Fransanın islamafob problemi - ANALİTİK

Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilib. Təbii ki, tədbirin keçirilməsinə zərurət, səbəb yaranmasa idi dünyanın bir səra ölkələrindən nümayəndələr paytaxtımıza toplanmazdı. Səbəblərdən biri də bu gün dünyanın bəzi ölkələrində, xüsusən də Avropanın “demokratiya” və “insan haqları” ilə “doymuş” cəmiyyətlərində islama, müsəlmanlara qarşı aparılan təcridedici, ayrıseçkilik və hətta düşmənçilik siyasətidir. Fransada, İsveçdə, Niderlandda, Danimarkada, Belçikada islam dininə qarşı, müsəlmanlara qarşı artan təzyiqlər diqqətdən yayınmamalıdır. PKK-ya verdiyi dəstək və bu terror təşkilatına öz ərazisində loqistik mərkəzlərin yaradılmasına imkan yaratdığı üçün İsveçin NATO-ya daxil olmasına qarşı veto hüququndan istifadə edən Türkiyənin Oslodakı səfirliyi qarşısında müqəddəs “Quran-i Kərim”i yandırılması da islamafob yanaşmadır.

Bakıda keçirilən konfransın əsas məqsədi də beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Qeyd edək ki, konfransda 32 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir. Müzakirələrdə islamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzuları ətrafında fikir mübadiləsi aparılır və yaxın gələcəkdə başvermə ehtimalı hər an keçdikcə yüksələn risklərin aradan qaldırılma yolları aranır.

İslamafob – “islam qorxusu”...

Mənbələrdə İslamofobiyanın "İslam qorxusu" mənasını verdiyi yazılıb. Bu termin İslamdan və müsəlmanlardan çəkinməni ifadə edir. Bu gün Avropada və hətta okeanın o tayında islamofobiya təbliğatı ilə islam dininin təsirindən necə qurtulmaq, ona yaxın gedənlərə bundan qurtulmağın yollarını “başa salmaq”la sanki insanlara yardım etmiş kimi özlərini təqdim edirlər. Qərb ideoloqlarının ən çox qorxduğu islam dini ilə tanış olmaq və daha çox gənclər arasında geniş yayılan meyllilikdir. Onlar düşünürlər ki, əgər qərbli, daha konkrüt desən xristian gənclər İslam dinini anlamaq və öyrənmək istəsələr fəlakət baş verəcək. Ona görə də bu qorxu ilə bərabər, müsəlmanlara qarşı ayrı-seçkilik və düşmənçilik toxumu da səpilir.

Bu gün "islamofobiya" dedikdə həm islam qorxusu, həm də bu qorxudan doğan və bütün müsəlmanlara qarşı olan nifrət hissi nəzərdə tutulur. Tarixi qaynaqlarda başqa bir maraqlı səbəb də var. Bu da İspaniyada Əndəlusun müsəlmanlar tərəfindən fəth edilməsi ilə əlaqədardır. Bu təbliğat xaç yürüşlərinə əsgər toplamaq məqsədilə kilsə nümayəndələri tərəfindən aparılmışdır. 11 sentyabr 2001-ci ildə Nyu York şəhərində baş verən terrorun müsəlmanlar, “islam terrorçuları” tərəfindən törədilməsi barədə məlumatların media üzərindən yayılması da islama qarşı nifrət toxumunun səpilməsinə hesablanmışdı. Bu hadisədən sonra müsəlmanlara qarşı yeni hücum dalğasının başlanması da təsadüfi sayıla bilməzdi. 8 il bundan əvvəl, 14 mart 2015-ci ildə Çexiyada keçirilən "Biz İslamı istəmirik" adlı nümayişdə spikerin çıxışı da islama qarşı aparılan hücumlarda katalizator rolunu oynadı.

Avropadan fərqli olaran Azərbaycanda milli və dini azadlığın inkişafı üçün hər bir şərait yaradılıb. Ölkəmizdə, hər bir islam və digər dini icmalar, qanunvericilik çərçivəsində, sərbəst qeydiyyatdan keçmək və fəaliyyət göstərrmək imkanına malikdir. Bəzi Qərbi Avropa ölkələrində (Fransa, Belçika, İsveç, Niderland və s.) son onillikdə islamafobiya geniş yayılıb. Belə ideologiyanın dəstəklənməsi ekstremist qüvvələrin baş qaldırması və yayılmasına zəmin yaradıb. Bu tendensiyaların geniş vüsət almasının əsas səbəblərindən biri həmin ölkələrdə rəsmi dairələri tərəfindən müvafiq siyasətin aparılmasıdırr. Bir sıra Avropa ölkələrində, irqi, milli və dini zəmində baş vermiş dəhşətli cinayətlər bu fikri bir daha təsdiqləyir. Norveçdə Breyvik adlı şəxsin əsasən müsəlman olan 69 gənc oglan və qızları vəhşicəsinə qətlə yetirməsi, Almaniyada ekstremist qrupları tərəfindən yerli türklərə qarşı mütəmadi terror aktları, 2023-cü ildə İsveçin paytaxtında, Türkiyə səfirliyi qarşısında polisin nəzarəti və birbaşa təhlükəsizlik tədbirləri həyata keçirməklə “Quran” kitabının yandırılması Avropa cəmiyyətinin aşındığına dəlalət edən faktlardır. İslamofobiya, əsasən Qərb ölkələrində yayılıb, Avropa və Amerikada yaşayan müsəlmanların əksəriyyəti öz canlarının daim təhlükə altında olduqlarını qeyd edirlər. Burada Qərb mediasının, təbliğat maşınının rolu da az deyil.

Azərbaycanda dini konfessiyalar və münasibətlər

Hər il müqəddəs Ramazan ayında Azərbaycanda fəaliyyət göstərən müxtəlif dinlərin nümayəndələrini bir masa ətrafına toplanması, xüsusən də bu mərasimlərdə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı onu deməyə əsas verir ki, ölkəmizdə dini konfessiyalar arasında münasibətlərin bütün norma və prinsiplər əsasında inkişaf etməsində dövlətimiz maraqlıdır, İslam həmrəyliyinin və multikultural mühitin qorunması prioritet istiqamətlərdəndir.

Əslində multikultural dəyərlərdən imtina etmək cəmiyyətə yaxşı heç nə vəd etmir. Bu baş verərsə anlaşılmazlıq, fobiya, qarşıdurma, milli və dini münaqişələr qaçılmaz olar. Cəmiyyətlərin inkişafı da bundan asılıdır. Qərb ölkələrinin başçıları baş verənlər qarşısında susduqlarına görə İslamofobiya davam etdirilir. Baş verənlər fonunda fəaliyyətsizlik nümayiş etdirmələri müsəlmanların əsas hüquqlarından məhrum olmalarına gətirib çıxarır. Son dövrlər dünyada əhali artımı, miqrasiya, ksenofobiya, terrorizm, ekstremizm, rasizm, qarşılıqlı dözümsüzlük hallarının artması bəşəriyyəti bir sıra qlobal problemlərlə üz-üzə qoyub. Müasir dünyada ən önəmli məsələlərdən biri olan mədəniyyətlərarası dialoqu nəzərə alaraq, Azərbaycan 2011-ci ildən başlayaraq Bakıda iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edir. Azərbaycanda 2016-cı ilin 25-27 aprel tarixlərində BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilib. BMT-nin tribunasından istifadə edərək, Azərbaycan bir daha öz multikulturalizm ənənələrini göstərib, dünya ölkələrini mədəniyyətlərarası tolerantlıq və sivilizasiyalararası dialoqa hörmət etməyə çağırıb. Bu səbəbdən də dünya siyasətçilərinin yaranmış vəziyyəti stabilləşdirmək məqsədi ilə Azərbaycanın paytaxtında Bakıya toplaşması təsadüfi deyil.

Bakı konfransında danışılanlar

BMT baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Bakıda keçirilən beynəlxalq konfransda bildirib ki, İslamofobiyaya qarşı birlikdə mübarizə aparmalıyıq: “Biz birlikdə İslamı sülh və monoteizm dini kimi təbliğ etməklə islamofobiyaya qarşı mübarizə aparmalıyıq. 15 mart Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan edilib. İslamofobiya ilə mübarizə günü niyə elan edildi? Çünki bu, ksenofobiya, dözümsüzlük kimi problemlərin yanında dayanır. Müsəlmanların öz mənşəyi ilə fəxr etmək haqqı var. Ümid edirik ki, iki gün ərzində biz İslama necə hörmətlə yanaşmaq və islamofobiyaya qarşı birgə mübarizə aparmaqla bağlı mühüm məsələləri müzakirə edəcəyik”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov isə çıxışında qeyd edib ki, cəmiyyətlər islamofobiyaya qarşı mübarizə aparmalıdır: “Fransada biz islamofobiyanın bir çox təzahürlərini müşahidə edirik. Mən boş yerə Fransanın adını çəkmədim. Çünki Fransada hazırda 5 milyon müsəlman yaşayır. Müsəlmanlıq bəzi cəmiyyətlərdə marginallaşdırılır. Lakin bu, cəmiyyətlərdə dini ayrı-seçkiliyin təməlini atan əsas səbəblərdəndir”.

İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlu beynəlxalq konfransda çıxışı zamanı deyib ki, İslamofobiyanın siyasiləşdirilməsi məsələsinə toxunmalıyıq: “İslamofobiya ilə bağlı Avropa İnsan Haqları məhkəməsində də qərarlar qəbul edilib. Biz qəbul etməliyik ki, islamofobiya ciddi bir məsələdir və buna dəqiq yanaşmalıyıq. İslam Qərb üçün də yerli din sayılır, ona yad deyil. Avropa müsəlmanlarının sayı milyonlarladır. Müsəlman sivilizasiyasının Qərb sivilizasiyasına verdiyi töhfələr araşdırılmalıdır”.

Pakistan Müsəlman İnstitutu Düşüncə Mərkəzinin rəhbəri Sultan Əhməd Sahibzadə bildirib ki, Azərbaycan müsəlman aləmində də mühüm rola malikdir. Azərbaycan təkcə regionda, qlobal arenada yox, həm də müsəlman aləmində də mühüm rola malikdir. Hər bir dində başqa bir dinə, onun dəyərlərinə, müqəddəs yerlərinə hörmət aşılanır. Lakin Ermənistan Azərbaycan torpaqlarını 30 il işğal altında saxladığı dövr ərzində vandallıq aktları törədib. Mən Şuşada, Füzulidə və işğaldan azad edilən digər ərazilərdə də olmuşam. Gördüyüm dağıntılar qarşısında şok keçirdim. Başa düşə bilmirəm ki, niyə məscid dağıdılsın? Məscid insanların öz tanrıları ilə ünsiyyət saxladığı müqəddəs bir məkandır. Qarabağda ermənilər məscidləri dağıdıb, orada heyvan saxlayıb. Bunu anlamaq çox çətindir. Beynəlxalq ictimaiyyət buna reaksiya verməlidir”.

Pakistanlı ekspert əlavə edib ki, İslamofobiya siyasi əqidənin bir hissəsidir: “İslamofobiya təkcə Quranın yandırılması kimi açıq-aşkar təzahür etmir. Bu həm də gündəlik həyatda müsəlmanların hüquqlarının boğulmasında da əks olunur və bunu da gözardı etmək olmaz. Bu dini inanclarla deyil, ölkənin apardığı siyasətlə əlaqəlidir. İslamofobiya ilə bütün səviyyələrdə mübarizə aparmaq üçün o daha dərindən öyrənilməlidir".

Qeyd edək ki, islamofobiya Cənubi Asiya ölkələrində artmaqdadır. İslamofobiya xüsusilə Hindistanda geniş vüsət alıb. Bu milliyətçilik, irqçilik ritorikası ilə dəstəklənir. Hindistanda müsəlmanlara qarşı siyasət yürüdülür. Müsəlmanlara qarşı şifahi və fiziki təhdidlər ifadə olunur. Bəzi elit cəmiyyətlərdə islamofobiyanın təzahürləri müşahidə edilir. Bu məqsədli şəkildə aparılır. İsveç və Fransada islamofobiyanın təzahürləri artmaqdadır. Ayrı-seçkiliyin qurbanları Fransa siyasətinin qurbanlarına çevrilib. Bütün bunlar ifadə azadlığı pərdəsi altında həyata keçirilir, lakin bu qəbuledilməzdir. Ermənistan tərəfindən də işğal zamanı kütləvi şəkildə müsəlman abidələrinin dağıdılması müşahidə edilib. Bunlar elə məsələlərdir ki, heç bir zaman unutmamalıyıq və əlimizdən gələni etməliyik ki, bu kimi hallar bir daha təkrarlanmasın. 30 illik işğal dövründə Ermənistanın Qarabağda məscidləri, dini məbədləri dağıtması çox təəssüfləndirici haldır. Bu kimi hallar qəbuledilməzdir. Əlbəttə, bunun arxasında bir sıra hallar, səbəblər dayanır. Bu dini, etnik ayrı-seçkilikdir. Ermənistanın bu cür davranışı qəbuledilməz haldır. Ümid edirik ki, bir daha bu hallar yaşanmaz və iki ölkə arasında sülh bərqərar olar.

Fransa - islamafob ideologiyanın beşiyi

Son statistikaya görə, 68 milyonluq Fransa əhalisinin 8,8 faizi, yəni 5,7 milyon nəfəri müsəlmandır. Alman şirkətləri isə bu rəqəmin 8 milyon olduğunu yazır. Paris də Avropa şəhərləri arasında müsəlman əhalinin sayına görə birinci yerdədir. Burada 2,8 milyon müsəlman yaşayır. Rəqəmin getdikcə artacağı proqnozlaşdırılır. Amma Fransa dövləti bilərəkdən belə statistikaları geniş ictimaiyyətə açıqlamaq istəmir. Bunun fəsadları ağır ola bilər, fransızlara görə. 1978-ci ildən isə ölkədə yaşayan fərdlərin irqi, etnik və dini mənsubiyyəti barədə məlumatın toplanması birmənalı qadağan olunub. Bu, Fransanın rəsmi dövlət siyasəti kimi qəbul olunur. Bunun səbəbi kimi ölkədə yaşayan etnik, dini və digər azlıqların cəmiyyətə inteqrasiyası, onların problemlərinin həlli üçün əsas maneə kimi göstərilir. Əslində isə azlıqların problemi Fransa cəmiyyətinin gözündə “görünməz” kimi qəbul edilir. Fransada belə düşünürlər ki, etnik və dini zəmində ayrı-seçkiliyə dair statistik məlumatlar nə qədər toplanılmır, təhlillər aparılmır bir o qədər yaxşıdır, bixəbər cəmiyyət daha sağlam yaşam əldə edir. Dövlət nə qədər qadağalar tətbiq etsə də, ölkənin müsəlman əhalisi, afrikaəsilli fransızlar və digər etnik və dini qruplara qarşı ayrıseçkilik halları çoxalıb. Söhbət təkcə ölkə daxilində hakim dairələrinyürütdüyü ayrıseçkilik siyasətindən getmir, Fransa müstəmləkəsi olan ölkələrdə də bu siyasəti davam etdirir. İtaliyanın baş naziri xanım Corciya Meloni Fransanın başqa xalqlara qarşı yürütdüyü siyasətin Avropa üçün başağrısına çevrildiyini xüsusi olaraq vurğulayıb. Xanım Baş nazir bildirib ki, Fransa əsrlər əvvəl əkdiklərini yığmağa başlayır. Belə demək olarsa, Fransanın qan, göz yaşı, zülm, işgəncə üzərində qurduğu müstəmləkə şəbəkəsi domino daşları kimi dağılır. Meloni Fransanın Burkina Fasodakı müstəmləkəçilik siyasətini açıq şəkildə ifşa edib: “Uşaqlar qızıl mədənlərində işləyir, Fransa Burkina Faso üçün müstəmləkəçilikdən gələn qızıl pulları çap edir və bunun müqabilində bütün ixrac gəlirlərinin 50%-nin Fransa xəzinəsinə yatırılmasını tələb edir”. Yəni uşaqların çıxardığı qızıllar əsasən fransız seyflərində saxlanılır.

Yəni, Fransanın dünya miqyasında ifşası və bu ifşanın gətirdiyi rəzalət yaşanır. Fransanın imperialis, müstəmləkəçilik siyasəti 3 milyondan 4 milyona qədər insanın həyatına son qoyub. Bu ölkənin imza atdığı ən qanlı hadisə 1967-70-ci illərdə Nigeriyanın cənub-şərqində başlatdığı separatçı müharibədir. Fransa xüsusi xidmət orqanları tərəfindən qızışdırılan yerli separatçılar qondarma "Biafra Respublikası"nı təsis edərək yerli hakimiyyətə qarşı qanlı döyüşlər aparıblar. Məhz bu zaman yüz minlərlə insan həlak olub, dəyən ziyan isə milyardlarla ölçülür. Fransanın yaratdığı separatçılıq dini nifrət üzərində quruldu, xristian əhalini müsəlmanların üstünə qaldırmaqla düşmənçiliyin əsası qoyuldu. Nigeriya əhalisinin yarıdan çoxunun müsəlman olduğunu nəzərə alsaq, rəsmi Parisin hansı çirkli oyunlara bulaşdığının fərqinə varmaq olar.

Avropaya miqrant axını fonunda son illər vəziyyət daha da kəskinləşib. Xüsusilə, müsəlmanlara qarşı qadağalar artıb, dini məktəblər bağlanıb, dərnəklər ləğv edilib, məscid tikintisinə icazə verilmir, imamlar məscidlərdən qovulur, hicab qadağası genişlənir, ifadə azadlığı adı altında müsəlmanların müqəddəs saydıqları inanclar təhqir edilir və sair.

Fransanın daxili işlər naziri Kristof Kastaner nifrət zəminində cinayətlərin statistikasını açıqlayarkən maraqlı rəqəmlər göstərib. O, 2019-cu ildə Fransada antisemitizm hərəkətlərinin 2018-ci illə müqayisədə 27 faiz, müsəlmanları hədəfləyən hərəkətlərin isə 54 faiz artdığını, xristianlara qarşı hərəkətlərin sabit, lakin ən yüksək səviyyədə qaldığını etiraf edib. Başqa sözə ehtiyac yoxdur.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə