Azərbaycan və Macarıstan önəmli strateji tərəfdaşdırlar ŞƏRH

Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biri də Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafıdır. Macarıstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir, iki ölkə arasında parlamentlərarası münasibətlər və siyasi dialoq yüksək səviyyədədir. 2022-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilib. Geniş iqtisadi potensiala malik Azərbaycan və Macarıstan arasında bu günə kimi imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə və bir sıra digər beynəlxalq sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli rol oynayıb. İki ölkə arasında nəqliyyat, tranzit və logistika sahələrində əməkdaşlığı inkişaf etdirmək məqsədilə 2022-ci ildə Ələt Azad İqtisadi Zonası və Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Bununla yanaşı, Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləyən Macarıstan Azərbaycanla enerji sahəsində də əməkdaşlığa önəm verir.

2023-cü il yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri iki tərəfdaş ölkənin çoxtərəfli münasibətlərinin dərinləşməsinə qiymətli töhfə oldu. Səfər çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın genişlənməsinə dair ikinci Birgə Bəyannamə imzalanıb. Bu sənəd hər iki dövlətin milli maraqlarını qoruyan əhəmiyyətli sənəddir.

Səfər zamanı yanvarın 30-da Macarıstanın paytaxtı Budapeşt şəhərində mətbuata verdiyi bəyanatda Prezident İlham Əliyev bildirib ki, uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı. Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, uzunluğu 3500 kilometr olan çox müasir enerji infrastrukturudur və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır. Prezident diqqətə çatdırıb ki, keçən il Avropa Komissiyası ilə imzalanmış sənədə əsasən, Azərbaycan qaz təchizatını iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırır. Bunun üçün bütün resurslar mövcuddur. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan qazının Macarıstana çatdırılması istiqamətində əsaslı işlər görülüb. Səfər zamanı dövlət başçısı bildirmişdir: “vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini bizi indi canlandırmışıq. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ordan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaq”. Buradan görünür kimi Macarıstan Azərbaycan qazını digər Avropa ölkələrinə ötürən tranzit ölkə kimi fəaliyyət göstərəcək.Dövlət başısı vurğulayıb ki, Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Dünya gündəliyinin ön sıralarında olan enerji təhlükəsizliyi məsələləri müasir dünyada xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olaraq qalsın. Eyni zamanda Azərbaycanın önəmini artıran yaşıl enerji resursumuzun Avropaya çatdırılması üçün vacib layihələr hazırlanmışdır.Azərbaycanın açıq dənizlərə çıxışı olmayan ölkə olmasına baxmayaraq Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə biləcəyini qeyd edən Prezident bildirib ki, nəqliyyat sahəsində əməkdaşlığa dair çox böyük planlar mövcuddur. Dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlamışıq. Bu layihənin də böyük potensialı var, çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi 75 faiz artmışdır.

Təhsil sahəsində aparılan əməkdaşlığın da çox yaxşı nəticələr verdiyini diqqətə çatdıran dövlət başçısı 200 Azərbaycan gəncinin Macarıstan hökumətinin dəstəyi ilə Macarıstanda təhsil aldığını söyləyib ki, bu da Azərbaycanda kadr potensialının yaradılmasına öz töhfəsini verəcək.Azərbaycanın İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində minatəmizləmə sahəsində böyük problemlərlə üzləşdiyini, müharibədən sonrakı iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşının ya həlak olduğunu, ya da ki, ağır yaralandığını, bir milyondan çox minanın təmizlənməsinin gərəkdiyini nəzərə çatdıran İlham Əliyev bu sahədə Macarıstanın təcrübəsindən istifadə etməklə əməkdaşlığın vacibliyini bildirib. Prezident bəyan edib ki, Vətən Müharibəsindən sonra işğaldan azad olunmuş Qarabağ və Zəngəzur torpaqlarında aparılan bərpa və quruculuq işlərində şəhərsalma istiqamətində çox böyük təcrübəsi olan Macar şirkətləri fəaliyyət göstərəcək. Bu səfər göstərdi ki, iqtisadi və geostrateji üstünlüklərindən səmərəli faydalanan, bununla da yüksək inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan Macarıstan ilə münasibətləri artıq strateji tərəfdaşlığa çevirmişdir və bu tərəfdaşlıq hər iki dövlətin inkişafına xidmət göstərəcəkdir.

Günay Məmmədli

YAP Yasamal rayonu “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə