İranla Ermənistanın birgə təxribat planlarında MARAQLAR – TƏHLİL

İranla Ermənistanın birgə təxribat planlarında MARAQLAR – TƏHLİL

İran və Ermənistanın Azərbaycana qarşı təxribat planları barədə son günlər müxtəlif informasiyalar yayılmaqdadır. Hətta bu təxribat planlarının məhz Türkiyədə zəlzələ olmasından, qardaş ölkənin zəlzələ səbəbindən bölgəyə diqqətinin azalmasından qaynaqlandığı da fərziyyələr içərisində yer alır, amma Ermənistanı özünə qardaş ölkə hesab edən İranın təxribat planlarının hələ əvvəldən olduğu, sonuncu dəfə Tehrandakı səfirliyimizdə olmaqla, dəfələrlə öz təsdiqini tapıb.

Sözsüz ki, İran da, Ermənistan da Türkiyədə baş verən zəlzələ ilə bağlı mövcud vəziyyəti “imkan” kimi qiymətləndirə bilər, amma bu, onların yanılmaması demək deyil, çünki istər Ermənistanın, istərsə də İranın bölgədə istənilən təxribatına, terroruna Azərbaycan cavab verdiyi zaman rəsmi Ankara biganə qalmayacaq. Nə Ermənistan, nə də İran tərəfi bölgədə təxribat, terror planını reallaşdıracaq halda Azərbaycanın buna cavab vermək əzmində olduğuna şübhə etmir, çünki Azərbaycan Ordusunun nəyə qadir olduğunu, hansı qüdrətə, gücə, imkana sahib olduğunu hər iki ölkə yaxşı bilir və 44 günlük müharibə zamanı hərbi qüdrətimizin hansı həddə olduğunu görüblər. Üstəlik, Ermənistanla yanaşı İran da şübhə etməməlidir ki, hər hansı birinin törədəcəyi təxribata, yaxud birlikdə törədəcəkləri təxribata qarşı Türkiyə Ordusunun müdaxiləsi bir an belə gecikməyəcək və bu məsələdə zəlzələ hadisəsinin, təbii fəlakətin olması heç bir maneə sayıla bilməz.

Heç şübhəsiz ki, Ermənistan hər zaman təxribat planları qurmaqdadır və bir növ bu ölkə, bu işğalçı ölkə təxribat, terror törətmədən dayana bilmir. Ələlxüsus, Qarabağdan əli üzülən ermənilərin indi hər vəchlə nəyə isə əl atıb aranı qarışdırmaq istəyi, arzusu, ən azından xəyalı anlaşılandır. “Həmişə olduğu kimi, əksər ermənilər xəyal ilə reallığı qarışdırırlar”, deyən erməni analitik Toros Aleksanyanın öz toplumunun bu xislətini açıq şəkildə etiraf etməsi də təsadüfi deyil. Türkiyədə baş verən zəlzələdən “ruhlanan” ermənilərə həmin analitik başa salmaq istəyir ki, əvvəla o qədər böyüklükdə olan ölkə üçün bu hadisə onun çökməsi demək deyil, digər tərəfdən də onlara reallıqla, xəyalı qarışdırmamağı tövsiyyə edir. Amma görünür, ermənilər hələ də xayalı reallıqla qarışdırmaqdadırlar və İranı da məsələyə qarışdırmaqla, bölgədəki “proseslərdə” iştiraka sövq etməklə, hansısa çirkin məqsədə nail olacaqları onlar tərəfindən xəyal edilir. Rəsmi Tehran nə qədər tez dərk etsə bir o qədər yaxşı olar ki, İrandan əvvəl Ermənistanın bölgə ilə bağlı öz maraqları onlar üçün ön planda durur və bu baxımdan İrəvanın sərhəd təxribatlarının nəyə hesablandığı, eləcə də maraqları barədə ilk növbədə düşünmək, həmçinin nəticə çıxarmaq gərəkir.

Əlbəttə ki, Ermənistan tərəfi sərhədlə bağlı danışıqlarda müəyən qədər də olsa “durum” əldə etmək üçün Azərbaycan Ordusunun nəzarət etdiyi strateji ərazilərdə irəliləmək arzusundadır, baxmayaraq ki, bu, elə xəyal olaraq görülür. Rəsmi İrəvan dəfələrlə şahidi olub ki, danışıqlar zamanı bir addım yox, çox geredədir və Azərbaycan tərəfi qalib tərəf olaraq çıxış edir. Hər dəfə danışıqlarda razılaşmaqdan başqa çarəsinin olmadığının şahidi olan Ermənistan hakimiyyəti bu baxımdan hansısa irəliləyişə nail olmaqda maraqlıdır. Buna görə də planlaşdırdıqları təxribatların reallaşmasını arzulayır, daha doğrusu xəyal edir. Ən azından hansısa təxribatların plan olaraq qarşılarına qoyulduğu mümkün haldır və hər an öz çirkin planları naminə hansısa addım ata bilərlər.

Eyni zamanda, onu da unutmaq lazım deyil ki, Ermənistan hər zaman qara-qışqırıq salaraq, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə çalışıb. Uzaq keçmişdə olanlar bir tərəfə, son zamanlar Laçın yolunda ekoaktivistlərin dinc aksiyası üzərindən Azərbaycana qarşı beynəlxalq təzyiqə nail olmaq planları, istəkləri bunun əyani sübutudur. Həmin o dinc aksiyanı dünya ictimaiyyətinə tamamilə yanlış şəkildə təqdim etmək üçün ermənilərin əllərindən gələni əsirgəmədikləri heç kim üçün sirr deyil. İkinci Dünya Müharibəsi zamanı Lininqrad şəhərinin alman qoşunları tərəfindən 872 gün davam edən hərbi blokadası ilə ekoaktivistlərin dinc aksiyasını utanmadan müqaisə edən ermənilərin məqsədi Bakıya qarşı beynəlxalq ictimaiyyətin təzyiqinə nail olmaq idi. Buna əlbəttə ki, nail ola bilmədilər, çünki əvvəla, beynəlxalq hüquqda Qarabağ Azərbaycan ərazisi kimi tanınır, digər tərəfdən də biz artıq informasiya müharibəsinin də qalibləriyik və onların yalanlarını bütün dünyaya sübut etmək əzmindəyik. Təbii ki, Laçın yolundakı dinc aksiyadan öz çirkin, yalan təbliğatları üçün istifadə edə bilməyən ermənilərin sərhəddə təxribat törədərək Azərbaycanı “təcavüzkar” kimi qələmə vermək istəyi də bundan sonra istisna edilə bilməz.

Hər zaman olduğu kimi, indi də ermənilər hansısa təxribatı törədib sonra da özlərini məzlum, əzilən toplum olaraq göstərmək niyyətindədirlər və bununla da rəsmi Bakıya qarşı beynəlxaq təzyiqlər etmək arzusundadırlar. Burada bir məqam, xüsusən anti-Rusiya arqumentlərini gücləndirmək istəkləri də diqqəti cəlb etməyə bilməz. İndi erməniləri bölgədə Rusiyanın heç nəyə nəzarət edə bilmədiyi, rus sülhməramlılarının mənasız yerə ərazidə olduğu görüntüsünü yaratmaqda maraqlıdırlar və bununla da Avropa İttifaqı missiyasının vacibliyini göstərmək istəyirlər. Ona görə ki, Fransanın birbaşa bölgəyə soxulması Rusiya üçün qəbuledilməz sayılır və bunu rusların həzm etməyəcəyi də hamıya bəllidir. Elə bu fonda da istənilən anda planlaşdırdıqları təxribatları gerçəkləşdirmək niyyətləri baş qaldıra bilər və bununla da, təxribatlar törədərək guya “Ermənistanın təhlükəsizliyini Rusiyanın qoruya bilməməsi” bəhanəsi ilə çıxış edərək, Avropa İttifaqı missiyasının əhəmiyyətini göstərmək istəyə bilərlər. Məqsədləri də birinci növbədə, Fransaya məxsus olan qüvvələrin bu missiya tərkibində bölgəyə soxulması hesab olunur. Deməli, istənilən anda erməni təxribatları gözləniləndir və bu, sadalananlar fonunda Ermənistanın maraqları daxilindədir.

İran tərəfinin də təxribatlarla bağlı öz maraqları var, baxmayaraq ki, Ermənistanı qardaş ölkə adlandırır. İran heç də Ermənistanın ipinin üstünı yük qoymaq niyyətində ola bilməz, çünki ermənilərin nə qədər etibarsız olduğunu molla rejimi hamıdan yaxşı bilir. İranın təxribatların törədilməsində ilk məqsədi, birinci növbədə marağı Türkiyə, Rusiya və Azərbaycanın üçtərəfli razılaşmalar fonunda bölgədə yaratdığı balansın pozulmasıdır və bu balansın pozulması fonunda da bölgədə eskalasiya görüntüsü yaratmaqla, Avropa İttifaqının, həm də Fransanın regionda varlığını molla rejiminin legitimləşdirmək niyyəti göz önündədir. “İran Avropa İttifaqı missiyasının və Fransa jandarmlarının sərhəddə yerləşdirilməsinin əleyhinə deyil”, deyə İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohurinin bəyan etməsi də qeyd olunanları təsdiq edir.

İranın özünün də geosiyasi vəziyyəti yaxşı deyil, bu ölkə hansısa hərbi müdaxilə ssenarisindən qorxur və elə buna görə də rəsmi Tehranın İrəvana yardım etməsi, ələlxüsus Fransanın bölgədə varlığı üçün həmin ölkənin əlinə oynaması da başadüşüləndir. Çünki İran özünə düşmən bəllədiyi İsrailin yaratmaq istədiyi beynəlxalq koalisiyada Fransanın olacağı gözləntisi ilə bu məsələdə maraqlı görünür. Yəni, Tehranın “canfəşanlığı” heç də əbəs yerə deyil və bu, heç də erməni təəssübkeşliyindən irəli gəlmir.

Molla rejimi elə hesab edir ki, sərhəddə yarana biləcək genişmiqyaslı toqquşma ilə məlum üçtərəfli razılaşma da, bunun fonunda Zəngəzur dəhlizi ilə bağlı məsələ də arxa planda qala bilər, baxmayaraq ki, yenə də yanılır. “İran və Ermənistan dəhlizin yaranmasına imkan verməyəcək”, deyə İranın Ermənistandakı səfiri öz açıqlamasında bildirib və bu da deyilənləri təsdiq edir və bəlli olur ki, həqiqətən də Zəngəzur dəhlizinin açılmasına mane olmaq İranım marağı daxilindədir. Avropa İttifaqının bölgəyə gəlişinə hər zaman qarşı çıxan İranın hal-hazırda sözügedən missiya daxilində Fransanın belə iştirakını dəstəkləməsi artıq anlaşılandır və bütün bunlar onu deməyə əsas verir ki, sərhəddə yaratmaq istədikləri təxribatlarda Tehranın və İrəvanın ayrı-ayrılıqda öz xüsusi maraqları var.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə