Qaliblər müzakirə olunmur, şərtləri diktə edir

Qaliblər müzakirə olunmur, şərtləri diktə edir

Azərbaycan Respublikasının pPrezidenti cənab İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda Ermənistanın baş naziri Paşinyana, sözün əsl mənasında növbəti dəfə tarix dərsi keçdi".

Ölkə başçısı Paşinyanın yalanlarına tutarlı cavablar verərək Azərbaycan həqiqətlərini bir daha dünyanın diqqətini çatdırdı. Prezident açıq şəkildə bəyan etdi ki, Dağlıq Qarabağ sözü artıq qüvvədən düşüb və Azərbaycanda belə bir inzibati vahid yoxdur: "Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməlidir. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Azərbaycan erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə müzakirə etməyə hazırdır".

Prezident İlham Əliyev Ermənistanın 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladığını, beynəlxalq hüququ pozduğunu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədiyini və ona qarşı heç bir sanksiya tətbiq olunmadığını xüsusi vurğulayıb: «Biz hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdik. Biz Minsk qrupunun nəticə əldə etməsini gözləyirdik, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözləyirdik. Lakin heç bir hərəkətin olmadığını gördük və problemi öz hərbi gücümüzlə həll etdik".

Ölkə başçısı Azərbaycan Ermənistan münaqişəsinin həlli müstəvisində sülh danışıqlarının 28 il davam etdiyini və heç bir müsbət nəticə vermədiyini vurğulayarq, əslində, diqqəti Minsk qrupunun fəaliyyətsizliyinə yönəldib: «Təsəvvür edin ki, 1992-ci ildən 2020-ci ilə qədər sülh danışıqları aparmışıq. Əgər biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, bu sülh danışıqları daha 28 il çəkəcəkdi. Ermənistan vəziyyəti dondurmaq, torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi. Bu vəziyyət, həmçinin Ermənistanın dünyanın müxtəlif bölgələrindəki dostlarını qane edirdi. Azərbaycanda yeni nəsil yetişib. Cavan olduqları və Ermənistan o torpaqları işğal etdikdə hələ anadan olmadıqları üçün heç zaman görmədikləri torpaqlara qayıdan və oraları işğaldan azad edən bir nəsil yetişib".

Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsini 30 illik bərpa olunmayan ədalətin bərpası kimi dəyərləndirib. Ölkə başçısı bu müharibənin məqsədinin, əslində torpaq işğal etmək olmadığını xüsusi vurğulayıb: «Bir nəfər əsgərimiz belə döyüş meydanını tərk etmədi. 44 gün ərzində şəhər və kəndlərimiz "İsgəndər" raketləri ilə atəşə tutulduğunda belə heç kəs döyüş meydanını tərk etmədi. 44 günlük müharibə zamanı Ermənistanda fərarilərin sayı 11 minə çatmışdı. Bu ona görə baş verdi ki, onların apardığı müharibə işğalçı müharibə idi. Ermənistanda doğulmuş insanlar üçün Azərbaycana gedib onlara aid olmayan torpaqdan ötrü müharibə etmək həvəsi yox idi. Azadlıq istəyən xalqı işğal etmək mümkün deyil. Silah vacibdir, taktika da vacibdir, planlaşdırma çox vacibdir. Lakin ən önəmli olan həvəs və vətənə olan sevgidir. 90-cı illərin əvvəllərində ayaqyalın öz yurdlarını tərk etmək məcburiyyətində olan gənclərimiz tank belində doğma torpaqlarına geri qayıtdılar. Ermənistan anlamalıdır ki, artıq həqiqətləri gizlətmək, yaxud da ki, reallığı təhrif etmək mümkün deyil. Biz informasiya dünyası dövründə yaşayırıq. Hər kəs yaxşı bilir harada nə baş verir. Ona görə qeyri-ciddi və manipulyativ mahiyyət daşıyan açıqlamalar, əlbəttə ki, ciddi qəbul edilmir. İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə vəziyyət tamamilə dəyişib. Yeni reallıqlar ortaya çıxdı və biz hazır olmalıyıq ki, bu reallıqlarda öz mövqeyimizi daha da gücləndirək. Biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər yeni yanaşmaları tələb edir. Bu gün danışıqlar masasında yalnız Azərbaycanın şərtləridir. Ermənistan bizim şərtlərlə hazırlanan sülh müqaviləsini imzalamaq məcburiyyətindədir".

Azərbaycan Respublikasının Prezidenti İlham Azərbaycan Qarabağdakı erməni azlığın hüquq və təhlükəsizliyi ilə bağlı müzakirələrə hazır olduğunu, lakin bu müzakirələrin Rusiyadan ixrac edilmiş şəxslə deyil, erməni icmasının, yalnız Qarabağda doğulmuş və həyatı boyunca orada yaşamış nümayəndələri ilə aparıla biləcəyini xüsusi vurğulayıb: "Eyni zamanda, bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquq və təhlükəsizliyi ilə bağlı müzakirələr olacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş, həyatı boyunca Qarabağda yaşamış nümayəndələri ilə, Qarabağda rəhbər vəzifə tutmaq üçün Rusiyadan ixrac edilmiş şəxslə deyil".

Prezident, blokadanın olmamasını nümayiş etdirən fakt olaraq qeyd edib ki, bizim vətəndaş cəmiyyətindən olan aktivistlərimiz yoxlanış məntəqəsinə gəldikləri 12 dekabrdan bu günədək rusiyalı sülhməramlıların yük maşınları və Qızıl Xaçın nümayəndələri də daxil olmaqla 2500-dən çox maşın keçib. Ölkə başçısım Qarabağdan təxminən 100 xəstənin Qızıl Xaç tərəfindən müalicə üçün Ermənistana aparılığını bildirib: "Beləliklə, əgər orada açıq yol varsa, biz bunu necə blokada adlandıra bilərik? Əgər Qarabağdakı ermənilər bu yolu istifadə etməyə cəhd etsələr, əminəm ki, heç kim onları dayandırmayacaq".

Dövlətimizin başçısı öz mövqeyini bir daha açıq şəkildə iştirakçıların diqqətinə çatdırıb: "Əsas məsələ ondan ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir. Bu haqda da Azərbaycanın mövqeyi bildirildi. Biz üç gün bundan qabaq Ermənistandan bizim təkliflərimizə yeni cavab təklifləri aldıq. İndi onları incələyirik. İlk baxışda Ermənistanın mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil".

Biz ümüd edirik ki, Ermənistan rəhbərliyi və cəmiyyəti nəhayət yeni reallıqları anlayaraq, Beynəlxaq hüququn norma və prinsiplərini başa düşərək ,Qafqazda dayanıqlı sülhün və əməkdaşlığın ugur gətirəcəyini anlayaraq sülh müqaviləsinin imzalanmasında iştirak edəcəkdir.

Təhmasib Rüstəmov
YAP Qubadlı Rayon Təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə