Aİ-nin “mülki missiyasının” tərkibində 70 nəfər Fransa jandarmı da var! SENSASİYALI İDDİA

Aİ-nin “mülki missiyasının” tərkibində 70 nəfər Fransa jandarmı da var! SENSASİYALI İDDİA

İddialar təsdiqini tapır – Ermənistan yeni müharibəyə hazırlaşır (?)

Avropa İttifaqına məxsus monitorinq missiyasının Ermənistana göndərilməsi prosesində iddia edilən faktlar öz təsdiqini tapmaqda davam edir. Belə ki, məhz Fransanın təhriki və təkidi ilə, eləcə də Azərbaycanla heç bir razılaşdırma aparılmadan göndərilən monitorinq missiyasının sözdə mülki, əməldə isə hərbiləşdirilmiş heyətdəki təyinatı da belə qənaətə gəlməyə zəmin yaradır ki, daha əvvəldən irəli sürülən iddialar əslində qeyd edilən reallığı yetərincə əks etdirməkdədir. Fakt budur ki, delimitasiya və demarkasiya olunmamış, yəni qeyri-müəyyən olaraq qalan sərhədlərimiz yaxınlığında müşahidə aparacaq “missiyanın” tərkib hissəsi yalnız avropalı kəşfiyyatçılardan, ordu generallarından, sabiq yüksək rütbəli polis əməkdaşlarından ibarət olmayacaq, bu heyətə paralel olaraq Fransanın müdafiə nazirliyinə məxsus jandarmeriya qüvvələri də daxil olmaqdadırlar.

Fransanın siyasi-diplomatik kuluarlarında Ermənistanın Azərbaycanla müəyyən olunmamış sərhədlərində aparılacaq monitorinqin işinə hərbi-siyasi kontingent əlavə olunması ilə bağlı qızğın müzakirələr aparılır

Onu da qeyd edək ki, bugünlərdə Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov ölkə medialarından birinə verdiyi müsahibəsində sensasion iddia ilə çıxış edərək bildirib ki, artıq Fransanın siyasi-diplomatik kuluarlarında Ermənistanın Azərbaycanla müəyyən olunmamış sərhədlərində aparılacaq monitorinqin işinə hərbi-siyasi kontingent əlavə olunması ilə bağlı qızğın müzakirələr aparılır.

O cümlədən, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin də etirafına görə, müşahidə missiyasının tərkibinə 70 nəfərədək fransız jandarmı da daxil olacaq.

Byuisson həmin informasiyanı bilavasitə Fransa prezidentindən alıb

Başqa tərəfdən, bu yaxınlarda Fransanın aparıcı “Le Fiqaro” nəşrinin baş redaktoru Jan Kristof Byuisson da belə bir informasiya ilə bölüşüb ki, Fransanın Ermənistana hərbi missiyasını göndərməsi ilə bağlı mümkün variantlar ətrafında müzakirələr aparılır. Bu baxımdan, ehtimal var ki, Byuisson həmin informasiyanı bilavasitə Fransa prezidentindən alıb. Belə ki, yanvar ayının sonunda Emmanuel Makron adıçəkilən jurnalisti Yelisey sarayında qəbul edib və məhz həmin görüşdən sonra Byuisson sözügedən informasiya barədə danışıb, hazırlanan hərbi missiya barəsində fikir irəli sürüb.

Vitali Arkov: “Müşahidəçi adı altında regiona qərb xüsusi xidmət orqanlarının və hərbi müşavirlərinin gəlmələri artıq aydın görünməkdədir”

“Bakı avropalı müşahidəçilərin qonşu Ermənistana yerləşdirilməsi ilə bağlı birmənalı olaraq sağlam addım atır”. Bu fikirlərlə isə Rusiyanın tanınmış siyasi şərhçisi Vitali Arkov çıxış edib. Onun sözlərinə görə, missiyanın mülki olmayacağı əslində əvvəldən məlum idi və artıq həmin faktlar üzə çıxmağa başlayır. O, hesab edir ki, Aİ-nin tərkibində göndərilən “mülki missiya” heç də mülki deyil və hərbi kontingent xarakterinə daha çox yaxındır. Bu isə regionda sabitliyin əldə olunmasına ciddi maneələr törədə bilər. SİTAT: “Müşahidəçi adı altında regiona qərb xüsusi xidmət orqanlarının və hərbi müşavirlərinin gəlmələri artıq aydın görünməkdədir. Və Bakı ilə İrəvan arasında hazırlanan sülh razılaşması imkanları üzərində işlərin aparıldığı bir zamanda belə bir addımın atılması yeni hərbi təxribatların törədilməsinə hesablanıb. Hansı ki, bunun nəticələri Ermənistanın özü üçün faciəvi sonluq gətirə bilər”.

Rusiyalı politoloq: “Kollektiv Qərbin planı Ermənistandan istifadə etməklə Qafqazda Ukrayna variantını yaratmaqdan ibarətdir”

Rusiyalı siyasi şərhçi hesab edir ki, bu gün sağlam düşüncəli insanlar aanlayırlar: Qərb və Fransa tərəfindən dəstəklənən Nikol Paşinyan rejimi nəinki qonşularına, habelə erməni xalqının özünə də təhlükə yaradır. SİTAT: “Lakin nə Paşinyanı, nə də onun qərbli xozeyinlərini nəinki erməni xalqının, eləcə də qonşu ölkələrin əhalisinin taleyi, müqəddəratı maraqlandırmır”.

Arkova görə, Paşinyan Ermənistanı onun dövründə zəif bəndə çevrilib və Qərbdəki müəyyən güclər onu Rusiyaya, Türkiyəyə və İrana qarşı istifadə etməyə çalışırlar. Məqsəd onların regiondan sıxışdırılıb-çıxardılmasına, zəiflədilməsinə və irimiqyaslı layihələrin realizəsinə imkan verilməməsinə hesablanıb. SİTAT: “Hər şey gün kimi aydındır – kollektiv Qərbin planı Ermənistandan istifadə etməklə Qafqazda Ukrayna variantını yaratmaqdan ibarətdir”, deyə rusiyalı politoloq rezümə edib.

Göründüyü kimi, Aİ-nin sözdə mülki missiyası arxasından daha ciddi və təhlükəli qığılcımların saçdığını müşahidə etmək elə də çətinlik yaratmır və bu kimi məsələlərdə biz bir daha riyakarlıq faktorlarını görməyə başlayırıq - əsasən də Fransanın kirli siyasətini. Lakin söz yox ki, əgər onlar Qafqazı ikinci Ukraynaya döndərməyə cəhd göstərərlərsə bu zaman yanlış qərarda olduqlarını da anlamalı olacaqlar. Anlayanda isə çox gec olacaq. Qafqaz heç də onların dişlərinin batacaqları yer deyil!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə