Azərbaycan-Rumıniya əlaqələri: nəticələr və perspektivlər ŞƏRH

Azərbaycan-Rumıniya əlaqələri: nəticələr və perspektivlər ŞƏRH

Xarici siyasətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verən müstəqil Azərbaycan dünya dövlətləri ilə əlaqələrini genişləndirməklə dostluq, tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirir. Ölkəmizin möhkəm təməllər üzərində dostluq əlaqələri qurduğu ölkələrdən biri də Rumıniyadır. Zəngin mədəniyyətə, böyük dövlətçilik ənənələrinə, güclü iqtisadiyyata, dünya siyasətində özünəməxsus yerə malik olan Rumıniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin tarixi ölkəmizin müstəqilliyinin bərpasının ilk illərinə təsadüf edir. Xüsusilə də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi”-dən sonra bu ölkə ilə də münasibətlər yüksələn xətt üzrə inkişaf etməyə başladı. Müqavilədə 7 ölkənin 11 ən məşhur neft şirkəti iştirak edib. Bununla da müstəqil dövlətimizin neft strategiyasının və doktrinasının əsası qoyuldu. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi.

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyinin ilk illərindən Azərbaycan ilə Rumıniya arasında ikitərəfli iqtisadi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addımlar atılmış və bu səylər bu gün də davam etdirilir. Azərbaycanın Rumıniyanı neftlə təchiz edən ölkələrdən biridir, eyni zamanda ölkəmiz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüs sahibidir. Son 10 il ərzində dünya bazarında etibarlı qaz təchizatçısı olan ölkəmizin Türkiyə və Gürcüstandan əlavə Avropanın üç ölkəsinə təbii qaz ixrac edir və bunu yaxın gələcəkdə daha da artırmağı planlaşdırır. Dövlət başçısının sözlərini əsas götürsək İonik-Adriatik boru kəməri layihəsinin reallaşması ilə Azərbaycanın öz qazını daha üç Balkan ölkəsinə çatdıracaq.

Rumıniya ilə Azərbaycan arasında siyasi dialoq mühiti formalaşaraq yeni inkişaf mərhələsinə yüksəlmiş, strateji tərəfdaşlığa əsaslanan əlaqələrin möhkəmlənməsi üçün yeni səhifələr açılmışdır. Etibarlı tərəfdaş olan ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsi davamlı surətdə artırılır, mədəni, təhsil və əsasən də enerji sahəsində uğurlu əməkdaşlıq həyata keçirilir. Son on ildə Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsi 2,3 dəfə artıb, Rumıniya şirkətləri Azərbaycanda fəal işləyir, Azərbaycan şirkətləri isə Ruməniyada fəal fəaliyyət göstərir. Təbii ki, ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Dövlət başçısı İlham Əliyevin apardığı uğurlu iqtisadi islahatlar nəticəsində Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi yaxın gələcəkdə daha da artacaq və qeyri-neft məhsulları bu dövriyyədə ciddi paya sahib olacaqdır. Son iki il ərzində Azərbaycan və Rumıniya arasında ikitərəfli ticari dövriyyə sahəsində 31 faizdən çox artım olub. İxrac və idxalda artım müvafiq olaraq 19 və 52 faiz təşkil edib. Ötən il ticari dövriyyə rəqəmləri iki dəfə artaraq 158 milyon ABŞ dolları təşkil edib. İxrac da üç dəfə artaraq 125 milyon ABŞ dollarına bərabər olub. İnvestisiya olaraq Azərbaycan Ruminıya iqtisadiyyatına 135, Rumıniya şirkətləri isə Azərbaycana 30 milyon dollar yatırım edib.

Digər sahələrdə olduğu kimi, sosial sahədə də əməkdaşlıq genişlənməkdədir. Ötən il Rumıniyanın əmək və sosial həmrəylik naziri Marius-Konstantin Budeyin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə oldu, həmin nazirliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında 2023-2024-ci illər üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edən sənəd imzalandı. Azərbaycan və Rumıniya beynəlxalq müstəvidə də daim bir-birini dəstəkləyib, iki ölkə arasında böyük etimad formalaşıb. 30 ilə qədər davam edən Qarabağ münaqişəsi zamanı da Rumıniya beynəlxalq qanunlara əsaslanaraq ədalətli mövqe nümayiş etdirib. 44 günlük Vətən müharibəsi zamanı da Rumıniya Azərbaycanın haqlı mövqeyini dəstəklədi.

Əminik ki, geniş əməkdaşlıq əlaqələrinin məhz bu formada davam etdirilməsi gələcəkdə daha effektiv nəticələr verəcək. Rumıniyadan yüksək səviyyəli nümayəndə heyətlərinin Azərbaycana tez-tez səfərləri, iqtisadi layihələrin həyata keçirilməsində aktivlik göstərməsi iki ölkə arasında münasibətlərdə yeni bir parlaq səhifə açır. Bütün bu işlər Azərbaycan və Rumıniya xalqlarının yaxınlaşması, bir-birini daha yaxından tanıması və gələcəkdə daha geniş tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin qurulması üçün çox vacib addımlardır. Ümumilikdə, humanitar istiqaməti əsas götürərək, xüsusilə, Rumıniya və Azərbaycan arasında turizm, tələbə mübadiləsi, elm sahəsində əməkdaşlıq siyasi və iqtisadi sahələrdə münasibətlərimizin daha da dərinləşməsinə gətirib çıxara bilər.

Zahid Cəfərov

YAP Yasamal rayon “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə

ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə