ABŞ və Rusiyanın bəhsəbəhsi və ayrıca maraqlar...
Danışıqlar trekində diqqətçəkən bir sıra olaylar yaşanmaqdadır. Bu olayların bir-birini tez-tez əvəzləməsi isə növbəti sualları doğurur. Xüsusilə ABŞ və Rusiyanın qısamüddətli antraktlarından sonrakı növbəti vasitəçilik prinsiplərini işə salmaları digər məqamları ehtiva etməyə başlayıb. Misal üçün, Rusiya Federasiyasının Qarabağ üzrə xüsusi nümayəndəsi Xovayevin regiona gəlişi, ardınca Azərbaycan və Ermənistan liderləri ilə görüş keçirməsi, RF-nın müdafiə nazirinin Azərbaycandakı və Ermənistandakı həmkarları ilə telefon rabitəsi qurması və Azərbaycan Prezidenti ilə Rusiyanın dövlət başçısı arasında telefon danışığının baş tutması Moskvanın sözügedən situasiyada fəallığını artırdığını göstərir.
Əsasən də Ukrayna qarşıdurması fonunda Qarabağ mövzusunda üstünlük əldə etmək həm Vaşinqtonun, həm də Moskvanın marağındadır
O da əbəs deyil ki, həmin fəallıq ABŞ tərəfindən də tətbiq olunur. Belə ki, sözügedən proseslər kontekstində ABŞ-ın Dövlət Departamentinin rəsmisi demək olar ki, günaşırı Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə zəngləşir. Mövzu isə Laçın yolunda ekoaksiyadır. Əsasən də Ermənistan tərəfi tələb edir ki, aksiya başa çatsın və yalnız bundan sonra ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqları bərpa edilsin. Ancaq Ermənistan bir reallığı dərk etmir ki, o, yalnız məğlub tərəf kimi deyil, həm də 44 günlük müharibənin səbəbkarı kimi məsuliyyət daşıyır, üstəlik tələb, şərt irəli sürmək imtiyazlarına da malik deyil. Azərbaycan istədiyi qədər, yəni tələbləri yerinə yetirilənə qədər ekoaksiyasını keçirəcək və ona heç bir siyasi dairə təsir göstərmək iqtidarında deyil.
Sadəcə, ortada bəhsəbəhsin olduğu göz önündədir. Əsasən də Ukrayna qarşıdurması fonunda Qarabağ mövzusunda üstünlük əldə etmək həm Vaşinqtonun, həm də Moskvanın marağındadır. Mövzu: Münhen konfransı öncəsi bu istiqamətdə nəyə isə nail olmaq və daxıla növbəti “üstünlük quruşunu” atmaq...
ABŞ İrəvanın Qarabağa iranlı diversantlar göndərdiyi vaxta hərəkətə keçməli idi...
Halbuki, maraqlar ABŞ-ın və Rusiyanındır və maraqların irəliləməsi üçün əsas və son söz yox ki, Azərbaycanındır. Daha doğrusu, Münhendə hər hansı bir ehtimal olunan görüş keçirilə bilsə də, erməni tərəfinin hansı münasibət göstərməsindən asılı olmayaraq maraqlar Bakının üzərində fokuslanır.
Qaldı ki amerikalıların cəhdlərinə, onlar ekoaksiyadan əvvəl İrəvana təzyiqlərini artırmalı idilər. Hər halda amerikalıların düşməni hesab edilən iranlı diversantlar Qarabağa göndəriləndə, Xankəndiyə mina və silah-sursatlar daşınanda bu barədə düşünülməli idi. Və ya İran Zəngəzur dəhlizinin Tehran üçün qırmızı xətt olduğunu bəyan edəndə Vaşinqton fikirləşməli və qərar verməli idi.
Münhen konfransı Rusiya üçün şans olsa da...
Əslində, Rusiya da Bakının hansı maraqlar üzərində təkid etdiyini yaxşı bilir. Moskva çox gözəl anlayır ki, artıq Laçın dəhlizində Azərbaycanın müvafiq güc strukturlarının buraxılış məntəqələri olmalıdır. Bəli, əgər əvvəl həmin məntəqənin rentgen xarakterli olduğu barədə şifahi razılıq mövcud idisə, indi bu xarakterə dəyişiklik də olunub – həm rentgenin, həm də hərbçilərimizin nəzarəti vacibdir!
Yeri gəlmişkən, Lavrovun da Münhenə gedəcəyi məlumdur və Almaniyanın siyasi cəhətdən adı-sanı olan bu şəhərdə yalnız Bakı və İrəvan münasibətləri deyil, paralel olaraq Moskva və Vaşinqton rəqabəti də ön planda olacaq.
Məsuliyyət Aİ-nin “mülki missiyasının” da üzərinə düşəcək
Qaldı ki müəyyən olunmamış sərhədlərdə, habelə Qarabağda növbəti eskalasiyaların baş verməsinə - necə deyərlər, fəallıq növbəti fəallığın, hərəkətliliyin yaranmasına səbəb olur. Bu hərəkətlilik ya müsbət, ya da mənfi fonda özünü göstərə bilər. Əgər kompromis olarsa, bu, başqa məsələ, olmazsa, onda məsuliyyət təkcə İrəvanın boynuna düşmür, həmin məsuliyyəti bu gün regionda ciddi-cəhdlə üstünlük əldə etməyə çalışan ABŞ-Rusiya tandemi də daşıyır. Biz hələ Fransanın təhriki ilə Aİ-nin sözdə “mülki missiyasının”, reallıqda isə polis (jandarm) missiyasının sərhədlərimiz yaxınlığında reydlər keçirməyə başlamalarından sonrakı proseslərə toxunmuruq...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB