Beynəlxalq aləm həyəcan təbili çalmalıdır!
Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumunun əsasında bilavasitə ölkəmizin regionda artan yeri və roluna qarşı təzyiq rıçağından istifadə edilməsi danılmaz bir faktdır. Tehranda oturan fars-şovinist rejiminin xüsusilə, özünü “İslam Respublikası” adı altında pərdələyərək Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı açıq diskriminasiya siyasəti yürütməsi də bu çirkin siyasətin tərkib hissəsi olaraq görünməkdədir.

Uzun illər boyu azərbaycanlı soydaşlarımızı “pis və murdar türk” kimi mətbuatda və s. məkanlarda təhqirlərə məruz qoyanların əsas qorxusu isə bu olub ki, “İran” adlı ölkədə yaşayan və davamlı olaraq təqiblərə, təzyiqlərə məruz qalan 40 milyonluq Azərbaycan türkü əvvəl-axır bir gün ayağa qalxacaq və öz azadlığını, hürriyyətini tələb edəcək, molla rejiminə qarşı sinə gərəcək – edamlara, uzunmüddətli həbslərə, döyülmələrə, vəhşiliklərə rəğmən!
Təbrizlə Bakının bir araya gəlməsi gününə tərəf böyük və geriyə çəkilməyəcək addım atılıb

Təbii ki, bu məsələdə rəsmi Bakının da öz yurddaşlarını, soydaşlarını tənha qoymayacağı faktı fars-molla rejiminin diqqətinə saxlanılırdı. Bu rejim illər uzunu yürütdüyü anti-Azərbaycan siyasətinə qarşı güclü partlayışın baş verəcəyini çox gözəl bilirdi və bu gün həmin an yetişib – Təbrizlə Bakının bir araya gəlməsi gününə tərəf böyük və geriyə çəkilməyəcək addım atılıb.
O cümlədən, bir müddət əvvəl Cənubi Azərbaycan torpaqlarımızda baş verən güclü, dağıdıcı zəlzələdən çarəsiz qalmış soydaşlarımıza qarşı fars-molla rejimi tərəfindən göstərilən biganəlik də məhz Tehrandakı səfirliyimizə edilən qanlı terror hücumunun tərkib hissəsidir. Daha dəqiq desək, bu olayların hər birinin bir-birinə olan bağlantıları ilə ortadadır. Və nə qədər bu rejimə bağlı olan, özlərini “azərbaycanlı” adlandıran xainlər toplumu istər baş vermiş terror olayını “məişət zəminində yaşanmış hadisə” kimi təqdim etməyə cəhd göstərəcəksə bir o qədər də özünü daha çox ifşa etmiş olacaq. Misal üçün, Ərdəbilin baş mollası Seyid Həsən Amuli kimi...
Xoyda, Makuda yaşanan dəhşətli zəlzələdən sonra soyuq və qarlı, şaxtalı havada küçələrdə qalan ana-bacılar, körpə uşaqlar, qocalar onun dediyi qeyrət mücəssəməsinə aid deyilmi?!

Bu xain ünsür özünün tvitter səhifəsində sözügedən terror olayını “qeyrət” (???!!!) məsələsi kimi ictimai rəyə sırıyır. Təkcə onun sərsəm və əsassız olaraq iddia etdiyi bir neçə cümləsinə diqqət yetirək. SİTAT: “Azərbaycan səfirliyində baş verən hadisə qəbuledilməzdir amma, "azərbaycanlı qeyrət ruhiyyəsinin" nəticəsidir... Xanımının səfirliyin köməyi ilə Azərbaycanda olduğunu, uşaqlarının anasız qaldığını və qadının hələ də həyat yoldaşı olduğu halda ailəni tərk etdiyini görəndə həddindən artıq qısqanclıq hissi keçirir və yanlış addım atır. Biz onun bu hərəkətini qətiyyətlə pisləyirik, amma qəbul etməliyik ki, namus-qeyrət hissi güc gələndə səhv addımlar atmaqla nəticələnə bilir".

FOTODA: Xoyda yaşayan soydaşlarımız zəlzələdən sonra Tehran rejiminin biganəliyi ilə üzləşiblər
Reallığa qalanda belə bir gülünc və istehzalı bir “bəyanatla” Tehranın rəsmi “İSNA” agentliyinə danışan Amuliyə belə bir sual ünvanlana bilər – bəs Xoyda, Makuda yaşanan dəhşətli zəlzələdən sonra soyuq və qarşı, şaxtalı havada küçələrdə qalan ana-bacılar, körpə uşaqlar, qocalar onun dediyi qeyrət mücəssəməsinə aid deyilmi?! Cənab Amuli, sənin qeyrətin necə yol verdi ki, sən ümumiyyətlə, bu barədə bir kəlmə də söz danışmadın və terror hadisəsinə öz təbirincə “məişət” donunu geyindirməyə cəhd göstərirsən? Bəs hanı sənin doğru-dürüst qeyrətin? YOXDUR!
“İran” adlı həbsxana!

FOTODA: Azərbaycanlı həkim Fərhad Maithaminin həbsxanadakı vəziyyəti
Bu gün “İran” adlandırılan həbsxanada minlərlə azərbaycanlı öz hürriyyətlərini, azadlıqlarını tələb etdiklərinə görə ağır işgəncələrə məruz qalırlar. Amuli və onun kimilərinin isə öz soydaşlarının halları qətiyyən maraqlandırmır. Məsələn, Kərəc şəhərinin Rəcaişəhr zindanında edam hökmü kəsildiyinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirən həkim Fərhad Maithaminin fotolarının dərci bütün vəziyyəti öz çılpaqlığı ilə ortalığa qoyur.
Luk Kofi “Arab News” saytındakı məqaləsində yazıb: “Amma yaxşı olar ki, dünya İranın şimal sərhədlərinin də qayğısına qalsın”

FOTODA: “Hadson” İnstitutunun baş eksperti Luk Kofi
Bu arada, dünya birliyinin də qınadığı terror hücumu həm də onu sübut edir ki, Tehrandakı olay beynəlxalq aləm üçün həyəcan siqnalı olmalıdır. “Hadson” İnstitutunun baş eksperti Luk Kofi “Arab News” saytındakı məqaləsində yazıb: SİTAT: "Beynəlxalq ictimaiyyətin İrana diqqətinin böyük hissəsi əsasən onun Yaxın Şərqdəki siyasətinə yönəldiyi halda, Tehran da əsrlər boyu Cənubi Qafqazda rol oynayıb”.
O, hesab edir ki, bu gərginliyin əsas səbəbi 1828-ci ildə Rusiya və İran imperiyaları arasında bağlanmış Türkmənçay müqaviləsidir ki, Araz çayı boyunca iki dövlət sərhədini müəyyən edir. SİTAT: “İranda milyonlarla azərbaycanlı yaşayır və hər zaman müstəqillik və muxtariyyət çağırışları eşidilir... Bakı vəziyyəti yaxşı bilir”.
“Hadson” analitik mərkəzinin amerikalı tədqiqatçısı Azərbaycan-İran münasibətlərindən və iki ölkə arasındakı gərginlikdən bəhs edir, həmçinin İslam Respublikasının Qafqaz və Yaxın Şərq regionunda sabitliyi pozan, bir çox hallarda isə təhdid xarakterli, müharibə çağırışlı hərəkətlərinə işarə edir.

FOTODA: Fars-molla rejiminin terrorçuları
Luk Kofi sonda belə nəticəyə gəlir ki, dünyanın diqqəti hələ də Tehranın Suriyadakı addımlarına, Şimali İraqa raket hücumlarına, Körfəzdə sabitliyi pozan terror aktlarına və Rusiyanın Ukraynaya qarşı İran dronlarından istifadəsinə yönəlib. “Amma yaxşı olar ki, dünya İranın şimal sərhədlərinin də qayğısına qalsın”, deyə o bildirib.
Bəli, bu çox doğru və hazırkı məqamda çox məntiqli bir çağırışdır. Əgər Tehran rejimi öz cinayətkar xislətinin coğrafi məkanını daha da genişləndirməyə cəhdlərini davam etdirərsə sonradan həmin cəhdlər regiondan da kənara sıçraya bilər. Ona görə də, nə qədər gec deyil, lazımlı addımın atılması zəruridir!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB