Cari ilin 3 fevral tarixində paytaxt Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılış mərasimi olub. Tədbirdə Avropa Komissiyasının, İtaliya, Türkiyə, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Serbiya, Monteneqro, Moldova, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak ediblər. Bu tədbirin məhz Bakıda keçirilməsi Azərbaycanın iqtisadi nüfuzunun və enerji siyasətinin daha üstün pilləyə keçməsinin göstəricisidir. Mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı tədbirdə Rumıniya prezidentinin iştirakını yüksək qiymətləndirərək qeyd edib ki, Rumıniya enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetirir və strateji tərəfdaş olan ölkələrimiz arasında gələcək addımlar əlaqələndirilmiş şəkildə atılacaq.Prezident çıxışının davamında dəyişən və qloballaşan dünyada enerji təhlükəsizliyi məsələlərinin əhəmiyyətinin hər bir ölkə üçün artdığını və enerji təhlükəsizliyinin həqiqətən milli təhlükəsizlik məsələsi olduğunu, yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunmasının önəmli məsələlərdən olduğunu bildirib. Cənub Qaz Dəhlizi layihəsinin iki ildən artıq müddət öncə açılmasına baxmayaraq hazırda onun genişlədirilməsi haqqında danışıqların getdiyini qeyd edən dövlətimizin başçısı artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsinin nəzərdən keçirildiyini və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi haqqında danışıqlar aparıldığını vurğulayaraq bildirib ki, bütün bunlar, alternativ enerji mənbəyinə nə qədər böyük ehtiyac duyulduğunu göstərir və enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir.
Ötən ilin iyul ayında Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayen ilə gələcək planlarımız üçün aydın yol xəritəsi rolunu oynayan enerji sahəsində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Memorandum kimi mühüm sənədi xüsusi qeyd edən Prezident bildirib ki, bugünkü mövcud resurslar, qarşılıqlı siyasi iradə və yüksək qarşılıqlı etimad sayəsində Azərbaycan Avropaya qaz ixracını 2027-ci ilə qədər iki dəfə artırmağı planlaşdırır.Yunanıstanla Bolqarıstan arasında interkonnektorun açılması, Azərbaycan və Rumıniya arasında qaz təchizatı haqqında sazişin imzalanması, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında Yaşıl Enerjinin İstehsalı və Nəqli sahəsində Sazişin imzalanması, Azərbaycan ilə Macarıstan arasında qaz təchizatı sahəsində Anlaşma Memorandumunun imzalanması ilə əlavə əməkdaşlıq imkanlarının yarandığını, enerji təhlükəsizliyi sahəsində yeni səhifə açıldığını diqqətə çatdıran Prezident İlham Əliyev beləliklə, heyətimizə üzv olan ölkələrin sayının artdığını qeyd edib.
Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumunun uğurla icra olunmasının nəticəsidir ki, təbii qaz ixracı ilbəil artır - 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olmuşdur. 2023-cü ildə təbii qaz ixracının 24,5 milyard kubmetr olacağının gözlənildiyini söyləyən dövlət başçısı hasilatla yanaşı ixracın da artırıldığını və onun coğrafiyasının genişləndirildiyini bildirib. Avropa Komissiyası, ABŞ və Böyük Britaniya hökumətləri Cənub Qaz Dəhlizi layihəsini davamlı dəstəkləmiş, eləcə də investisiya və maliyyə imkanları da daxil olmaqla geniş əməkdaşlıq üçün güclü bünövrə təmin etmişlər. Dünyanın aparıcı maliyyə qurumları olan Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası hər iki lalayihəyə maraq göstərən qurumlardır. Prezident İlham Əliyev Yaşıl enerji layihələri barədə danışarkən bərpaolunan enerji sahəsində ölkədə aparılan işlərdən, qarşıda duran planlardan və mövcud potensialdan bəhs edib. O, böyük yaşıl enerji potensialına malik olan Azərbaycanda dənizdə külək enerjisi potensialının 157 qiqavat, quruda külək və günəş enerjisi potensialının 27 qiqavat, işğaldan azad olunmuş torpaqlarda isə 10 qiqavat olduğunu vurğulayıb, Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialının da müəyyən olunduğunu əlavə edib. Prezident nəzərə çatdırıb ki, Azərbaycanda “Masdar” və “ACWA Power” kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı (ümumi həcmi 470 meqavat) iki sərmayə layihəsi həyata keçirilir, həmçinin bu yaxınlarda BP şirkəti ilə birlikdə işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində 240 meqavatlıq elektrik stansiyasının inşasına başlanacaq.Azərbaycanın müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyi bütün layihələrin – istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, istər Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də Cənub Qaz Dəhlizi – hamısının uğurlu olduğunu diqqətə çatdıran cənab İlham Əliyev çıxışının sonunda bundan sonra da Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı ölkənin gələcək planlarının uğurlu olacağına əminliyini bildirib.
Günay Məmmədli
YAP Yasamal rayonu “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB