“Erməni təxribatları dayanmır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Erməni təxribatları dayanmır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Birinci Qarabağ müharibəsi nəticəsində torpaqlarımızın 20 faizini itirdik. 1994-cü ildə imzalanmış Bişkek protokolundan sonra BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qərarlarının icra olunması üçün Ermənistanla birbaşa və beynəlxalq qurumlar çərçivəsində 30 il danışıqlar aparıldı. Danışıqlar prosesi Ermənistanda rəngli inqilab nəticəsində hakimiyyətə gələn Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" kimi populist bəyənatları, Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri və bu kimi başqa bu kimi təxribatçı xarakter daşıyan hərəkətləri nəticəsində dalana dirəndi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Onun sözlərinə görə, təxribatçı əməllərini dayandırmayan Ermənistan 2019-cu ilin mart ayında müdafiə naziri David Tonoyanın "yeni torpaqları üçün yeni müharibə" çağırışı etməsinin ardından təmas xəttində törədilmiş təxribatlar, ermənistanın 2020-ci ilin iyul ayında müvəffəqiyyətsizliklə nəticələnmiş Tovuz istiqamətində hücuma keçməyə cəhdi göstərməsi, 23 iyulda Rusiya ilə ortaq hava hücumundan müdafiə sistemi təlimlərinə başlaması kimi əsl erməni xislətinə yaraşan bədnam əməllərinə davam edib: “Birbaşa hərbi təxribatlarla yanaşı, Ermənistan tərəfindən beynəlxalq hüquqi prinsiplərə zidd olaraq Azərbaycan Respublikasının işğal altındakı ərazilərinə çox sayda YPG, PKK terrorçularını yerləşdirdi. Ermənistan baş nazirinin həyat yoldaşının Azərbaycanın işğal altında olan torpaqlarında keçirilən hərbi təlimdə iştirak etməsi, Ermənsitanın bir sıra faydasız və təhrikedici bəyanatları və hərəkətləri danışıqlardan tamamilə imtina etmək kimi qiymətləndirilmiş və ölkə Prezidenti Ali Baş Komandan İlham Əliyev tərəfindən qəti tədbirlər alınması ilə nəticələnib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə dərhal Təhlükəsizlik Şurasının iclası keçirilmiş, təcavüzkara adekvat cavab verilməsi istiqamətində konkret tapşırıqlar verilib. Bununla da 2020-ci ilin 27 sentyabrda başlayan və 44 gün davam edən vətən müharibəsi nəticəsində Azərbaycan Şuşa da daxil olmaqla, 30 ilə yaxın işğal altında olan ərazilərini yenidən nəzarət altına aldı. Azərbaycann tam qələbəsi ilə nəticələnən müharibənin nəticəsi olaraq 10 noyabr bəyannaməsi imzalandı. Bu bəyannamə Ermənistanın faktiki kapitulyasiyası deməkdir. Bəyannamədə nəzərdə tutulan müddəalar müharibədən sonra Azərbaycan tərəfindən yerinə yetirildiyi halda, Ermənistan sonradan xarici havadarlarının təhriki və vədlərinə aldanaraq üzərinə götürdüyü öhdəlikləri yeriniə yetirməkdən boyun qaçırmağa başladı. Bu günə kimi sülh sazişi imzalamaq üçün nə zaman konkret iş tələb olunursa bir bəhanə vəya təxribata əl ataraq öz simasızlığını nümayiş etdirməyə davam edir”.

Deputat sözlərinə belə davam edib: “Son zamanlar Ermənistanın təxribatçı hərəkətlərinin intensivləşməsi fonunda ermənilər Qarbağda yeni təxribatlar törətmək üçün gizli yollarla silah-sursat və şəxsi heyət cəmləməyə cəhd göstərirlər. Bu təxribatların qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən layiqincə alınır. Təəssüf ki, belə hallar itkisiz ötüşmür. 5 mart tarixində belə cəhdlərin qarşısını alarkən qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da deyildiyi kimi “Ermənistan tərəfinin davam edən hərbi təxribatları, o cümlədən 5 mart tarixində baş vermiş insident bir daha göstərir ki, bu ölkə regionda davamlı sülhün əldə olunmasında və Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasında maraqlı deyil”.
Ermənistan nəhayət anlamalıdır ki, bölgədə mövcudluğunu qorumaq və xalqı üçün gələcək qurmaq istəyirsə sülh sazişi üzərində işləri sürətləndirməli, konstruktiv mövqe tutaraq xarici qüvvələrin deyil xalqının mənafeyindən çıxış etməlidir. Əks halda, baş verə biləcək növbəti silahlı münaqişədən sığortalanmayıb və bu bir ölkə kimi Ermənistanın məhvinə gətirib çıxaracaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə