“İranın terror şəbəkələrini maliyyələşdirən, qoynunda terrorçular bəsləyən və onlardan siyasi məqsədləri üçün istifadə edən bir dövlət olması haqda faktlar çoxdan bəlli idi”. Bu sözləri SİA-ya açıqlamasında “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin icraçı direktoru, “Yeni Müsavat” qəzetinin redaktoru, siyasi icmalçı Elşad Məmmədli deyib.

Onun sözlərinə görə, nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da bu bəyan edilirdi: “Dünyanın terrorçu təşkilat kimi tanıdığı PKK-nın İrandakı qolu PJK-nın indiyədək çoxsaylı qanlı hadisələr törətməsi də bəllidir. Azərbaycan daim İrana qarşı sağlam, mehriban qonşuluq siyasəti həyata keçirib, amma zaman-zaman da bunun qarşılığında onlardan məkrli davranışlar görmüşük. İkinci Vətən Müharibəsi zamanı və postmüharibə dövründə rəsmi Tehranın, molla rejiminin məscidlərimizdə donuz saxlayan işğalçı Ermənistanla necə qol-boyun olması qeyri-sağlam davranışın pik nöqtəsi oldu. Təsəvvür edin, İran Azərbaycanı haqq savaşında dəstəkləmək əvəzinə terrorçu, işğalçı Ermənistanı dəstəkləyir. Azərbaycan haqlı olaraq buna etirazını bildirir və İrandan bu ədalətsiz, qərəzli siyasəti dəyişməyi tələb edir. İran isə doğru nəticələr çıxarmaq əvəzinə təhdidlə davranmaq kursu seçib və bunun elementi olaraq Azərbaycanın Tehrandakı səfirliyində terror törədilib”.
Elşad Məmmədli sözlərinə belə davam edib: “İlk andan bu terrorun İranın rəsmi qurumları tərəfindən planlaşdırıldığı və həyata keçirildiyi göz önündə idi. Prezident İlham Əliyev də çıxışlarından birində qeyd etdi ki, Tehranda terror hadisəsi prosesi xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri hər hansı ciddi tədbir görməyib. Videodan da aydın olur ki, terrorçuya bu qanlı olayı törətmək üçün şərait yaradılır.
Artıq terror hadisəsindən 40 gün vaxt keçir və bu müddətdə İran ancaq bunu ört-basdır etməyə çalışıb. İran bu terrorun arxasında siyasi məqsədlər güddüyünü öz əməlləri ilə etiraf etmiş olub. Belə ki, istintaqı qeyri-obyektiv şəkildə aparmaqla, terrorun bütün iştirakçılarını müəyyən etmək əvəzinə, olayı ört-basdır etməyə çalışmaqla, terrorçunu dəlixanaya salıb, onun psixi problemli biri olması görüntüsünü yaratmaqla Tehran özünü ifşa edir. Bununla İran barəsindəki terroru dəstəkləyən dövlət imicini dünyada möhkəmləndirir. Şübhəsiz ki, bu terrorun nəticələri İrana heç də ucuz başa gəlməyəcək, qara ləkə kimi üzərində qalacaq, daim hesabatlarda xatırladılacaq. İran sanki tarana gedir. Tehran bölgədə və dünyada güclənən Azərbaycana qarşı təhdid siyasəti həyata keçirməklə, sanki bizi öz haqlı yolumuzdan çəkindirə biləcəyini düşünürsə, bu, molla rejiminin sadəcə prosesləri düzgün qiymətləndirə bilməməsinin və isterikasının göstəricisidir. Azərbaycan sübut edib ki, onu haqlı yolundan heç bir təhdid döndərə bilməz. Bütün hallarda İran öz qərəzli siyasətini dəyişməlidir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB