbərinin keçirdiyi saysız-hesabsız görüşlər, verdiyi müsahibələr, xarici ölkələrə səfərləri, təşkil olunan forumlar, beynəlxalq əhəmiyyətli tədbirlər bunun əyani nümunəsidir.

“Beynəlxalq aləmdə olduğu kimi, siyasi dialoqa ölkə daxilində sağlam münasibət bəslənilməsi 44 günlük müharibə günlərində öz əyani ifadəsini göstərmişdir. Həmin günlərdə ölkədə fəaliyyət göstərən əksər siyasi partiyalar bir araya gəlmiş, milli mənafeyimiz, torpaqlarımızın azadlığı, düşmənin məhvi üçün yekdil mövqedən çıxış etmişlər. Cənab İlham Əliyevin: “Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var” fikirləri çətin döyüşlər zamanında özünün varlığını, həqiqiliyini sübut etdi. Müstəqilliyimiz, dövlətçiliyimiz, milli maraqlarımız, taleyüklü məsələlərimiz olduğu yerdə müxalifətçilik ola bilməz. Son illər normal, sivil dialoqa münasibətlərə meydan verilməsi, təşəbbüslər göstərilməsi məhz buna xidmət edir.

“Siyasi partiyalar haqqında” Qanunun qəbul edilməsi, siyasi partiya rəhbərləri ilə keçirilən çoxsaylı görüşlər, dialoqların genişləndirilməsinə göstərilən təşəbbüslər məhz ölkədə siyasi mühitin sağlamlaşdırılmasına hesablanmışdır. Göstərilən cəhdlər öz nəticələrini vermiş və ölkənin iqtisadi cəhətdən inkişafına, demokratik təsisatların genişləndirilməsinə, söz, mətbuat azadlığına zəmin yaratmışdır. Ancaq belə bir şəraitdə aqressiv müxalifətin çıxışları, onların böhtan və yalan xarakterli bəyanatları cəmiyyəti narahat etməklə, nifrətlə qarşılanmaqdadır. Bu əməllər uğurlarımıza kölgə salmaq, qara yaxmaq cəhdindən başqa bir şey olmasa da təəssüf doğurur. Ancaq əldə etdiklərimizin, qazandıqlarımızın müqabilində bu çıxışlar, bəyanatlar zərrədir. Azərbaycan xalqı bunu belə dəyərləndirir və xalqın ən vacib olan qiymətidir”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə