PREZİDENT İLHAM ƏLİYEV: "Biz iki il ərzində böyük quruculuq işləri görmüşük, Qarabağı və Şərqi Zəngəzuru faktiki olaraq yenidən qururuq və quracağıq"
44 günlük müharibəni şanlı qələbə ilə başa çatdırdıqdan sonra Azərbaycan dövlətinin qarşısına qoyduğu milli prioritetlərdən biri də işğaldan azad etdiyi torpaqlara tezliklə Böyük qayıdışı gerçəkləşdirmək idi. Buna görə də Vətən müharibəsindən dərhal sonra tarixi ərazilərimizdə geniş quruculuq və bərpa işlərinə start verildi. Qarabağa və Şərqi Zəngəzura yenidən həyatın qaytarılması üçün birbaşa dövlət başçısı İlham Əliyevin şəxsi nəzarəti və diqqəti altında bu ərazilərdə dünyada misli görünməmiş meqalayihələrin icrasına başlanıldı.
Prezident İlham Əliyevin zəfərdən ötən bu ikiillik qısa zaman kəsiyində mütəmadi olaraq işğaldan azad edilən ərazilərə səfərlər etməsi, erməni vəhşilərinin yerləyeksan etdiyi qədim şəhərlərimizin yeni bünövrələrini qoyması, yeni yolların, tunellərin, beynəlxalq hava limanlarının təməllərini atması, bütün infrastrukturu başdan yaratması Böyük qayıdışın tezliklə reallaşdırılmasına mühüm təkan verdi.
Azərbaycan ağır müharibədən çıxsa da, işğaldan azad etdiyi bölgələri öz iqtisadiyyatının gücü sayəsində yenidən qurur, bu ərazilərdə irimiqyaslı müasir infrastruktur layihələri icra edir.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş bu proqram Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər aparılan geniş quruculuq işlərinin məntiqi davamıdır, strateji hədəflərə çatmaq üçün, eləcə də bundan sonra həyata keçiriləcək tədbirlərin mükəmməl yol xəritəsidir və müstəqil Azərbaycan tarixinə Qarabağın yenidən qurulmasını tənzimləyir. Elmi cəhətdən də əsaslandırılmış mükəmməl sənəd olan Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Dövlət proqramı 2022-2026-cı illəri əhatə edir.
Proqramda deyilir ki, Azərbaycan hökuməti 2027-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzurda 280 min ha ərazinin minalardan təmizlənməsini planlaşdırır. Dövlət Proqramında qeyd olunur ki, 2020-2022-ci illərdə 57,6 min ha ərazi minalardan təmizlənib.
Sənəddə qeyd olunan planlara əsasən, 2024-cü ildə Laçın Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. 2026-c ildə qədər Ağdam-Xankəndi qaz kəməri tikiləcək, sərhəddə keçid məntəqələri fəaliyyətə başlayacaq. 2026-cı ildək Qarabağ və Şərqi Zəngəzura 10 min 270 ailə, 2027-ci ilə qədər – 34 min 500 ailə köçürüləcək. 2027-ci ilədək burada 34,5 min mənzil və fərdi yaşayış evi inşa ediləcək. Bu vaxta qədər Qarabağ və Şərqi Zəngəzurda hərbi infrastruktur möhkəmləndiriləcək, burada həmçinin enerji, nəqliyyat, idman, sosial və digər infrastruktur inşa olunacaq. 2026-cı ilə qədər burada 197 məktəbəqədər və ümumi təhsil müəssisəsi tikiləcək və bərpa ediləcək, 2027-ci ilədək isə regionda ali məktəbin bir filialı fəaliyyətə başlayaq, DOST mərkəzlərinin 7 filialı açılacaq.
Böyük Qayıdışa dair I Dövlət Proqramı ancaq bu ərazilərə insanları qaytarmaqla kifayətlənmir. Proqramda həm də dayanıqlı icmaların yaradılması, sahibkarlıq fəaliyyəti, gələcəkdə məşğulluğun təmin edilməsi və s. kimi kompleks məqsədlər nəzərdə tutulur.
Bir sözlə, sənədə əsasən, 2027-ci ilə qədər regionda ipoteka sistemi istifadəyə veruilməlidir və ilkin turizm infrastrukturu formalaşdırılmalıdır.
AZƏRBAYCAN BÖYÜK QAYIDIŞI ÖZ DAXİLİ MALİYYƏ MƏNBƏLƏRİ HESABINA REALLAŞDIRIR
Bəli, Azərbaycan Böyük Qayıdışı öz daxili maliyyə mənbələri hesabına reallaşdırır. 2023-cü il üçün dövlət büdcə layihəsinə əsasən, Böyük Qayıdış layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclər 3 milyard manat nəzərdə tutulub. Qeyd edək ki, büdcədən 2021-ci ildə bərpa prosesinə 2.2 milyard, 2022-ci ildə 2 milyard 670 milyon manat nəzərdə tutulmuşdu. Bu isə o deməkdir ki, 3 il ərzində (2021-2023-cü illər) Qarabağ və Şərqi Zəngəzurunun bərpa bə yenidənqurmasına yalnız dövlət büdcəsindən 7 milyard 870 milyon manat vəsait ayrılır. Bu, məhz Qarabağın daha qısa müddətdə bərpasına olan xüsusi diqqətdir.
O da məlumdur ki, işğaldan azad olunmuş ərazilərin böyük iqtisadi potensialı var. Bu potensialın reallaşdırılması üçün işğaldan azad olunmuş ərazilərdə yeni müəssisələr tikilməli, sahibkarlıq fəaliyyətləri qurulmalıdır. Bu fəaliyyətlərin uğurla qurulması üçün investorları stimullaşdıracaq uzunmüddətli vergi və gömrük güzəştləri tətbiq olunacaq. Proqramın icrası müddətində işğaldan azad olunmuş torpaqlarda yaradılacaq yeni istehsal sahələri bu ərazilərə qayıdacaq insanların işlə təmini məsələlərini də qabaqcadan həll etməyə kömək edəcək.
Həmçinin, Dövlət Proqramının əsas hədəfləri həm infrastrukturun formalaşdırılması, yenidən qurulması, həm iqtisadiyyatın formalaşması və reinteqrasiyası, sosial inkişaf, həm də ətraf mühitdə tarazlığın qorunması, “yaşıl iqtisadiyyat”ın formalaşdırılmasından ibarətdir. Qeyd edək ki, işğal müddətində Qarabağ və Şərqi Zəngəzurda infrastruktur tamamilə dağıdılıb. Onların yenidən qurulmasına ehtiyac var və bu istiqamətdə də intensiv şəkildə işlər gedir. Həmçinin, Proqramda “yaşıl iqtisadiyyat”, “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyalarına uyğun olaraq yaşayış məntəqələrinin salınması, alternativ enerji mənbələrindən daha çox istifadə edilməsi nəzərdə tutulub. Buraya ətraf mühitin qorunmasına və işğal müddətində Ermənistanın törətdiyi ekoloji soyqırımdan sonra ekologiyanın yenidən formalaşması, yaşıllıqların artırılması kimi hədəflər daxildir. Bütövlükdə Proqramın əsas özəlliyi ondan ibarətdir ki, sənəddə konkret hədəflər və fəaliyyətlər müəyyən olunub. Hər fəaliyyətə məsul olan dövlət qurumu müəyyənləşdirilib. Bir sözlə, I Dövlət Proqramının imzalanması birmənalı şəkildə qayıdış prosesinin daha da sürətlənməsinə şərait yaradacaq.
QISA ZAMANDA GERÇƏKLƏŞDİRİLƏN NƏHƏNG UĞURLAR
Artıq qələbəmizdən ötən iki il müddətində Qarabağda və Şərqi Zəngəzurda quruculuq və bərpa işləri ilə əlaqədar mühüm layihələr gerçəkləşdirib. Artıq qələbədən sonra Böyük qayıdışa uğurlu start verilib və Zəngilan rayonunun Ağalı kəndinə sakinlər köçürülüb.
İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı infrastruktur layihələri icra olunur. Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikilib. Ötən il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. 2025-ci ildə isə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur. Bərdə-Ağdam dəmir yolu 2023-cü ildə istifadəyə veriləcək. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edildi. 2022-ci il martın 15-də Azərbaycanda inşa ediləcək 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. İşğaldan azad olunmuş ərazilərdə bərpaolunan enerjinin potensialı on min meqavat təşkil edir. Artıq bir neçə su-elektrik stansiyasının açılışı olub. Su elektrik enerjisinin ümumi gücü beş yüz meqavatdan çox olacaq. Yerdə qalan güc isə günəş və külək elektrik enerjilərindən qaynaqlanacaq.
Ötən iki il ərzində Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən quruculuq, bərpa işləri ilə əlaqədar dövlət büdcəsindən bütövlükdə 5 milyard manata yaxın vəsait ayrılıb. Böyük qayıdışın tərkib hissəsi kimi Qarabağ və Şərqi Zəngəzurda əhalinin dayanıqlı məskunlaşması üçün ilkin şərtlərin yaradılmasıdır.
Bir sözlə, bütün bu deyilənlərə əsaslanaraq bir daha əminliklə söyləmək olar ki, 30 illik işğala 44 gündə son qoyan və bu gün Zəfər yürüşünü inamla davam etdirən Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirməklə, Böyük Qayıdışı ən yüksək səviyyədə təmin etməklə bir daha öz qüdrətini bütün dünyaya nümayiş etdirəcək və insanlarımız yurd həsrətinə son qoyaraq öz doğma torpaqlarında firavan yaşayacaqlar.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB