Qarabağ erməniləri ilə təmasların qurulmasından doğan REZONANS – TƏHLİL

Qarabağ erməniləri ilə təmasların qurulmasından doğan REZONANS – TƏHLİL

Xocalıda Qarabağ erməniləri ilə keçirilən ilk görüş dünyanın diqqətini cəlb etməklə yanaşı, separatçıların da yuxularını ərşə çəkib. Hətta bu görüşdən sonra separatçıların aqressiv mövqe sərgiləməsi təsdiq edir ki, artıq onların kürkünə birə düşüb və narahat olmağa başlayıblar. Görüşdə inteqrasiya prosesinin müzakirə olunduğunu təkzib etmələri isə separatçıların yenə də hamını, ələlxüsus da daxili auditoriyanı aldatmaq niyyətlərini ifşa edir.

Bilirik ki, Qarabağ erməniləri ilə təmasların qurulması barədə Qərbin təklifi ilə Azərbaycan elə əvvəldən də razı olub və artıq keçirilən həmin o görüş bunu əyani şəkildə təsdiq edir. Təsdiq edir ki, Azərbaycan tərəfi inteqrasiya prosesinə öz dəstəyini, köməyini göstərəkdən imtina etmək niyyətində heç zaman olmayıb. Əksinə, artıq prosesə başlanılması rəsmi Bakının bu istiqamətdə işlər görməyə həmişə hazır olduğundan xəbər verir. Qarabağ erməniləri artıq əmin olmağa başlayıblar ki, Azərbaycan dövləti onların təhlükəsizliyinin təminatı üçün əməli addımlar atmağa hazırdır və onlar uzun illər boyunca aldadılıblar. Sözsüz ki, onları aldadan separatçılar öz maraqlarını güdməkdədirlər və bu mənada xalqı aldatmağı onlar yeganə çıxış yolu hesab edirlər və onsuz da separatçılar üçün bu, yəni aldatmaq təcrübəsi ənənə halını alıb. Bunun dəfələrlə, ələlxüsus da 44 günlük müharibə dövründə belə hər kəs müşahidə etdi, özü də davamlı olaraq. İndi Qarabağ erməniləri əmindirlər, yaxud əmin olmalıdırlar ki, separatçılar onları hər zaman aldatdıqları kimi, yenə də aldadırlar və bundan sonra da hər addımda aldadacaqlar.

Heç şübhəsiz ki, separatçılar Qarabağ erməniləri ilə görüşlərin keçirilməsini qətiyyən istəmirlər. Onların həmin görüşlərin keçiriləsinə mane olmaq cəhdləri bunu təsdiq edir. Ona görə istəmirlər ki, həmin ermənilər üzərində hansısa təsirlərinin itəcəyindən qorxurlar. Qorxurlar ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını, ölkəmizin qanunlarını qəbul edərlər və bu da əslində onların mövcudluqlarının sonu deməkdir. Bu baxımdan hər hiyləyə əl atmaqda yenə də həmin əhalinin aldatmaqda davam edirlər. İstənilən vaxt hansısa təxribatlara belə əl ata da bilərlər ki, təmasların qurulasına və bu prosesin dava etməsinə mane olsunlar. Hər bir halda bu təxribatlara da hazır olmaq gərəkir.

Sözsüz ki, Azərbaycanın Qarabağ erməniləri ilə təmaslar qurmasına beynəlxalq ictimaiyyət çox yaxşı yanaşır və bu da rəsmi Bakı üçün məqbul sayılır. “Xocalıdan Bakının nümayəndələri ilə Qarabağ erməniləri arasında təmaslarla bağlı ümidverici xəbərlər gəlir. Müzakirələrin həm hazırkı narahatlıqlara, həm də daha geniş məsələlərə fokuslanılması çox yaxşıdır”, deyə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar tvitter öz hesabında yazır. Təbii ki, onun bu fikirləri elə beynəlxalq ictimaiyyətin diqqətini çəkmək baxımından da təqdirəlayiqdir.

Həqiqətən də Qarabağın erməni əhalidi ilə təmasların qurulması çox düşünülmüş bir addımdır və bunun bir çox müsbət məqamları var. Əvvəla, bu addım onu deməyə əsas verir ki, Azərbaycan Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması istiqamətində addımlar atır və ilk addımın bunu təsdiqlədi. Bir sözlə, Azərbaycan tərəfinin verdiyi bütün vədləri yerinə yetirməyə hazır olduğunu, hətta yerinə yetirdiyini bütün dünya ictimaiyyəti, eləcə də beynəlxalq təşkilatlar da gördülər, buna bir daha əmin oldular. Artıq hansısa bəhanələr barədə nəinki danışmaları, düşünmələri üçün ölkəmizin əleyhində olan qüvvələrin belə əsasları yoxdur. Hər kəs yaxşı bilir ki, başqasının torpaqlarını işğal və talan edən ermənilər öz ərazilərində məskunlaşanları da yox, yerli əhalini belə aman vermədən qırdılar, soyqırılar törətdilər. Onlar Azərbaycan torpaqlarında vəhşiliklər törədəndə hansısa danışıqlardan, təmaslardan söhbət belə gedə bilməzdi və bunu bütün dünya bilir. Bütün dünyanın indi müqaisə etmək, fərqi görmək vaxtıdır. Azərbaycan tərəfi bu addımla da yenə öz üstünlüyünü, sülh tərəfdarı olduğunu, tolerantlığını bir daha sübut etdi.

