AZƏRBAYCAN QLOBAL ENERJİ TƏHLÜKƏSİZLİYİNİN ƏSAS TƏMİNATÇILARINDANDIR TƏHLİL
PREZİDENT İLHAM ƏLİYEV: “Enerji təhlükəsizliyi məsələləri hər ölkə üçün daha çox əhəmiyyət kəsb edir”
2015-ci ildən başlayaraq Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası davamlı olaraq neçə ildir ki, Azərbaycanda keçirilir və tədbirə nüfuzlu xarici şirkətlərin, beynəlxaql təşkilatların nümayəndələri qatılır. Bu, bir daha Azərbaycanın çox mühüm enerji coğrafiyası mərkəzlərindən biri olmasını və belə bir mötəbər toplantıya ev sahibliyi etməklə Avropa İttifaqının yaxın strarteji tərəfdaşına çevrildiyini təsdiqləyir. Bu gün real faktordur ki, Cənub Qaz Dəhlizi ideyası Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və xarici siyasət strategiyası sayəsində reallaşıb. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bu layihə əvvəldən gələcək üçün nəzərdə tutulmuşdu, layihənin ilk günlərindən potensialın genişləndirilməsi barədə artıq danışılırdı. Bu baxımdan Cənub Qaz Dəhlizi Prezident İlham Əliyevin uzaqgörən siyasətinin təzahürüdür. Belə ki, əvvəlki toplantıda olduğu kimi, fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında prezident İlham Əliyev bildirib ki, bu gün biz, əlbəttə ki, gələcəyə doğru baxırıq, yaşıl enerji ilə bağlı Məşvərət Şurası yaranıb: "Cəmi dörd ölkə var və heyət kifayət qədər kiçikdir. Lakin onun böyüməsi potensialı var. Nəinki hökumətlər, o cümlədən şirkətlər də belə mühüm təşəbbüsdə iştirak etməyə maraq göstərəcəklər".
AZƏRBAYCAN AVROPANIN ENERJİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİNDƏ VACİB ÖLKƏDİR
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında dövlətimizin başçısı: «Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır və adətən görüşlərdə söylədiyimiz kimi enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunmasına gəldikdə, bütün bunlar birgə səylərimizlə edilmişdir və indi görünür, bu, heç vaxt görünmədiyi kimi vacibdir. Yaxşı haldır ki, biz hər bir şeyi vaxtında etdik, vaxt itirmədik” sözləri göstərir ki, bütün işlər əvvəlcədən dəqiq planlaşdırılır və həyata keçirilir. Ən əsas məqam isə, Azərbaycan Prezidentinin tədbirdə iştirak edən ölkələrlə siyasi münasibətləri inkişaf etdirməsi, eləcə də fəal əlaqələndirmə və Avropa Komissiyası ilə əməkdaşlıq qısa müddətdə öz nəticəsini verib. Belə ki, Yunanıstanla Bolqarıstan arasında interkonnektor açılıb, Azərbaycanla Macarıstan arasında qaz təchizatı sahəsində Anlaşma Memorandumu imzalanıb. Bundan başqa, Azərbaycanla Rumıniya arasında qaz təchizatı haqqında sazişin imzalanması ilə Buxarest Cənub Qaz Dəhlizində iştirak edən ölkələrin heyətinə qoşulub, ilk dəfə olaraq Yaşıl Enerji Məşvərət Şurasının iclası keçirilib, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya yaşıl enerjinin istehsalı və nəqli sahəsində saziş imzalayıblar. Digər bir vacib məsələ, Qara dənizin dibi ilə çəkiləcək elektrik kabelidir. Bu, Avropa qitəsində potensial əməkdaşlıq imkanları açır. Prezident İlham Əliyevin: «Əminəm ki, Rumıniya və Macarıstan yaşıl enerjini qəbul edəcək son məntəqələr olmayacaq” sözləri enerji diplomatiyasının genişlənəcəyini təsdiqləyir. Bu günə kimi, Azərbaycan Prezidenti İlham Əliyev sözü ilə əməli üst-üstə düşüb və reallaşdırmayacağı heç bir sözü deməyib. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Cənub Qaz Dəhlizi və digərləri yaxın tariximiz və gerçəkliyimizdir. Bütün bunlar dövlət başçımızın enerji diplomatiyasının göstəricisidir. Eyni zamanda, beynəlxalq tədbir bir daha göstərdi ki, Azərbaycan Avropa qitəsi ölkələrinin milli təhlükəsizliyinin tərkib hissəsi olan enerji təhlükəsizliyinin təmin edilməsində vacib ölkədir. Bir sözlə, görülən işlər, sadəcə, enerji məsələsi deyil, həmçinin Azərbaycan dövlətinin qüdrətinin artması, dünya siyasətində yerinin möhkəmləndirilməsi və vətəndaşlarının daha yaxşı yaşaması imkanlarının artması deməkdir.
AVROPA QİTƏSİNİN ENERJİ TƏHLÜKƏSİZLİYİ DAHA DOLĞUN VƏ ƏHATƏLİ ŞƏKİLDƏ TƏMİN EDİLƏCƏK
“Biz Bakıda fevralın 3-də keçiriləcək toplantıda ilkin addımı atacağıq və beləliklə, Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcəkdir”,-deyən Prezident İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında deyib. Dövlət başçısı bildirib ki, yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı da Azərbaycanın önəmini daha da artırır: «Əlbəttə ki, yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək. Hörmətli dostum qeyd etdiyi kimi, keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq və bu gün bu məsələlər bir daha müzakirə edildi. Bir neçə gündən sonra Bakıda keçiriləcək birinci rəhbər komitədə bu layihədə cəmləşən ölkələr – Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya bir araya gələrək gələcək fəaliyyətin konsepsiyası üzərində işləməyə başlayacaqlar".
Dövlət başçısı onu da söyləyib ki, bu, çox böyük sərmayə tələb edən layihədir: “Burada həm yaşıl enerjinin istehsalı, ötürülməsi, bazarlara çatdırılması, eyni zamanda, Qara dənizin dibi ilə kabelin çəkilməsi - bütün bu layihələr böyük maliyyə mənbəyi tələb edir, eyni zamanda, çox ciddi koordinasiyanı tələb edir. Ona görə biz Bakıda fevralın 3-də keçiriləcək toplantıda ilkin addımı atacağıq və beləliklə, Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcəkdir”.Bəli, bu gün uğurlu enerji siyasəti reallaşdıran Azərbaycan Avropanın enerji bazarında mühüm faktora çevrilib. Bu vaxta qədər əldə olunan uğurlu təcrübə, yaşıl enerji potensialının düzgün istiqamətləndirilməsi ölkəmizin cəlbediciliyini daha da artırır. Çünki Azərbaycan, həmçinin çox böyük yaşıl enerji potensialına malikdir. Ölkəmizin dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı isə 27 qiqavatdır. Həmçinin Vətən müharibəsi zamanı işğaldan azad etdiyimiz torpaqlarda enerji potensialı 10 qiqavata yaxındır. Bu potensial “yaşıl enerji” sahəsində də uğurlu əməkdaşlığın davam etdirilməsini şərtləndirir. Prezident İlham Əliyevin də söylədiyi kimi: “Bizim güclü siyasi iradəmiz və əlbəttə ki, fəaliyyətimizin uğurlu tarixçəsi var. Bizim müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyimiz bütün layihələr - istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, istər Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də «Cənub qaz dəhlizi» - hamısı uğurlu olmuşdur. Əminəm ki, Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaq”.
Bir sözlə, Prezident İlham Əliyev ölkəmizin enerji potensialını düzgün realizə etməklə, qlobal səyləri birləşdirməklə beynəlxalq enerji gündəliyində Azərbaycanın mövqelərini sürətlə möhkəmləndirir, rolunu artırır və Məşvərət Şurası toplantılarının keçirilməsi bir daha Azərbaycanın Avropa üçün əhəmiyyətli ölkə olduğunu təsdiqləməklə yanaşı, Azərbaycanın dünya siyasətində yerini daha da möhkəmləndirir.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB