Qardaş Türkiyədə güclü zəlzələ baş verdi. Həyatını itirənlərin sayı mindən yuxarıdır. 7,7 bal gücündə baş verən yeraltı təkanlar yüzlərlə evi yerlə-yeksan etdi. Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfa səhər saatlarında baş verən təbii hadisənin gurultusuna oyandı. Kahramanmaraşda baş verən və ölkənin bir çox yerində hiss edilən zəlzələdən zərər çəkən bütün vətəndaşlara “keçmiş olsun” deyən Prezident Rəcəb Tayyib Ərdoğan “Ümid edirəm ki, hamımız bu fəlakətdən ən qısa zamanda və ən az zərərlə çıxacağıq. Biz işimizi davam etdiririk”, deyə bildirib. Bəli, Türkiyə yaralarını sarıyır, qardaş Azərbaycandan başqa bütün dost ölkələr zəlzələdən zərərçəkmişlərə yardıma tələsir.

Bu gün həm də başqa bir hadisə, daha doğrusu toplantı keçiriləcəkdi. Türkiyə prezidentinin dediyi kimi, dünya gücləri “Avropadan Amerikaya” ölkədə keçiriləcək prezident və parlament seçkilərinə təsir etmək, Ərdoğana qarşı çirkin kampaniyalar aparmaq məqsədilə birləşmək mesajlarına qarşı qardaş ölkənin atacağı addımalar müzakirə olunacaqdı.

Qeyd edək ki, R.T.Ərdoğan üçüncü prezidentliyə namizədliyini irəli sürür. O, AK Partiyadan namizəd olacaq. Müxalifət partiyalarının koalisiyası hələ ki, öz namizədini açıqlamayıb.

Avropa Birliyi, o cümlədən Amerika qitəsinin bəzi ölkələri terror bəhanəsi ilə Türkiyədəki səfirlik və konsulluqlarını bağlamaq barədə qərar vermələri qardaş ölkədə fərqli fikirlərin hakim olmasını qaçılmaz edib. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu bəhanə ilə konsulluqlarını bağlayan ölkələrdən İstanbulda terror aktı təhlükəsi olduğuna dair sübutların olmasını şübhə altına alıb. “Əgər onların sübutları olsaydı, bizimlə bölüşmək düzgün olardı”, - deyə Şentop bildirib.

O qeyd edib ki, “indiyə qədər heç bir sübut təqdim edilmədiyini nəzərə alsaq, bu, onlarda sübutun olmadığını deməyə əsas verir”. Böyük Britaniyanın İstanbuldakı Baş Konsulluğu fevralın 1-də Türkiyə şəhərinin mərkəzində terror aktları təhlükəsi səbəbindən ziyarətçi qəbulunu dayandıracağını açıqlayıb. İsveç, Hollandiya, Fransa, İsveçrə, Almaniya da daxil olmaqla 9 ölkənin diplomatik nümayəndəlikləri qeyri-müəyyən vaxta qədər bağlanıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, bu ölkələri Türkiyənin müttəfiqi və dostu adlandırmaq çətindir. Rusiyanın İstanbuldakı nümayəndəliyinin bağlanmadığı, gücləndirilmiş mühafizə ilə təmin edildiyi də bildirilib.

"Biz lazımi qərarları verəcəyik”

Türkiyənin Nazirlər Kabineti Qərb ölkələrinin konsulluqlarının bağlanması ilə bağlı cavab tədbirlərinin görülməsi barədə qərar qəbul edəcək. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Aydın şəhərində gənclərlə görüşü zamanı deyib: “Xarici işlər nazirimiz bundan əvvəl bu ölkələrin bütün səfirlərini çağırmışdı. Onlara ultimatum verildi ki, ya bu cür hərəkətlərini dayandıracaqlar, ya da bu onlara çox baha başa gələcək. Bazar ertəsi Nazirlər Kabinetinin iclasımız var. Biz orada lazımi qərarları verəcəyik”.

Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Süleyman Soylu hesab edir ki, Qərb onun ölkəsinə psixoloji müharibə elan edib. Soylu ABŞ səfiri Ceff Fleykə hətta tənqidlə deyil, əsl məzəmmətlə hücum edib. "Çirkli əllərinizi çəkin" deyə nazir tələb edib. Onun qəzəbinə Fleykin ölkənin daxili işlərinə qarışmaq cəhdləri səbəb olub: “Xüsusilə, ABŞ səfiri seçkilərdən bir neçə ay əvvəl mütəmadi olaraq müxalifət liderlərinə təlimatlar verir. Vaşinqtonun Türkiyənin daxili işlərində nə işi var?”.

Prezident Ərdoğanın komandasının ən fəal üzvü olan Türkiyənin daxili işlər naziri Süleyman Soylu hesab edir ki, ABŞ diplomatik korpusu on illərdir Türkiyə əleyhinə siyasət yürüdür. “Hər bir Amerika səfiri sual verir, “Mən Türkiyəyə necə zərər verə bilərəm”. Bu, uzun illərdir Türkiyənin ən böyük bədbəxtliklərindən biri olub. ABŞ-ın Türkiyədəki səfirliyi başqa səfirləri yığıb onlara məsləhətlər verməyə çalışır”, – deyə nazir hiddətlənib.
Soylunun sözlərinə görə, amerikalı diplomatlar eyni şeyi Avropanın digər ölkələrində də edirlər. Onlar xarici ölkələrə pərdə arxasından nəzarət etməyə çalışırlar: “Narahat olmayın, avropalılar bundan üzülməyəcəklər. Onlar bunun doğru olduğunu bilirlər. Onlar Türkiyəni dizayn edə biləcəklərini düşünürdülər, amma bir nəfər onların oyununu məhv etdi – Rəcəb Tayyib Ərdoğan. Mən sizin nə etdiyinizi, hansı addımları atdığınızı, Türkiyəni necə qızışdırmaq istədiyinizi çox yaxşı bilirəm. Çirkli əllərinizi, maskalı sifətlərinizi Türkiyədən uzaqlaşdırın”.

Nəzərə almaq lazımdır ki, nazirdən inciyən Ceff Fleyk hansısa adi karyera diplomatı deyil. Səfir təyin olunmazdan əvvəl o, Arizonadan senator, məşhur və mərhum Con Makkeyin (bir ştatdan seçilmiş) həmkarı olub. Fleyk respublikaçılara mənsub olmasına baxmayaraq, təyinatını demokrat prezident Baydendən alıb.
Soylunun belə emosional çıxışına səbəb olan qalmaqal bu həftə İstanbulda yaranıb: bir anda altı ölkənin - Hollandiya, Almaniya, Fransa, İsveç, İsveçrə və Böyük Britaniyanın konsulluqları bağlanıb. Bağlanmaya səbəb ABŞ səfirliyinin terror aktları təhlükəsi ilə bağlı verdiyi xəbərdarlıq olub. Nədənsə amerikalıların öz konsulluğu bağlanmadı. Səfirliyin məlumatına görə, Avropa ölkələrində Quranın kütləvi şəkildə yandırılmasından sonra terror aktlarının baş vermə ehtimalı artıb.

İstanbul Universitetinin professoru Mehmet Perincek hesab edir ki, amerikalıların terror aktları ilə bağlı etdiyi xəbərdarlıq əslində Türkiyədə terror aktı törətmək təhlükəsinə çevrilib. “Onlar eyham vururlar ki, özlərinin İstanbulun mərkəzində yenidən bomba partlatmağa hazırdırlar, necə ki, noyabrda şəhərimizin əsas turistik küçəsində baş vermişdi. ABŞ həmişə PKK yaraqlılarından Türkiyədə sabitliyi pozmaq lazım olduqda istifadə edir”, professor deyib.

Bu yaxınlarda yarırəsmi “Foreign Policy” jurnalı (Vaşinqton) bir məqalə ilə çıxış edməklə Türkiyədə baş verəcək hadisələri proqnozlaşdırıb: “Ərdoğan Türkiyədəki seçkilərdə qalib gəlsə, Türkiyə “qan gölünə” çevriləcək”. Qeyd edək ki, nəşr ABŞ səfirliyinin hücumları "elan etməsindən" bir həftə əvvəl çıxıb.

Bütün bunlar Ankaranın isveçliləri NATO-ya buraxmaqdan imtina etməsi fonunda baş verir. Türkiyənin NATO qərargahı ilə münasibətləri çox gərgindir. Prezident və parlament seçkilərinə üç ay qalıb. Belə bir nəticəyə gəlmək olar ki, amerikalılar Baydenyönlü, qərbyönlü müxalifətin qələbəsi üçün əlverişli zəmin yaratmaq üçün Türkiyədə xaos yaratmağa başlayıblar. Düzünü desək, xarici diplomatların davranışı Daxili İşlər Nazirliyinin deyil, Xarici İşlər Nazirliyinin fəaliyyət sahəsinə aiddir. Soylunun həmkarı, xarici işlər naziri Mevlüt Çavuşoğlu cümə günü Qərb səfirlərini öz iqamətgahına çağırıb və onları bir az yumşaq tonlarda qınayıb. Əgər Soylu diplomatik nümayəndəliklərin kütləvi şəkildə bağlanması ilə demarşın təşkilatçısı kimi birbaşa Fleyki yaxalayıbsa, Çavuşoğlu bunu daha çevik ifadə edib: “Ankara bilir ki, “bəzi ölkələr başqalarını bu aksiyaya qoşulmağa çağırır. Əgər onlar müttəfiq olsaydılar, bizi yaxınlaşan təhdidlər barədə xəbərdar edərdilər. Əgər terror təhlükəsi varsa, bizə məlumat verməli idilər. Daxili İşlər və Kəşfiyyat Nazirliyimizə müraciət etdik. Konkret məlumat mübadiləsi aparılmadı. Biz hesab edirik ki, bu bağlanma kampaniyaları məqsədyönlüdür, lakin terrorla bağlı deyil”.

Qərb dövlətlərinin tutduğu yanaşma “terrorçuların maraqlarına xidmət edir”. Amerika və Qərb Türkiyənin müstəqil və azad olmağımızı istəmir. Türkiyəyə 60 milyon turistin gələcəyi və 46 milyard dollar turizm gəliri əldə ediləcəyi planlaşdırılan zaman qərblilər bu psixoloji müharibəyə başlayıblar. Terror aktları ehtimalını açıq şəkildə bəyan edən ölkələrin heç biri Türkiyənin hüquq-mühafizə orqanları ilə əlaqə saxlamayıb. Əvvəllər Türkiyə həbsxanalarından “lazım olan insanları” çıxara bilməyən Qərb diplomatları Türkiyəyə qarşı qanuni əməliyyat keçirməyə qərar veriblər, indi isə terror əməliyyatı həyata keçirməyə çalışırlar. Bununla da Qərbin xüsusi xidmət orqanlarının İstanbulda terror aktı hazırladığını deyə bilərik. Qərb ölkələrindən birinin kəşfiyyatçısı Türkiyədə bəzi insanlara “iş təklif edib”. Amma Türkiyə eyni şeyi etməyə çalışsa terrorçu dövlət elan edilə bilər. Bununla bağlı 15 nəfər saxlanılıb, beş nəfər həbs edilib. Terror təşkilatlarını kimin qidalandırdığı məlumdur. Amerika Birləşmiş Ştatları PKK-nı qidalandırır. İllərdir ki, ona pul, maddi-texniki təminat, insanlarla kömək edirlər.

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu nəzdində Müasir Türkiyəni Öyrənmə Mərkəzinin direktoru Amur Hacıyev konsulluqların kütləvi şəkildə bağlanmasını şəxsən Türkiyə liderinə qarşı demarş hesab edir. “Qərb bununla da Ərdoğana və onun Ədalət və İnkişaf Partiyasına düşmənliyini nümayiş etdirir. İndi məlum olub ki, amerikalı parlamentarilər Ankaraya F-16 qırıcılarının tədarükünü Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına vetosunun ləğvi ilə əlaqələndirmək istəyirlər. Ankaranın Aİ və ABŞ ilə münasibətləri hazırda gərgindir. Lakin may seçkilərinin nəticələrindən sonra Qərb Türkiyəni öz təsir dairəsinə qaytarmaq, ona Yaxın Şərqdəki forpostu statusunu qaytarmaq istəyir”, - Hacıyev deyir.

“İndi rəngarəng türk müxalifəti “Altılıq”da birləşib və bu alyans artıq seçki vədlərini və planlarını açıqlayıb, o cümlədən Qərblə yaxınlaşma da var. Ana müxalifət qüvvəsi olan Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu, Altılıq Alyansındakı digər partiyaların nümayəndələri kimi səfir Fleyklə də müntəzəm olaraq görüşür. Bununla belə, cəmiyyətdə Qərbin şıltaqlığına, respublikanın daxili işlərinə qarışmasına qarşı hiddət artır. Eyni zamanda türklərin böyük əksəriyyəti Ərdoğanın xarici siyasət addımlarını bəyənir. Bunun fonunda bəzi partiyalar hətta NATO-dan çıxmaq üçün imza toplanmasına da başlayıblar”, - politoloq izah edir.

Vaşinqton Ankaradan Rusiyaya mal ixracını dayandırmağı tələb edib, çünki bu mal axını Ukrayna əməliyyatını davam etdirmək üçün Moskvaya “kömək edir”. Bloomberg-in mənbələrə istinadən verdiyi məlumata görə, ötən həftə ABŞ maliyyə nazirinin müavini Brayan Nelson Türkiyə rəsmiləri ilə danışıqlar aparıb və o bildirib ki, on milyonlarla dollar dəyərində sanksiya tətbiq edilən mallar artıq Türkiyə üzərindən Rusiyaya çatılıb və onlardan bəziləri ölkədə istifadə oluna bilər.

Ən son məlumata görə, ABŞ və Avropa rəsmiləri terror məsələsini müzakirə etmək üçün yaxın həftələrdə Ankaraya qayıtmaq niyyətindədirlər.

Hələlik isə…

Türkiyə təbii fəlakətin aradan qaldırılması ilə məşğuldur. Prezident Ərdoğan bu gün baş verən zəlzələni 1939-cu ildən bəri ən böyük fəlakət adlandırıb. Kahramanmaraşın Pazarcık rayonunda 7,7 bal gücündə baş verən zəlzələ bir çox şəhərlərdə hiss olunub. Prezident Ərdoğan bildirib ki, 1939-cu il Ərzincan zəlzələsindən sonra ən böyük fəlakətlə sarsıldıq. Zəlzələ mərkəzinə nisbətən yaxın olan əyalətlərimizdə cüzi dağıntılar olsa da, əsas dağıntının burada baş verdiyi anlaşılır. Cənub qonşumuz Suriyanın sərhədlərimizə yaxın şəhərlərində də ciddi dağıntılar yaşanıb. Dövlət zəlzələdən sonra bütün qurumları ilə hərəkətə keçib. Valiliklər dərhal bütün imkanları səfərbər etdilər.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, "TBMM Baş Məclisi zəlzələ fəlakəti səbəbiylə sabah toplanacaq və işinə fasilə verəcək", deyib. Dağıntılar altında olduğu bildirilən AK Partiya millət vəkili Yakup Taşla bağlı Şentop deyib ki, Adıyaman millət vəkili Yakup Taş və ailəsi ilə hələ də əlaqə saxlamaq mümkün olmayıb.

Azərbaycan Prezidenti İlham Əliyev, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, Pakistanın Baş naziri Şahbaz Şərif və Özbəkistan Prezidenti Şevket Mirziyoyev zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyiblər. Türkiyə ilə həmrəy olduqlarını bildirən liderlər türk xalqına ən xoş arzularını çatdırıblar.

6 fevral saat 18:21-ə olan ən son məlumata görə, Türkiyədə zəlzələdə ölənlərin sayı 1121 nəfərə çatıb. Zəlzələ nəticəsində 7634 nəfər yaralanıb, 2834 bina dağılıb. Dağıntılar altından xilas edilənlərin sayı 2470 nəfərə çatıb. Beynəlxalq yardımlar da davam edir. NATO və Aİ-dən başqa 45 ölkədən də yardım təklifi gəlib. Gün 85 milyon bir ürək, bir bilək günüdür. Qardaş Azərbaycan da Türkiyənin yanındadır!

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə