“Almaniya Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə tərəfdardır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Bildiyiniz kimi cənab Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatdı. Düşünürəm ki, səfər gözləntilərdən də uğurlu alındı. Bunun üçün həm İlham Əliyevin, həm də Almaniya kansleri Olaf Şoltsun birgə mətbuat konfransına nəzər salmaq kifayət edər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, orada çox açıq suallara qarşı faktlar təqdim olundu: “Bir daha Almaniyanın da həm Qarabağla bağlı, həm də regiondakı iqtisadi əlaqələrlə bağlı mövqeyi bəlli oldu. Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan Almaniya Respublikası Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə tərəfdardır”.
Deputat sözlərinə belə davam edib: “Almaniya Azərbaycanın bütövlükdə Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunu yüksək qiymətləndirir.
Azərbaycan Almaniya ilə Avropa İttifaqı tərkibində əməkdaşlıq edib. Bu görüşdə isə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələsi xüsusi vurğulandı. Cənab Olaf Şoltsun da qeyd etdiyi kimi Ermənistan-Azərbaycan münasibətlərinə Almaniya rəsmi mövqeyi ölkə başçısı İlham Əliyevin mövqeyiylə üst-üstə düşür. Yəni Almaniya da bir çox ölkə kimi Azərbaycanı dəstəkləyir. Təbii ki bu dəstək haqlı olmağımızdan irəli gəlir. Müzakirə olunan bütün məsələlər qlobal səviyyədə olduqca zəruri məsələlərdir. Hazırda Azərbaycan bərpaolunan enerji sahəsində çox yüksək tərəfdaşlıqlar qazanır. Düşünürəm ki, Almaniya da bu tərəfdaşlar sırasındadır. Həmçinin, cənab Prezidentin iş adamlarıyla da səmərəli görüşü keçib. Ümid edirəm ki, Almaniya biznes mühiti Azərbaycanda axtardıqları investisiya mühitini tapacaqlar. Bu məqsədlə ölkə başçısı iş adamlarını ölkəmizə səfərə dəvət edib.
Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllinə öz töhfəsini verməkdədir. Zəngin neft-qaz ehtiyatlarına malik olan respublikamız yaxın gələcəkdə Avropa Birliyi ölkələri ilə daha sıx əməkdaşlıq edəcəkdir. Bu gün Azərbaycanla Almaniya arasında mövcud olan münasibətlərin səviyyəsi onu deməyə əsas verir ki, Azərbaycan Avropa İttifaqına və digər avrostrukturlara inteqrasiya prosesində rəsmi Berlinin hərtərəfli dəstəyinə ümid edə bilər. Almaniya isə Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB