Milyonların ümidini puç edən YOXSUL ERMƏNİSTAN - TƏHLİL

Ermənistanda vəziyyətin necə olduğu, hətta necə ola biləcəyi belə az qala hər kəsə bəllidir. Bu ölkədə sıravi vətəndaşlar çox acınacaqlı haldadır deyən ermənilər qəti səhv etmirlər, çünki onları düşünən yoxdur və bunu bütün dünya da görür. Görür ki, bu ölkədə yaşayan insanlar adi həyat normalarından çox aşağı səviyyədədirlər və bundan sonra vəziyyətlərinin düzələcəyinə nə onların, nə də digərlərinin ümidləri var. Ona görə ki, adi ermənilərdən fərqli olaraq, erməni məmurların ailələri ərzaq və zəruri malların bahalaşmasını hiss etmirlər və onlar yüksək maaş, mükafatlar, ələlxüsus da korrupsiya hesabına kef çəkirlər və kasıblardan xəbərləri də yoxdur.

Adama elə gəlir ki, 2 milyondan bir qədər çox erməni heç də Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyanla eyni ölkədə yaşamırlar, hətta o qədər fərqli haldadırlar, sanki ayrı-ayrı paralel dünyalara aiddirlər. Bu təəssürat heç də təsadüfi yaranmayıb, həmin ölkənin iqtisadiyyat nazirinin Milli Assambleyanın divarları arasında jurnalistlərlə söhbətindən sonra əmələ gəlib. Kerobyan çox ciddi cəhdlə erməniləri nəyə isə əmin etməyə çalışırmış kimi ölkəsində vəziyyətin yaşılaşmaqda olduğu barədə ağız dolusu danışır. Özü də utanmadan, qızarmadan və bir zəttə xəcalət hissini yaxına buraxmadan danışır. Onun sözlərindən belə çıxır ki, Ermənistanda yaşayanlar artıq bir il bundan əvvəlkinə nisbətən daha yaxşı yaşaşmağa başlayıblar, amma bunu hansı əsasla dediyi hələ də heç kimə bəlli deyil və əgər gözlərini açıb vətəndaşların həddindən artıq kasıb yaşadığını görsə, bir az da utanmaq, qızarmaq hissi olsa xəcalət çəkərdi.

"Ötən ildə, 2022-ci ildə Ermənistanda adambaşına düşən ÜDM artıb”, deyən Kerobyan bunu əsaslandırmadan söyləyir. Guya adambaşına düşən ÜDM-nin təxminən 4620 dollardan 6700-6800 dollara çatacağını uyduran iqtisadiyyat naziri ölkəsini Albaniya, Bosniya və Herseqovina kimi ölkələrlə müqaisə edir, heç təsəvvürü olmayan biri kimi onların sırasında olduqlarını deyir. Ən gülünc məqam isə, jurnalistlərin nazirdən ölkələrində insanların daha pis yaşaması, guya ki, ikirəqəmli iqtisadi artım fonunda yoxsulluğun səviyyəsinin çox yüksək olması fonunda iqtisadiyyatın necə inkişaf etdiyini soruşması zamanı Kerobyanın cavabı olub. “Vətəndaşlar pis yaşamırlar, orta hesabla yaxşı yaşayırlar, ən azından əvvəlkindən yaxşı yaşayırlar, hətta iqtisadi artım da bunu göstərir və əgər iqtisadi artımımızın inklüzivliyini də nəzərə alsaq, deyə bilərik ki, insanların əksəriyyəti daha yaxşı yaşayır”, deyən iqtisadiyyat nazirinin həqiqətən də utanmaq hissinin olmadığı dərhal özünü biruzə verir. Ona görə ki, jurnalistlər haqlı olaraq vəziyyətin ağır olduğunu, ölkələrində yoxsulluğun həddindən artıq olduğunu açıq şəkildə bildirdikləri halda, Kerobyan yalandan belə cavab verirsə, deməli, bu nazirin xəcalət çəkmək kimi bir niyyəti belə yoxdur. Axı hər kəs, ələlxüsus da Ermənistan ictimaiyyəti bilir ki, ermənilər çox acınacaqlı yoxsulluq içərisindədirlər və nazirlərinin söylədikləri ağ yalandır.

Görünür milyonlarla erməninin ümidini, hər zaman olduğu kimi, yenə də Ermənistan hökuməti puç etməkdədir və hətta görünən odur ki, bundan sonra da onların yaxşı yaşamaq şansı sıfırın altındadır. Ona görə ki, milyonlarla insanın, özlərinin hesablamalarına görə, üç milyona yaxın insanın ümidini yoxsul Ermənistan doğrulda bilməz. Bu işğalçı ölkənin vəziyyəti o qədər acınacaqlıdır ki, həmin o yalançı artım barədə deyilənlər ancaq nağıla bənzəyir. Bəli, sözsüz ki, Kerobyan kimi həyasızlar, utanmazlar və ümumiyyətlə, yalana vərdiş edən, bunu adi hal sayan hökumətlər ölkədə ikirəqəmli iqtisadi artım olduğunu göstərə, hətta nümayiş də etdirə bilər, amma əhalinin böyük əksəriyyətinin bunu hiss etməməsi onların yalanlarını ortaya qoyur, insanları aldatmaq cəhdlərini də alt-üst edir.

Ermənistanında yaşayan insanlar inflyasiyanın acı nəticələrini sözün əsl mənasında öz gözləri ilə görür və hiss edirlər və əslində ikirəqəmli, bəlkə də üçrəqəmli olan məhz budur. Bu ölkədə ərzaq məhsullarının hədsiz bahalaşması, bu bahalaşmanın da hər an davam etməsi ermənilərə zərbə vurmaqda davam edir və onların yaşayışları nazirlərinin sözlərinin əksinə olaraq, getdikcə daha da acınacaqlı olur. Belə bir bahalaşma tempi ermənilərə davamlı şəkildə zərbə vurmaqdadır. Son bir ildə Ermənistanda demək olar ki, hər şey, un və un məhsulları, ət və ət məhsulları, süd məhsulları sürətlə bahalaşıb. Bu ölkədə əhalinin əksəriyyətinin gəlirləri sadəcə olaraq bahalaşma ilə ayaqlaşmır, onların maaşları, pensiyaları gündəlik həyatlarına qətiyyən uyğun gəlmir. Ola bilsin, paytaxt İrəvanda tikinti sektorunda, yaxud xidmət sektorunda çalışanların olduğunu iqtisadiyyat naziri nəzərdə tutaraq belə bir həyasız şəkildə söz söyləyir, amma o nəzərə almır ki, İrəvan bütün Ermənistan demək deyil. Kerobyan nə vaxtsa ölkəsinin rayonlarına səfər edib əhalinin yaşayış vəziyyəti ilə, yoxsulluq səviyyəsi ilə tanış olubmu? Bölgələrə səfər etməməsi, orada yaşayanların səfalət içərisində yaşamasını görməməsi bir yana, Kerobyan bilmirmi ki, Statistika Komitəsinin və Dünya Bankının ötənilki birgə hesabatına əsasən, “Ermənistanda sosial mənzərə və yoxsulluğun səviyyəsi” ən acınacaqlı səviyyədədir? Qeyd olunduğu kimi, bu ölkə əhalisinin demək olar ki, böyük əksəriyyəti yoxsulluq, səfalət həddində yaşayır və Kerobyanın utanmadan uydurduğu, adambaşına düşən ÜDM artımını hiss edən yoxdur.

Bu vaxta qədər Ermənistan vətəndaşlarının əksəriyyəti adətən Rusiyaya və Ukraynaya işləmək, qazanmaq üçün üz tuturdularsa, indi məlum hadisələr, yəni Rusiya-Ukrayna müharibəsi fonunda onlar da bundan məhrum olublar. Ən azından ermənilərin bu ölkələrə gedişi məhdudlaşıb. Belə olan halda isə, Ermənistana həmin ölkələrdən olan pul köçürmələrinin də həcminin əhəmiyyətli dərəcədə azaldığı başadüşüləndir. Bu isə o deməkdir ki, işləmək üçün başqa ölkəyə üz tutmaqdan da məhrum olanların təkcə özləri deyil, qohumları da müvafiq olaraq maddi çətinliklə qarşılaşmalı olublar. İqtisadiyyat naziri onu da bilməlidir ki, hazırki, mövcud şəraitdə ölkəyə daxil ola bilən pul vəsaitlərindən də məhrum olan Ermənistan vətəndaşlarının vəziyyəti bir az da acınacaqlı olub. Digər tərəfdən də, işsizliyin səviyyəsinin artması ilə bağlı onsuz da Ermənistanın çətinlik çəkdiyi bir durumda belə bir vəziyyət, yəni işsizlərin başqa ölkələrə gedə bilməməsi həmin ölkə üçün nəinki arzuolunan deyil, tamamilə sıxıntılı hal yaradır. Çünki Ermənistanda işsizliyin aradan qaldırılması üçün hansısa imkandan söhbət belə gedə bilməz. Məşğulluq məsələləri ilə bağlı bu ölkə çoxdandır ki, çətin durumdadır və vətəndaşları üçün iş yerləri təklif edəcək halı belə yoxdur. Bütün bunların fonunda isə ölkənin iqtisadiyyat naziri əhalinin vəziyyətinin keçən ilkindən daha yaxşı olduğunu uydurur, hansı ki, vəziyyət tamamilə tərsinə olduğunu sübut edir.

Doğrudur, ola bilsin ki, Kerobyan özü yaxşı yaşayır. Axı Ermənistanda nazirlər, məmurlar və iqtidaryönlü deputatlar yaxşı yaşayırlar, yaxşı vəziyyətdədirlər. Onlar və ailələri ərzaq və zəruri malların bahalaşmasını hiss edə, duya belə bilməzlər. Bu “hiss etməmək” ənənəsi təəccüblü də görünmür, çünki daim artmaqda olan yüksək maaşlarına əlavə olaraq, korrupsiya və mənimsəmə yolu ilə cüzdanlarını daim doldura bilirlər. “Toxun acdan xəbəri olmaz”, zərb məsəlində deyildiyi kimi, ac Ermənistan vətəndaşlarının acınacaqlı vəziyyəti barədə iqtisadiyyat naziri xəbərsiz olduğunu nümayiş etdirə bilər, amma bu o demək deyil ki, səfalət içərisində olanların yaxşı yaşadığını söyləyəcək qədər həyasızlıq edə bilər. Bir neçə məmurun yaxşı yaşaması, özü də qanunsuz, talama yolu ilə yaşayışını yaxşılaşdırması o demək deyil ki, bütövlükdə Ermənistan vətəndaşları yaxşı yaşayırlar. Əgər bu gün ölkənin hansısa məmuru, naziri vətəndaşların acınacaqlı vəziyyətini düzgün ifadə etmirsə, bunu gizlədirsə, yalan məlumatlar söyləyərək onların yaxşı yaşadığını jurnalistlərə bildirirsə, deməli, həmin ölkə vətəndaşlarının bundan yaxşısına heç gümanı da qalmır. Çünki hansısa məmur, hansısa nazir, yaxud bütövlükdə hökumət bu yoxsulluğun aradan qaldırılmasını düşünmək belə istəmir. Belə olan halda səfalət içərisində olan kütlə nəyə ümid edə bilər? Ümumiyyətlə, özü yoxsul olan dövlət, Ermənistan dövləti vətəndaşlarını yoxsulluqdan necə çıxara bilər? Kerobyanın ölkə vətəndaşlarının yaxşı yaşaması barədə fikirlərini sözlə ifadə etmək asandır, amma bu sözün arxasında vətəndaşların yaxşı yaşayışı durmalıdır, fəqət bunu görən biri yoxdur.

Sözsüz ki, həmin ölkədə məskunlaşan ermənilərin də taleyinə məhz yoxsul Ermənistanda yaşamaq düşüb. Bu ölkənin hakimiyyəti dövlətin və xalqın hesabına öz həyat səviyyəsini yaxşılaşdırmaq barədə düşünür. Əslində, həmin o yoxsul Ermənistanın hakimiyyətinin, ayrı-ayrılıqda məmurunun gücü yalnız elə öz rahatlığını düşünməyə çata bilər, çünki ölkənin bu vəziyyətdən çıxmağa zərrə qədər potensialı yoxdur axı. Ona görə də bütövlükdə Ermənistan hakimiyyəti, elə baş nazir Nikol Paşinyanın özündən tutmuş, Vaan Kerobyana kimi, hər biri reallıqdan çox uzaq olan müsbət rəqəmlər və hesabatlar səsləndirməkdən başqa çarə görmürlər. Yəni, özləri hamıdan daha yaxşı bilirlər ki, yoxsul Ermənistan milyonların ümidini doğrulda bilməz, yalnız puç edə bilər. Buna görə də ağıllarına gələni yalandan danışmağı, əsassız fikirlər söyləməyi, şişirtmə statistik göstəricilərlə daxili auditoriyanı aldatmağı həm məqbul sayırlar, həm də yeganə çıxış yolu hesab edirlər ki, bu da çarəsizliyin təzahürüdür.

Yeri gəlmişkən, Albaniya, eləcə də Bosniya və Herseqovina haqqında bir neçə məqama toxunmaq yerinə düşərdi ki, başda Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan olmaqla, ümumiyyətlə, onun kimi düşünənlər özlərini bir də gülünc günə qoymasınlar. Görünür, Kerobyan və onunla eyni ağılda olanlar məktəbdə və ya ali təhsil müəssisəsində çox zəif oxuyublar, ya heç oxumayıblar və buna görə də dünyanın bu hissəsində, Avropanın ən kasıb olan bu iki dövlətinin iqtisadi inkişaf səviyyəsi haqqında zəif təsəvvürə malikdirlər. Ola bilsin ki, heç bir təsəvvürə də malik deyillər. Əks halda öz ölkələrini belə ölkələrlə müqaisə etməzdilər. Bir ölkənin ki, iqtisadiyyat naziri ölkəsinin həmin o ölkələrin inkişaf səviyyəsinə çatmaqda olduğunu bəyan edirsə, bu, həm həmin ölkənin nazirinin, məmurunun “səviyyəsini” ortaya qoyur, həm ölkənin. Bu, eləcə də milyonların ümidini puç etməkdə olan yoxsul Ermənistanı faş edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə