Tahir Talıblı: “Mən də çox əminəm ki, türk törəsinin belə bir köçü yurdlara tərəf qatarlaşacaq” MÜSAHİBƏ

Bu günlərdə özü qədim obalarımızdan, Qərbi Azərbaycandan, sözü babalarımızdan gələn, tanınmış söz adamı, şair Tahir Talıblı ilə görüşdük, xeyli söhbətləşdik, dağı arana, aranı dağa daşıdıq. Tahir müəllim uzun və böyük həyat yolu keçmiş, zəngin biliyi, geniş və əhatəli təcrübəsi ilə seçilən bir ağsaqqalımız, Tahir Talıblı olaraq tanınmış şairdir. Elə görüşümüzün səbəbi də yenicə çapdan çıxmış “Söz-söz olunca” adlı kitabı oldu. Otuz illik bir vaxt ərzində Azərbaycan Teleradio Verilişləri QSC-də, Radionun xalq yaradıcılığı redaksiyasının baş redaktoru kimi yaradıcı bir işin qulpundan tutub. Elə o vaxtdan da 54 illik efir yolu keçmiş, tarixi-etnoqrafik-mifoloji yöndə folklorumuzun gələn gələnəklərilə zənginləşən “Bulaq” verilişinin ssenari müəllifidir.

-Tahir müəllim, siz 1988-ci ildə, dədə-baba torpaqlarımızdan, tarixin ədalətsizliyi ucundan yalançı bir Ermənistan qurulan yurd yerlərimizdən deportasiya olunmuş soydaşlarımızdansınız. Özü də tək sıravi bir soydaş yox, o vaxtlardan da tanınan bir şair, məktəb direktoru kimi şərəfli bir vəzifə daşıyan adam kimi nə demək istərdiniz?

-Əvvəla deyim ki, 1972-ci ildə APİ-nin filologiya fakültəsini bitirib, təyinat yerində bir qədər işlədikdən sonra yurda qayıtmalı oldum. Hər şeyi çalışacam bir qədər qısa danışım. Nə isə, arada əsgərlik və yenə doğma kənd, məktəb. Açığını deyim ki, könlündə bir balaca şeir təlatümü olanlar yaxşı bilir. Adamı Bakı, qəzet-jurnallar, çap olunacaq kitablar çəkir, özü də çox çəkir. Burasını da deyim ki, bir gənc şair kimi özünü təsdiq eləmiş olasan, bir az yekəxana çıxmasın. O vaxtlar dövrü-mətbuata düşmək, çap olunmaq dəvənin iynənin gözündən keçməsi kimi bir iş idi. Çap olunmağa başlamışdım, “Azərbaycan gəncləri” və digər mətbu orqanlarda. Sonuncu kursda ikən çox adlı-sanlı şairimiz Söhrab Tahir uğurlu yol yazdı. 1978-ci ildə o zaman SSRİ Dövlət mükafatı laureatı Nəbi Xəzri şəxsən tanışlığımız olmadan “Ədəbiyyat və İncəsənət” qəzetində çox fikirlər yazmışdı. Təbii ki, belə bir vəziyyətdə gənc şairi paytaxt, çap olunmaq çəkməliydi. Amma şəhərə gəlmək asanmı işiydi. Ev-eşik, özünü dolandırmaq, onsuz da çətin dolana bilən ailəyə bir yük olmamaq. Mənim də Bakıya qayıtmaq arzum elə arzu olaraq qalırdı. Günlərin bir günü müəllim olduğum Evli kənd orta məktəbində direktor yeri boşaldı. Məni o zamankı Kalinino rayonu RXMS-in müdiri təcili çağırdı və dedi ki, yuxarılarla da razılaşdırılıb, səni direktor təyin eləyirik. Açığı mən etiraz elədim, şəhərə köçmək istəyimi önə çəkdim. Söhbət elə bil ki, bu gün olub. Maarifin müdiri mənə nə desə yaxşıdı:

FOTODA: Qərbi Azərbaycanın Calaloğlu mahalı, Evli kəndi

-Ay mart, -dedi, bir var Bakıya məktəb direktoru kimi gedəsən, bir də var müəllim kimi, sənə şans yaranıb, -dedi. Nə başınızı ağrıdım razılaşmalı oldum. O razılıq, bu razılıq, 1988-in deportasiyasına qədər qaldım. Adlı-sanlı bir məktəb yarada bildik. Geniş danışmağa yer yoxdur. Kabinet sistemli bir tipik məktəb, dövlət tədbirləri-zadı olanda birinci-İrəvan 3 nömrəli şəhər məktəbinin, ikinci bizim Evli kənd orta məktəbinin adı çəkilirdi. Onu da deyim ki, orada özüm üçün yaxşı bir ev də tikdim. İndiki villalara oxşamasa da, əsl ev. Amma Bakı, qəzetlər, şeir yadımdan çıxmırdı. Bir gün atama fikrimi açıq dedim. Nə desə yaxşıdı? Dedi ki, köçürəm demə, yurdun eşidər, satıram demə, evin eşidər. Hə, indi gəl bu sözün qabağından qaç, görüm necə qaçırsan.

Bir gün mənə bir tanınmış rejissor zəng elədi, görüşmək istədi, görüşdük. Dedi ki, erməni deportasiyasından film edirəm, istərdim ki, sən bir ziyalı adam kimi, qələm adamı kimi filmin lap əsasında olasan. Suallar verdi, cavabladım. Gördüm ki, bu adamı reallıqlardan, olmuşlardan daha çox öz içində qurduğu ideya maraqlandırır. Təhdidlər, ölümlər və s. Düzdü, bəzi bölgələrdə belə qanlı-qadalı olaylar olmuşdu. Ama bizim bölgədə belə bir şeyin olması mümkün deyildi. Birincisi ona görə ki, Calaloğlu-Canbaxça-Kalinino, bir az geniş desək Loru-Pəmbək zonasında xalqımız çoxluq təşkil edirdi, kompakt yaşayış təminiydi. İkinci bir tərəf Amasiya-Ağbaba Türkiyə sərhədləri, bu biri baş isə Borçalı. Erməni vəhşətinin çəkinəcəkliyi bundan yanaydı. Burasını da deyim ki, köçdən az sonra bir balaca sakitlik oldu. Evlərimizi dəyişmək üçün şans yarandı. Qonşu kənddə Noraşendə atamın tanıdığı olan erməni ailəsi vardı. Biləndə ki, müvəqqəti qayıtmışıq, gəlib bizi evinə apardı. Atam həmişə bu fikirdəydi ki, bu ailə, xüsusən evin kişisi türkdü. Qənaəti beləydi. Nə isə, dedilər ki, gecələr bütün kənd bir evə yığışır, qorxudan, yəni bizlərin qorxusundan. Çünki, ruslar, rus əsgərləri onları qorxudurdu ki, deməzsən ehtiyatlı olun, türklər sizi qıra bilər, nə bilim nə...

-Tahir müəllim, siz Qərbi Azərbaycanda, indiki Ermənistanda da görünən, ziyalıydınız, vəzifə adamıydınız. İstərdik ki, bir qədər ətraflı danışaq, erməni vəhşəti necə törəyirdi, bizim xalqa qarşı təbliğat, eləcə də, təxribatlar qarşıdurmalar, təhqirlər necə baş verirdi?

-Yenə də sağ olun, geniş izah tələb eləyən sualdır. Mən desəm ki, bu iki xalqın yanaşı yaşaması mümkündür. Kim istəyir məni qınasın. Düzdür, düşmənçilik çox dərinə işləyib. Amma mən qızışdırıcı mövqenin tam əleyhinəyəm. Bu iki xalqın düşmənçiliyin əsl səbəbi bilməsi labüddür. İndi çox tarixə getməyin, nəyi isə izah etməyin burada yeri yoxdu, mənim yaradıcılığımda, eləcə də 30 illik bir müddətdə müəllifi olduğum “Bulaq” verilişində tarixi aspektləri, əsl həqiqətləri gen-bol araşdırıb, Ermənistanda qalan bütün toponimlərin bizim olduğunu, o yerlərdə tarixin bizim doğma ruhumuz olduğunu, ümumilikdə tarixin türkcə danışdığını dəfələrlə yazmışam, qələmə almışam. Qısaca deməliyəm ki, erməni vəhşəti körüklənmiş bir vəhşətiydi, elə indi də körüklənir. Rejimin mahiyyətindən doğan bir məsələdir, erməni məsələsi rus işinin tərkib hissəsidir. Bu mövzuda saatlarla danışmaq olar.

Sizin dediyiniz sualların cavabını hələ o vaxt 1989-cu ildə işlədiyim “Yeni Fikir” qəzetində geniş yazmışdım - “El yeridi”. O vaxtlar bu yazı geniş rezonans doğurdu. Daha başqa dövrü-qəzetlərdə, nəşr olunan kitablarda yayımlandı. Qısaca nə demək istərdim. Anlamalıyıq ki, erməni deyilən məkrli və qorxulu düşməndir. Onu aciz, zəif bilməli deyilik. Zəiflər daha qorxulu olur unutmamalıyıq. Bir də ona görə ki, başı öz əlində deyil. Başı özgə əllərdə olan düşmən qorxuludu. Ondan nə desən gözləmək olar. Yaddan çıxarmalı deyilik ki, erməni bizlə, türk deyilənlə tək bir sahədə döyüşmür. Təhsilimizi də, səhiyyəmizi də, ideoloji düşüncəmizi də, dövlətçiliyimizi də, suyumuzu, havamızı da ayıq-açıq qorumaq zorundayıq. Təxribat düşmənin ən böyük silahıdır. Unutmamalıyıq ki, erməni deyilənin bir qorxulu silahı da “erməni silahı”dır. Bu silah haqqında dediyim yazıda geniş danışmışam. “Erməni silahı” özünü-özünə qarşı qoymaqdır, həm də. O müdhiş silah həmişə əllərində hazırdır.

O vaxt Sumqayıt hadisələri zamanı, hər bir özünü erməni bilən adam girişmişdi təbliğata ki, siz də bizə qoşulub Sumqayıtda olan olaylara etiraz eləyin. Boynumuza qoymaq istəyirdilər ki, bu hadisələri türklər eləyib. Deyim ki, bir nəfərə də bunu dedizdirə bilmədilər. Bir dəfə bir erməni əhatəsində maarifdə bir söhbətdə dedim ki, türkləri günahlandırdığınız bu işi sovet-rus KQB-si öz əlləriniznlə törədib. Başa düşəni başa düşdü ki, məsələ nə yerdədi.

Bax, Rövşən, bir gün sənin dostun Savalan dedi ki, ata, mən bağçaya getmirəm. Niyə-dedim. Uşaq ağlamsındı - bir uşaq mənə dedi ki, sən Ermənistandan gəlmisən, ermənisən. Ermənisən deyən, o körpə uşağın əlindəki əsl erməni silahıydı, balacasından olsa da. O silah o uşaqla birgə böyüyə də bilərdi. Nə isə...

Deportasiyanın səbəblərindən biri bu idi. Sumqayıt hadisələrinin günahkarı kimi azərbaycanlıları, dedikləri kimi türkləri, yəni özümüzü günahkar bilmək. Bu, mümkün olmadı. “Erməni silahı”nı bizə sırıya bilmədilər. Deportasiyalar kütləvi şəkildə beləcə başladı. Bəzi bölgələr də ölümlər də, o cümlədən...

Elə hesab etməyin ki, erməni ictimaiyyəti arasında düzgün düşünən, sağlam fikirli adam yox idi. Sadəcə olaraq toplum, xalq zəhərlədilmişdi. Yenə də deyirəm körükçü, baş memar şər imperiyasının özü idi. Vaxt-bivaxt bu qurduğu, yaratdığı düşmənçilik öz işinə yarayırdı. Bunu da deyək ki, bizlər, xalqımız Ermənistanda heç vaxt aciz durumda olmayıb. Haqqını bilib. Təşkilatlar qarşısında həmişə tələbini eləyib, sözünü deyib. Yeridir, deyim ki, məktəbimizin bir neçə müəlliminin, o cümlədən bəndənizin, sovet və yüksək mərkəzi orqanlara təklə, dönməzliklə yazdığımız şikayətlər əsasında Kalinino rayon partiya komitəsinin birinci katibini işdən, vəzifəsindən qovdurmuşuq, bu barədə o zamankı “Pravda” qəzeti 1978-ci il 5 may sayında yazmışdı. Bu məsələni bilənlər çoxdu. Daha geniş yazmağa nə hacət…

Sumqayıt hadisələrindən xeyli əvvəl raykomun birinci katibi Villi Surenoviç İsraelyan məni qəbul elədi. İkilikdə xeyli söhbətimiz oldu. Erməni məkrinin yenicə baş qaldıran vaxtı idi. Katib mühüm bir olmuşu danışdı. Dedi ki, Mərkəzi Komitədə bir plenum oldu, əsas məsələ azərbaycanlıların Ermənistandan çıxarılması idi . Bütün çıxışçılar təkidlə azərbaycanlıların qovulmasını istədilər. Mənim də çıxışım oldu. Belə məkrli məsələnin çox yanlış olması haqda danışdım. Azərbaycanlılar Ermənistanın təsərrüfat həyatında mühüm yer tutur,- dedim. Elmi və məntiqi cəhətdən bu məkri pislədim. Ermənistan üçün çox böyük ziyanla bitəcəyini dedim. Zala qayıdıb yerimdə əyləşmək istəyəndə, yanaşı oturduğumuz tanınmış erməni aktyoru, xalq artisti Soşe Sarkisyan məni ağır şəkildə söydü. Daha doğrusu, ermənicə millətimi söydü. Onu da deyim ki, ermənilər arasında, özləri-özlərinin də millətini söyməyi çox geniş yayılmış işdi. Anidən yaxalaşdıq. Sonra saqqallılar o katibi kabinetindən döyə-döyə çıxardılar, sonra necə oldu, bilmədik. Çox az olsa da, belə adamlar ermənilər arasında yenə də var. Ama ermənilərdə kütləvi psixoz vəziyyəti hökm sürür.

-Tahir müəllim, uzun müddətdir ki, Bakıda yaşayırsız. Fəaliyyətinizi mətbuatla bağladınız. Bir neçə qəzet və jurnalda əməkdaş oldunuz. 1995-ci ilin fevralından Azərbaycan Teleradio Verilişləri QSC-də çalışdınız, Radionun Xalq Yaradıcılığı redaksiyasının baş redaktoru, bir-iki ildir ki, təqaüddəsiz. Yenə “Bulaq” verilişinin başında dayanmısınız…

-Təşəkkürlər, mənim bütün həyatımı, fəaliyyətimi ələk-vələk elədiniz. Nə qədər qısa danışmaq istəsəm də, alınmır. Görünür, daha bir kitab yazmağa ehtiyac var. Həm də artıq yaş o yaş deyil. Deyim ki, rəhbəri olduğum Xalq yaradıcılığı redaksiyası bu uzun vaxtda çox işlər gördü, dərin folklor yatırımları elədi. Bir-bir sadalasaq, başa çatmaz. Əlbəttə, böyük işləri əsl mütəxəssislərlə eləmək mümkündür. Redaksiyamızın əməkdaşları arasında tanınmışların adlarını çəkmək istərdim, tanınmış yazıçı Məmməd Oruc, çox dəyərli elm yüklü, elmi düşüncə adamı, əvəzsiz şair, rəhmətlik Əhməd Oğuz. Mən on ilə yaxın bir müddətdə məktəb direktoru olduğumda, özüm üçün bir həqiqəti hasil elədim. Yüksək səviyyəli müəllim heç vaxt işə əngəl törətmir, sabotajlıq etmir, heç fikrindən də keçirmir ki, səni yıxıb başa keçsin. Amma zəif, savadsız müəllimin gecə-gündüz fikri-zikri kollektivdə qarışıqlıq salmaq, dedi-qodu yaratmaq, hətta başa çıxmaqdır. Deyir - "canavar qoyunun heç vaxt yadından çıxmır. Tək qırxılıq altda canavarı unudur".

FOTODA: "Bulaq" Xalq yaradıcılığı verilişinin yaradıcı heyəti

Mən həmişə özümdən qat-qat savadlı olanlarla işləməyi üstün bilmişəm. Redaksiyaya cəlb elədiyim, həm əməkdaş, həm müəllim kimi öyrəndiyimiz alimlərimizin bir neçəsinin adını burada çəkmək istəyirəm. Professor Minəxanım Təkləli, Şamil Vəliyev, Əli Şamil uzun müddət redaksiyamızın xətti ilə verilişlər apardılar. Firudin Ağasıoğlu min illəri qabaqlayan elmi biliyi ilə verilişlərimizə yaraşıq verirdi.

Təbii ki, “Bulaq” verilişi haqqında daha geniş danışmaq yerinə düşər. 54 illik efir həyatı. Dünya efir tarixində, məncə bu qədər uzunömürlü veriliş yoxdur. Səbəbi budur ki, hələ Sovet rejimi zamanı ərsəyə gələn bu veriliş xalqın bağrından qopub gəldi, bir “Bulaq” oldu. Demək olar ki, Güneydə elə bir ev, ailə olmaz ki, “Bulağ”ı dinləməsin, sayları lentə alınmasın. Hətta soydaşlarımızın çoxundan eşitmişik ki, Güneydə “Bulaq” yaranan gündən hər sayını lentə alıb saxlanc kimi qoruyan insanlar, ailələr var. Əgər sizdə hansı sayı yoxdursa, göndərə bilərik,-deyirlər. Bu, böyük, ümumxalq işinə çevrilmiş məsələdir. Burada daha savadlı sözlər söyləməyə ehtiyac qalmır. Rəhmətlik Nəsir müəllim, Nəsir Əhmədli yazılarının birində demişdi ki, “Bulağ”ın dili əsl Azərbaycan ədəbi dilidir.

-Tahir müəllim, nə əcəb “Bulağ”ın saylarını disk-kaset şəklində dövriyyəyə vermirsiniz. Bu çox savab iş olardı. Camaat, elə deyək ki, avtomobillərdə, elə hər yerdə bayağı mahnıları dinləməkdən beziblər. Bu işi eləmək yaxşı olmazmı?

- Deyim ki, “Bulağ”ın saylarının kaset şəklində buraxılması verilişin sahibi AzTV-yə böyük qazanc gətirə bilər. Bunu çox təklif eləyənlər olub. Bu məsələ zaman-zaman gündəliyə gəlsə də, hələlik, həllini tapmayıb. İnanıram ki, bu layihə yaxın zamanlarda reallaşa biləcək. Düzdür, bu günlərdə bir-iki aylıq təqaüdümün hesabına “Bulağ”ın ssenarilərindən ibarət bir kitab nəşr etdirə bildim. Bu addım yetərli olmasa da, bir ilk kimi maraq doğura bilər - “Söz-söz olunca” kitabımda.

- Sizin Azərbaycanın görkəmli ictimai və dövlət xadimi, Azərbaycanın səhiyyəsinin qurucusu Əziz Əliyevin həyat və fəaliyyətindən bəhs edən bir monoqrafiyanız da var.

- Elədir. Kitab 1997-ci ildə kirillə çap olunub, çox təəssüf ki, indiyə qədər latın qrafikası ilə yayımlanmayıb. Bir az qeyri-təvazökar çıxmasın, bu, bir tədqiqat kitabdır.

Azərbaycanın və Dağıstanın arxivlərindən götürülmüş faktlar əsasında işlənib. Bir də dədə-baba yurdlarımızın, İrəvanın tarixinə dair xeyli materiallar yer alıb. “Yeni Fikir” qəzetində o vaxt çox qəribə, tarixi əhəmiyyəti olan bir şəkil vermişdik. 1901-ci ildə “İrəvan Şeyxinin dəfni” adlı fotonu,-deyirəm. Fotodan görünür ki, İrəvan Şeyxinin dəfni geniş dövləti tədbirdir. Dəfn mərasimində bir çox ölkələrin bayraqları görünür fotoda. Fotonu o vaxt çox dəyərli ziyalımız əslən irəvanlı şair Ramiz Heydər təqdim eləmişdir. Babasının arxivindən qalan bir foto idi. Ramiz müəllimin təqdim elədiyi “İrəvan şeyxinin dəfni” fotosunu Əziz Əliyevin kitabında da verdim. Çox dəyərli və tarixi faktdır.

-Cənab Prezident İlham Əliyev bu yaxınlarda Qərbi Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirdi. Bu görüşün sonrakı proseslərə necə təkan verəcəyini düşünürsünüz?

-Təbii ki, müsbət haldır, aktual məsələdir. Bu, onu göstərir ki, dövlət öz vətəndaşlarına, soydaşlarına sahib çıxmağın həmişə fərqindədir. Bir qədər yuxarıda da dedim - ömürlük düşmənçilik mümkün olmayan məsələdi. Tarix-tarix olandan sübutu dəfələrlə görünüb.

Bir də böyük mütəfəkkir şairimiz Hüseyn Cavid demiş:

“Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü”.

İndi cəmi soydaşlarımızın qarşısında dədə-baba yurdlarımıza qayıtmaq missiyası durur. Bu da bizlərin qarşısında tarixin qoyduğu bir öhdəlikdirmi deyim, bir borcdumu. Sağlıqlar olsun. Sabahlara yol dünənlərdən adlayıb, bu günlərdən keçir. Əks halda tarix həm də amansızdır. İntiqamı kəskin olur.

Yadıma Dadaloğlunun bir qoşqusu düşdü:

Qalxdı köç eylədi Avşar elləri,

Uca dağ başından aşan yollar bizimdi.

Arab atlar yaxın eylər uzağı,

Ağır-ağır gedən ellər bizimdi.

Kirmanidi, qılıncımız kirmani,

Dağı dələr qılıncımın təmrəni.

Haqqımızda padşah vermiş fərmanı,

Fərman padşahındı, dağlar bizimdi.

Mən də çox əminəm ki, türk törəsinin belə bir köçü yurdlara tərəf qatarlaşacaq. Amma bu köç, bu köçürülmə öz təbii axarından sonuclanacaq. Tarixdəki digər köklər kimi. Elə Avşar kökü kimi.

-Tahir müəllim, maraqlı söhbət üçün çox sağ olun. Bir daha yenicə çapdan çıxmış “Söz-söz olunca” kitabını, eləcə də az vaxtdan sonra yetişəcək 75 illik yubileyinizi, ad gününüzü qabaqcadan təbrikləyirik, qutlu olsun deyirik.

-Minnətdar oluram, “Bulaq dədəni” “Səs” qəzetinin oxucuları ilə görüşdürdüyünüz üçün.

Müsahibəni aldı Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə