ŞAD GÜNDƏ, DAR GÜNDƏ - AZƏRBAYCAN-TÜRKİYƏ HƏMRƏY OLAN QARDAŞLAR TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Türkiyədə zəlzələ nəticəsində insan tələfatı barədə xəbər Azərbaycanı sarsıdıb”

Tarixin sınaqlarından şərəflə çıxan Türkiyə-Azərbaycan qardaşlığı dünyaya nümunədir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz bütün məsələlərdə bir yerdəyik. Bu gün dünya çapında ikinci belə ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun. Həm etnik köklər, mədəniyyət, tarix və həm də ortaq maraqlar baxımından da Azərbaycan və Türkiyə daim bir yerdədir. Məlum olduğu kimi, fevralın 6-da Türkiyədə baş verən zəlzələ xalqımızı çox sarsıtdı. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı söyləyib ki, çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər Azərbaycanı çox sarsıtdı və kədərləndirdi.

AZƏRBAYCAN VƏ TÜRKİYƏ HƏR ZAMAN BİR-BİRİNİN YANINDADIR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Dövlətimizin başçısı Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini dedi. Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırdı, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirdi. Azərbaycan Prezidenti qeyd etdi ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Dövlətimizin başçısı vurğuladı ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Dövlətimizin başçısı dedi ki, onun tapşırığına əsasən, 420 nəfərdən ibarət xilasedici heyət artıq qardaş ölkəyə göndərilib və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlayacaq. Prezident İlham Əliyev vurğuladı ki, ehtiyac duyulan ləvazimatlarla bağlı yardım da yaxın vaxtlarda qardaş ölkəyə yola salınacaq.

Rəcəb Tayyib Ərdoğan zəngə və başsağlığına görə dərin təşəkkürünü bildirdi. Türkiyə Prezidenti bu qardaş dəstəyinə görə dövlətimizin başçısına və Azərbaycan xalqına minnətdarlığını ifadə etdi. Qeyd edək ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib. Mehriban xanım Əliyeva paylaşımında qeyd edib: «Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”.

ŞAD GÜNDƏ DƏ, DAR GÜNDƏ DƏ HƏMRƏY OLAN QARDAŞLAR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları tarixin ən dar məqamlarında, ən çətin günlərində belə öz sözünü deyir. Azərbaycan dövləti bu çətin günlərdə Türkiyənin yanındadır və meşə yanğınlarının qarşısının alınmasına öz yardımını edir. Göründüyü kimi, biz Türkiyə ilə bir millət, iki dövlətik, sevincimiz də, kədərimiz də eynidir. Azərbaycan xalqı olaraq hər zaman qardaş Türkiyənin yanındadır və bundan sonra da olacaq. Çünki Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır. Qırx dörd günlük İkinci Qarabağ müharibəsində bu birliyin ən yüksək zirvədə olduğunu bir daha gördük. Eyni zamanda, iki dost, qardaş ölkə arasında müttəfiqlik sənədinin 15 İyun - Milli Qurtuluş Günündə Qarabağımızın tacı, musiqi beşiyimiz Şuşada imzalanması dünyaya bu birliyin, həmrəyliyin gələcəyi ilə bağlı bir çox məqamları çatdırdı. Vətən müharibəsində dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadan “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” bəyan etdi.Və bu 44 günlük İkinci Qarabağ müharibəsinin Qələbə Zəfərində iki qardaş birliyi – İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan – “Bir millət, iki dövlət» birliyini nümayiş etdirdi. Dövlət başçımız bu birlikdən qürur duyduğunu söylədi: "Biz də bu qədər möhtəşəm dostumuz olduğu üçün qürurlu və şadıq”.

BU BİRLİYİ İSƏ HEÇ BİR QÜVVƏ SINDIRA BİLMƏZ!

Budur qardaş dayağı, budur çətin günün sınağından çıxmaq. Budur - bir millət, iki dövlət münasibəti. Doğrudur, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz! Göründüyü kimi, bütün bunlar bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir. Bir sözlə, bu gün Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Tezliklə, qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə də iki qardaş dövlət həmişə bir-birinin yanındadır. Dövlət başçımızın dediyi kimi: “Bütün dünyaya göstərdi ki, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq”.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə