Fransalı nazir Katrin Kolonnanın sərsəm fikirlərinə cavab

Fransanın xoşuna gəlsə də, gəlməsə də Azərbaycan müstəqil siyasət yürütməyə davam edəcək

Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna parlamentdə çıxış edərək Laçın-Xankəndi yolunun bağlanması və oradakı ermənilərin humanitar-iqtisadi blokadaya alınması barədə sərsəm fikirlər səsləndirib. Fransalı nazir Azərbaycanla diktə dilində danışaraq blokadanın götürülməsini tələb edib və gələn ay həm Bakıya, həm də İrəvana səfər edəcəyini bildirib. Fransanın xarici işlər naziri qismində danışan şəxsin bu cür açıqlaması təəccüb doğurur.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.

Deputat deyib: “Kolonna hələ də anlamır ki, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü həm də Laçın-Xankəndi yolu üzərində mövcuddur. O bilməlidir ki, Laçın-Xankəndi yolu bağlanmayıb. Bu ərazidə kommunikasiya, nəqliyyat əlaqələrinin açılması məsələsini Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdən etibarən tələb edən ilk ölkədir. Digər tərəfdən Fransanın xarici işlər naziri anlamalıdır ki, bu yolda ictimaiyyət nümayəndələrinin, ekofəalların iştirakı ilə, sadəcə, dinc etiraz aksiyası keçirilir”.

T.Gəncəliyev vurğulayıb ki, Laçın-Xankəndi yolu 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatdan bəri qeyri-qanuni daşımalar üçün istifadə edilib, ərazidən silah-sursat, minalar, hərbçilər daşınıb. Qarabağda hələ də erməni silahlı birləşmələri qalmaqdadır. Təəssüf ki, K.Kolonna bunları öz çıxışında qeyd etmədi. Bu, bizi bir daha əmin edir ki, bu şəxsin danışığında və səfərlərində məqsəd öz ambisiyalarını həyata keçirməkdir. Bu şəxs separatçıların vəkili qismində çıxış etməklə özünə xal qazanmaq istəyir. Fransanın və onun hansısa rəsmisinin Azərbaycanla ultimatum dilində danışması yolverilməzdir.

Azərbaycanın regionun qlobal siyasət yürüdən və qlobal çağırışlara cavab verən ölkəsi olduğunu qeyd edən deputat diqqətə çatdırıb ki, Fransanın xoşuna gəlsə də, gəlməsə də Azərbaycan milli maraqlara əsaslanan müstəqil siyasət yürütməyə davam edəcək.

"Ermənistan da birdəfəlik anlamalıdır ki, Azərbaycan Avropa İttifaqının bəzi üzv ölkələri, o cümlədən Fransanın tələbləri ilə oturub durmayacaq. Fransa hazırda dünyada və Avropada itirdiyi nüfuzunu bərpa etməyi düşünür. Prezident Makronun Afrikaya səfəri zamanı keçirdiyi mətbuat konfransında düşdüyü çətin vəziyyət hər kəsə bəllidir. Beynəlxalq hüquqdan danışan Fransa bu kontekstdə oynadığı rolu bir daha nəzərdən keçirməlidir. Bu ölkə öz qaranlıq keçmişini unutdurmaq və imicini qaytarmaq üçün keçmiş müstəmləkə xalqları qarşısında üzr istəməli, siyasətini dəyişməlidir. Təəssüf ki, biz bunu görmürük”, - deyən Tural Gəncəliyev bildirib ki, Fransa xarici işlər naziri K.Kolonnanın Laçın-Xankəndi yolu ilə bağlı qərəzli bəyanatı onların yürütdüyü çirkin siyasətin təzahüründən başqa bir şey deyil. Fransanın digər ölkələrlə hədə və təhdidlə, diplomatik həmkarları və tərəfdaşları ilə xoşagəlməz dildə danışması qəbuledilməzdir.

Bütün xəbərlər Facebook səhifəmizdə