Digər tərəfdən, qeyd etdiyimiz kimi, təmasların qurulmasına separatçılar mane olmağa çalışırlarsa, bu fakt özü də münaqişədə onların günahkar olduğunu ortaya qoyur. Dünya birliyi görür ki, Azərbaycan təmaslar qurmağa çalışdığı halda, separatçılar buna əngəl olurlar, deməli, problem məhz onların özlərindədir. Bu gün məhz sülh danışıqlarından söhbət getdiyi bir məqamda, onun yubanması müzakirə mövzusu olduğu bir zamanda bu fakt özü də Azərbaycan üçün olduqca vacib hesab olunur, çünki artıq sülh danışıqlarının yubanmasında ölkəmizi günühlandırmaq üçün uyduracaqları yalanları ayaq tutub yeriyə bilməz. Bundan sonra separatçıların uydurduqlarına qulaq asan belə olmaz. Hətta ermənipərəstlər belə bu arqument qarşısında susmaq məcburiyyətində qalırlar.

Ən vacibi isə, növbəti mərhələdə suverenliyimizi təhdid edən, eləcə də erməni əhalisi ilə təmasların yaradılmasına imkan verməyənlərə qarşı praktiki addımların atılması artıq legitimlik qazanır. Bundan əvvəl qeyd etdiyimiz kimi, separatçılar Qarabaq ermənilərini aldadın təmaslardan çəkindirə bilməsələr təxribatlara belə əl ata bilərlər. Bu hal əslində gözləniləndir. Belə olan hal isə, ilk növbədə suverenliyimiz üçün təhdid hesab olunur. Eyni zamanda bununla onlar yenə də əks təbliğat apararaq Azərbaycanı guya təcavüzkar kimi də qələmə verməyə çalışa bilərlər. Məhz praktiki addımların atılması üçün legitimlik qazanan Azərbaycan belə məqamda hansısa qüvvələr tərəfindən qətiyyən hədəfə alına bilməz. Ermənipərəst qüvvələr belə artıq ermənipərəsliklərini nümayiş etdirib Azərbaycanı günahlandıra bilməz. Ona görə ki, Azərbaycan sülh istiqamətində addımlar atdığı bir zamanda, danışıqlara, təmaslara, Qarabağ ermənilərinin təhlükəsi üçün çalışdığı bir məqamda təxribatların törədilməsinə qarşı mütləq şəkildə addım atmalı olur və buna kimsənin ağız büzməsinə zərrə qədər şansı belə qalmır. Bir sözlə, separatçılar təmaslara mane olmaqla özlərinə quyu qazmış olurlar, baxmayaraq ki, bunu öz maraqları hesab edirlər.

Sözsüz ki, mövcud şəraitdə təmasların qurulması heç də asan deyil. Separatçıların gərginlik yaratmaq istəkləri artıq özünü biruzə verməkdədir. Kənd sakinlərinə güllə atmaqda Azərbaycan tərəfini yalandan ittiha etmələri bu istəyin olduğunu açıq-aşkar ortaya qoyur. Hələ ki, belə bir uydurmanı ortaya atmaqla, beynəlxalq ictimaiyyətə mesaj vermək istəyirlər ki, guya Azərbaycan sülh danışıqları istəmir və müharibə etmək niyyətindədir. Digər tərəfdən də belə bir şayə ilə guya təmasların mümkün olmadığı barədə fikir formalaşdırmağa çalışırlar. Nəzərə almaq lazımdır ki, bütün bunların alınmayacağı təqdirdə, son olaraq təxribatlara da əl atacaqları gözləniləndir və buna da hazırlıqlı olmaq lazımdır.

Bütün dünya artıq şahiddir ki, Azərbaycan Qarabağ erməniləri ilə təmaslara şərait yaratdığı və bunu reallaşdırdığı halda separatçılar buna mane olurlar. Deməli, dünya ictimaiyyəti görür ki, Azərbaycanın sülh danışıqları istiqamətində atdığı addımlar, təmaslar separatçılar arasında böyük bir rezonans doğurub. Bu isə o deməkdir ki, sülhə, sülh danışıqlarına mane olan tərəf artıq bəllidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə