AZƏRBAYCAN-TÜRKİYƏ “BİR MİLLƏT, İKİ DÖVLƏTDİR!” ŞƏRH

Türkiyədə baş vermiş dağıdıcı zəlzələ ilə xəbər bütün dünyanı sarsıtdı. Zəlzələ nəticəsində dünyasını dəyişənlərin yaxınlarına başsağlığı verir, yaralılara isə Allahdan şəfa diləyirəm. Bu gün baş verən təbii fəlakət hər birimizi sarsıtdı. Çünki tarixin sınaqlarından şərəflə çıxan Türkiyə-Azərbaycan qardaşlığı buu gün dünyaya nümunədir. Hər zaman olduğu kimi Azərbaycan xalqı və Prezident İlham Əliyev Türkiyənin yanındadır. İlk andan Prezident İlham Əliyev və digər dövlət qurumlarının rəhbərləri Türkiyəyə başsağlığı verməsi, məhz bu qardaşlığın, "Bir millət, iki dövlət" olmasının gerçəkliyidir. Dövlət başçımız telefon danışığı zamanı qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırdı, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirdi. Azərbaycan Prezidenti qeyd etdi ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Bəli, bir millət, iki dövlət... Dünyada olmayan sarsılmaz, əbədi, bir-birinə dayaq, dəstək olan iki qardaş ölkə - Azərbaycan və Türkiyə ağrı-acılarını da, xoş günlərini də birlikdə yaşayır, birlikdə kədərlənib, birlikdə sevinirlər. Və elə bütün çətinliklərə qarşı da daim çiyin-çiyinə mübarizə apararaq birliklərinin gücündən doğan əzmlə qalib gəlirlər...

Həmçinin, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da Türkiyəyə dəstək olaraq sosial şəbəkədəki hesabında paylaşım edərək Türkiyə xalqının kədərinə şərik oluğunu, kədərləri bizim də kədərimizdir yazmışdır. Bəli, bu gün həm Türkiyə, həm də Azərbaycan xalqını sarsıdan çox acı günləri yaşayırıq. Qardaş Türkiyəyə Allah özü kömək olsun. Azərbaycanın Türkiyə ilə əsl qardaş, etibarlı dost olduğunu əyani şəkildə nümayiş etdirir.

QARDAŞ KÖMƏYİ

İstər xoş günlərdə, istərsə də çətin məqamlarda Azərbaycan daim qardaş Türkiyənin, Türkiyə isə Azərbaycanın yanında olur. Bu sarsılmaz birliyin qüdrətinə 44 günlük şanlı Vətən müharibəsində bütün dünya bir daha şahid oldu. Tarixi torpaqlarımızın işğalçılardan azad edilməsi üçün qalxdığımız Vətən savaşında qardaş ölkə Türkiyə haqq işimizi müdafiə edərək Qarabağın azadlığa qovuşdurulmasında Azərbaycana həm mənəvi, həm də siyasi dəstək oldu. Həmin dövrdə nə qədər beynəlxalq təzyiqlərlə qarşılaşsa da, qardaş ölkə bu mövqeyindən bir addım da geri çəkilmədi, daim Azərbaycanın yanında oldu.Və bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları tarixin ən dar məqamlarında, ən çətin günlərində belə öz sözünü deyir. İlk yardıma yetişən ölkə, qardaşını dar gündə qoymayan Azərbaycan dövləti bu dəfə də çətin günündə Türkiyənin yanındadır və öz yardımını edir. Ölkə başçısının tapşırığına əsasən, qardaş ölkəyə artıq bütün yardımlar edilir. Başqa cür də ola bilməz, bu, bizim qardaşlıq borcumuzdur. Çünki biz Türkiyə ilə bir millət, iki dövlətik, sevincimiz də, kədərimiz də eynidir. Azərbaycan xalqı olaraq hər zaman qardaş Türkiyənin yanındadır və bundan sonra da olacaq. Çünki Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır. Qırx dörd günlük İkinci Qarabağ müharibəsində bu birliyin ən yüksək zirvədə olduğunu bir daha gördük. Eyni zamanda, iki dost, qardaş ölkə arasında müttəfiqlik sənədinin 15 İyun - Milli Qurtuluş Günündə Qarabağımızın tacı, musiqi beşiyimiz Şuşada imzalanması dünyaya bu birliyin, həmrəyliyin gələcəyi ilə bağlı bir çox məqamları çatdırdı. Vətən müharibəsində dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadan “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” bəyan etdi.

Budur qardaş dayağı, budur çətin günün sınağından çıxmaq. Budur - bir millət, iki dövlət münasibəti. Doğrudur, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz!

Azərbaycan Prezidenti İlham Əliyevin də çıxışlarında dəfələrlə vurğuladığı kimi, dünya miqyasında ikinci belə ölkələr tapılmaz ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, belə arxa-dayaq dursun. Tarixən var olan və möhkəm özüllər üzərində qurulan bu qardaşlıq körpüsü gündən-günə daha da möhkəmlənir.

Xalq şairi Bəxtiyar Vahabzadənin bu qardaşlıq birliyini ifadə etdiyi şeirində olduğu kimi:

Bir ananın iki oğlu,

Bir amalın iki qolu.

O da ulu, bu da ulu, –

Azərbaycan – Türkiyə.

Bir sözlə, qardaş Türkiyə hər zamankı kimi, Azərbaycanın yanındadır, Azərbaycan da hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanındadır.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə