Azərbaycan qlobal həmrəyliyə və əməkdaşlığa xüsusi töhfələr verən ölkədir ŞƏRH
Zirvə görüşündə dünyanın təhlükəsiz gələcəyi naminə aparılan müzakirələr, səsləndirilən çağırışlar, irəli sürülən təkliflər bir daha Qoşulmama Hərəkatının qlobal əhəmiyyətini açıqladı
2023-cü il Martın 2-də keçirilən, 70-ə yaxın ölkənin dövlət və hökumət başçılarının, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq və Liviyanın prezidentlərinin, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentlərinin, Əlcəzair və Keniyanın Baş nazirlərinin, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, eyni zamanda, nazirlərin, nazir müavinlərinin, səfirlərin qatıldıqları Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü bir daha ölkəmizin beynəlxalq aləmdə artan roluna və nüfuzuna işıq saldı. Baxmayaraq ki, Zirvə görüşü 2019-cu ildən dünyanı bürüyən koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə, hər bir ölkənin ortaya qoyduğu təcrübəyə, ən əsası post-pandemiya dövrünün hədəflərinə həsr edilmişdi, amma ümumilikdə dünyanı narahat edən məsələlərin müzakirəsi sammitin gündəliyində xüsusi yer aldı. Bu, bir daha göstərir ki, Azərbaycan qlobal həmrəyliyə və əməkdaşlığa xüsusi töhfələr verən ölkədir.
Prezident İlham Əliyev BMT sistemində islahatların aparılmasının vacibliyi məsələsini gündəmə gətirəndə bu fikri böyük inamla qeyd etdi ki, dünya düzəni yenidən formalaşmaqdadır
Azərbaycanın dövlət başçısı İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı bildirdi ki, Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu. O cümlədən, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsinə, həmçinin 44 günlük İkinci Qarabağ müharibəsinə və son iki ildən artıqdır işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılmasına təsadüf etdiyindən keçirilən hər bir tədbirdə günümüzün aktual məsələləri, xüsusilə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinin yol xəritəsi ətrafında fikir mübadiləsinin aparılması vacibdir.
Xatırlatmaq yerinə düşərdi ki, 2020-ci ilin mayında da Qoşulmama Hərəkatının Zirvə görüşü keçirildi və həmin tədbirdə Azərbaycan BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi və Hərəkata üzv dövlətlər tərəfindən böyük dəstək qazandı. Azərbaycanın 4-cü ilə daxil olan sədrliyi dövründə atılan addımların xronologiyasına diqqət yetirdikdə Qoşulmama Hərəkatının nüfuzunun, dünya siyasətində yerinin və rolunun artmasının əsas hədəf olması diqqətdən kənarda qalmır.
Əbəs deyil ki, Prezident İlham Əliyev BMT sistemində islahatların aparılmasının vacibliyi məsələsini gündəmə gətirəndə bu fikri böyük inamla qeyd etdi ki, dünya düzəni yenidən formalaşmaqdadır. İndi bəşəriyyət “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur.
Qoşulmama Hərəkatı hazırda Azərbaycanın sədrliyi ilə özünün ən uğurlu dövrünü yaşayır
Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir.
Zirvə görüşündə dünyanın təhlükəsiz gələcəyi naminə aparılan müzakirələr, səsləndirilən çağırışlar, irəli sürülən təkliflər bir daha Qoşulmama Hərəkatının qlobal əhəmiyyətini açıqladı. Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı hazırda Azərbaycanın sədrliyi ilə özünün ən uğurlu dövrünü yaşayır. Dünyada nüfuzu getdikcə artan və regionda aparıcı aktora çevrilən Azərbaycan təşəbbüsləri ilə qarşıdakı dövrdə də Hərəkatın dünya siyasətində söz sahibliyinin təmin edilməsinə öz töhfəsini verəcək.
Səbinə SƏLİMOVA,
YAP Masallı rayon təşkilatının üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB