“Rusiyanın layhəsi” olan və Qarabağa göndərilən Ruben Vardanyanın Moskvaya qaçdığı xəbərləri yayılıb və bunu hətta Ermənistana məxsus mətbuat səhifələri, müxtəlif mənbələr də etiraf edirlər. Onun qaçmasının səbəbi və ümumiyyətlə bunun nədən xəbər verdiyi təbii ki, indi hər kəsi maraqlandırır, çünki bu adamın qəflətən Qarabağda “peyda olması” kimi, onun qəflətən aradan çıxmasının da səbəbsiz olmadığı bəllidir.
İndi Rubenin aradan çıxmasına don geyindirmək üçün Ermənistan tərəfi müxtəlif bəhanələr uydurur, məsələnin əsl mahiyyətindən diqqəti yayındırmağa çalışır, çünki əsl mahiyyət onlar üçün heç də arzuolunan deyil. Ermənistana məxsus mənbələr belə bir fikri yaymağa çalışır ki, guya Ruben Vardanyan Xankəndindəki siyasi vəziyyəti aydınlaşdırmaq üçün Moskvaya gedib. Nəyə görə qaçıb yox, gedib deyilir? Xəlvət şəkildə aradan çıxmağa gedib demək olmaz axı. Qəflətən yoxa çıxmaq getmək demək deyil, qaçmaqdır, bu bir. İkincisi də əgər Ruben özünü bir səlahiyyətli, bir dövlət adamı sayırdısa, hansı ki, belə də özü-özünü elan etmişdi, onun gedişi rəsmi şəkildə olmalı idi, xəlvəti yox. Əgər bu gediş xəlvəti olubsa, deməli, burada gizlin və diqqət çəkən məqamlar var.
Yayılan məlumatlarda qeyd olunur ki, Ruben Vardanyan sülhməramlıların paltarını geyinərək Qarabağdan çıxıb, özü də onlara məxsus avtomobildə. Necə deyərlər, tülkü kimi gəldiyi kimi, tülkü kimi də ərazilərimizi tərk edib və gəldiyi yerə Moskvaya yollanıb. Bu adamın gəlişinin də gizlin tərəfləri var idi, gedişi də gizlinlərlə doludur. Deməli, aydın məsələdir ki, Ruben adlı iblis Qarabağ ərazisinə hansısa oyunun bir fiquru kimi gəlmişdi. İndi bu iblisin qəflətən, özü də xəlvət şəkildə Möskvaya qaçması ya onun həmin oyundan fiqur olaraq xaric olunması, ya da ümumiyyətlə oyunun bitməsi kimi başa düşülür. Çox güman ki, oyunda “mat” olan tərəf bu lahiyənin, Vardanyan layihəsinin fiaskoya uğradığı qənaətinə gəlib və həmin layihəni sonlandırmaq qararındadır. Hər bir halda bəlli olur ki, Vardan layihəsi fiaskoya uğrayıb və artıq başa çatıb. Bu qənaətə gəlmək üçün təkcə deyilənlərə əsaslanılmır, yetərində məntiqi əsaslar, məqamlar, faktlar var.
Bir zamanlar gur-gur guruldayan Vardanyanın son vaxtlar səsi demək olar ki, batmışdı və ara-sıra eşidilirdi. Son günlər isə proseslərdən tamamilə kənarda qalması da təsadüfi ola bilməzdi. Bu adam özü hamıdan qabaq ümidini itirdiyi bəlli olur. Bunu onun nitqində də hiss etmək çətin deyildi. Məsələn, İtaliya və İspaniya mediasına bir neçə gün öncə müsahibə verən Rubenin nitqində çarəsizlik çox aydın şəkildə duyulurdu. “Avropa İttifaqı əməldə heç nə etmi, ancaq sözdə danışır”, deyən qondarma dövlət nazirinin ümidlərini belə itirdiyi hiss olunurdu, halbuki ümid sonda yoxa çıxandır. Deməli, bu sondur, özü də onun özünü və haqqında qeyd etdiyimiz Vardanyan adlı layihənin sonu.
Doğrudur, Ruben Vardanyanın Qarabağdan getməsi həmin ərazilərdə məskunlaşan separatçıların dayanması demək deyil. Buna etməyə dəyməz. İndi həmin ərazidə Araik özünü rahat hiss edə bilər və yenə də sərsəm bəyanatları ilə ortaya atıla bilər, amma müzakirə mövzusu bu deyil, onsuz da bundan əvvəl də bu kimi hallarla rastlaşılıb və bizi bu təəccübləndirən də deyil. Müzakirə mövzusu odur ki, Rubenin Qarabağdan getməsi, daha doğrusu qaçması tamam başqa məqamlardan xəbər verir ki, bu da birbaşa Rusiya ilə əlaqəlidir. Görünən odur ki, əvvəla Rusiya Vardanyanla bağlı layisinin puç olduğunu qəbul edib, bununla barışıb, digər tərəfdən də bu məqam həm də Moskvanın Bakı ilə çoxdan anlaşmaq qərarına gəldiyindən xəbər verir. Bir sözlə, Ruben Vardanyanın əraziləmizi, Qarabağ ərazilərini hər nə yolla olur-olsun tərk etməsi Azərbaycanın tələblərinin qəbul ediləcəyi haqda ümidlərin doğrulması deməkdir.
Maliyyə fırıldaqçısı kimi ad qazanan və Rusiyanın paytaxtını qoyub, vətəndaşlığından da imtina edib Qarabağda məskunlaşmağı qərara alan Vardanyanın vəsaitlərdən imtina etdiyi lap əvvəldən ağıla batan görünmürdü. Hər kəs bilirdi ki, bu maliyyə fırıldaqçısı Qarabağa da eyni fırıldaqçılıqla gələ bilər. Sonradan bəlli oldu ki, Qarabağda mədənlərin qanunsuz istismarı imiş bu fırıldaqçını həmin ərazilərə gətirən, yaxud yollayan. İş orasındadır ki, həmin o maliyyə fırıldaqçısının halı, vəziyyəti heç də düşündüyü kimi, hətta onun adı ilə bağlı layihə də düşünüldüyü kimi olmadı. Laçın yolunda ekoaktivistlərin aksiyaları, mədənlərin monitorinqi tələbləri Qarabağ ərazidinə Moskvadan gələnin də, onu yollayanın da yuxusunu ərşə çəkdi. Bu hal onları razı salacaq hal deyildi, amma rastlaşmaq məcburiyyətində qaldılar. İndi birdən, qəflətən, özü də müəmmalı şəkildə Rubenin Moskvaya qaçması onu deməyə əsas verir ki, Rusiya artıq Azərbaycanın öz ərazisindəki mədənlərin qanunsuz istismarının dayandırılması tələbini də qəbul etmək fikrindədir, həmin mədənlərdə monitorinqin aparılması tələbini də. Elə isə, yəni bir halda ki, mədənlərin istismarından gələn vəsaitlərin bir hissəsindən əli üzüldüyü halda Vardanyanın həmin ərazilərdə nə işi ola bilər?
Ola bilsin ki, hansısa bir daha iyrənc, daha hiyləgər plan ilə Vardanyan, necə qəflətən və xəlvət qaçıbsa, eləcə də yenə ərazilərimizdə, Qarabağda peyda ola bilər. Amma artıq bu, həmin o plan üzrə olmayacaq. Hər bir halda o bundan sonra əvvəlki fiqur ola bilməz. Hadisələr göstərir ki, Rusiya Azərbaycanın tələbləri ilə razılaşmaq niyyətindədir və belə olan halda onun layihəsi oyun müstəvisində “sartir” vəziyyətində qalmış olur. Həm də artıq Rusiya tərəfi görür ki, Azərbaycanın ekoaktivistləri öz niyyətlərində israrlıdır və göndərilən sülhməramlılar özləri də Laçın yolunda aksiya keçirənlərə təsir edə bilmir. Deməli, yaxın zamanda həmin o Laçın yolundakı nəzarət-buraxılış məntəqəsində Azərbaycanın nümayındəsinin də olacağı günün reallığıdır. Bu reallığı görən Rusiya əgər belə bir məqamda Ruben adlı fiqurun Qarabağdan qaçısına rəvac veribsə, daha dəqiq desək, məhəl qoymayıbsa, deməli, Laçın yolundakı nəzarət-buraxılış məntəqəsində Azərbaycanın nümayındəsinin də dayanması barədə Bakının tələbi ilə də razılaşıb.
Xatırladığımız kimi, cəmi ikicə həftə öncə Rusiya xarici işlər naziri Sergey Lavrov Laçın yolundakı “məsələnin” həll ediləcəyini, bu istiqamətdə danışıqların getdiyini bildirmişdi və bu fakt özü də müəyyən məqamlardan xəbər verir. Onun bu açıqlaması təsadüfi deyildi və hadisələrin gedişindən də görünür ki, rəsmi Moskva əvvəlki mövqeyində deyil və Vardanyan artıq fiqur hesab olunmur. Görünən odur ki, Vardanyan geri dönüb Qarabağa bir də gəlsə belə, onun nəinki Qarabağı, ümumilikdə bölgəni tərk edəcəyi artıq qərara alınıb. Özü də ağası tərəfindən qərara alınıb və Ruben də ağasının bu qərarına qarşı çıxacaq deyil. Deməli, Vardanyanın Qarabağ ərazisini tərk etməsi barədə də rəsmi Bakınin tələbi qəbul edilib və Vardanyan layihəsi başa çatıb, bağlanılıb, hansı ki, bu, başqa tələblərimizin də qəbul ediləcəyindən xəbər verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB