Azərbaycan–Rumıniya münasibətlərində inkişafın perspektivləri ŞƏRH

Azərbaycan–Rumıniya münasibətlərində inkişafın perspektivləri ŞƏRH

Rumıniya 1991-ci ildə müstəqilliyimizin bərpa edilməsini tanıyan ilk Avropa dövlətlərindən biridir. Həmin illərdən başlayaraq Azərbaycan–Rumıniya münasibətləri davamlı olaraq dostluq və əməkdaşlıq ruhunda inkişaf edib. Hələ 1990-cı illərdə Heydər Əliyevin tarixi İpək Yolunun bərpası ilə bağlı təşəbbüsünə qoşulan Rumıniya keçən 30 il ərzində Azərbaycan tərəfindən irəli sürülən bütün beynəlxalq və regional layihələrə dəstək nümayiş etdirib. Bütün bu müddət ərzində dövlət başçıları, dövlət, hökumət və parlament qurumları arasında qarşılıqlı təmaslar intensiv şəkildə davam etdirilib. Hər iki ölkənin prezidentləri, baş nazirləri və parlament sədrləri dəfələrlə qarşılıqlı səfərlər ediblər. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımız xüsusilə faydalı olub. BMT çərçivəsində, eləcə də ATƏT, Avropa Şurası, NATO, Qara Dəniz Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumların Parlament Assambleyalarında Azərbaycan və Rumıniya hər zaman bir-birinə siyasi dəstək nümayiş etdirib. 2017-2021-ci illərdə rumıniyalı deputat Norika Nikolai, 2021-ci ildə isə keçmiş Rumıniya prezidenti Troyan Besesku Avropa Parlamentində Azərbaycan üzrə daimi məruzəçi olublar. Həmin illərdə Avropa Parlamentində ölkəmizlə bağlı müzakirə olunan məsələlərdə həmişə obyektiv mövqe nümayiş etdirərək Azərbaycanın haqlı mövqeyini dəstəkləyiblər.

Rumıniya Avropa İttifaqının enerji təminatında Azərbaycanın əvəzedilməz rolunu yüksək qiymətləndirərək Cənub Qaz Dəhlizi layihəsinə Aİ çərçivəsində dəstək verilməsinin təşəbbüsçülərindən olub. Cənub Qaz Dəhlizi istifadəyə verildikdən sonra ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün potensial dəfələrlə artıb. Əvvəllər Azərbaycan Rumıniyaya yalnız neft tədarük edirdisə, bu gün artıq Azərbaycan qazının da Cənub Qaz Dəhlizi vasitəsilə Rumıniyaya çatdırılması üzrə hazırlıq işləri aparılır. Keçən ilin sonunda Buxarestdə imzalanmış yaşıl enerjinin ötürülməsi ilə bağlı strateji əməkdaşlıq haqqında Saziş gələcək əməkdaşlığımızın daha böyük miqyaslı xarakterindən xəbər verir.

Rumıniya Prezidentinin ölkəmizə budəfəki səfəri zamanı müzakirə olunan məsələlərin gündəliyindən də göründüyü kimi, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər potensial mövcuddur. Artıq bu əməkdaşlıq təkcə neft-qaz sahəsini yox, həm də kənd təsərrüfatı, rəqəmsallaşma, nəqliyyat kimi daha geniş sferaları əhatə edəcək. Azərbaycan–Rumıniya əməkdaşlığının genişlənməsi isə öz növbəsində Azərbaycan-Avropa münasibətlərinin sabitləşməsinə və artan dinamika üzrə inkişafına öz töhfələrini verəcək.

Rumıniya Azərbaycanın səmimi və əsl dostudur. Rumıniyanın mövqeyi hər zaman bəlli olub. Biz ölkələrin ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyib. Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər doğrudan da strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir.

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin

Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə