Rusiyalı politoloq: İrəvan və Vardanyan Qərbin sifarişi ilə vəziyyəti gərginləşdirir - MÜSAHİBƏ

İqor Korotçenko: Əgər Ermənistan Rusiyaya qarşı düşmənçilik edirsə, ona qarşı müvafiq cavab tədbirləri görülməlidir

Rusiya ilə Ermənistan arasında ziddiyyətlər getdikcə ciddiləşir- tərəflər çoxlu qarşılıqlı iddialar toplayıblar, lakin fikir ayrılıqlarının əsasında şübhəsiz ki, İrəvanın indiki məqamda siyasi kursu daha sərfəli birinə dəyişmək kimi xəyanətkar istəyi dayanır. İndi isə İrəvan Rusiyanı hədələyir, Avropa İttifaqının yeni “mülki” missiyasını qəbul edib Ermənistan ərazisində yerləşdirməyə hazır olduğunu bildirir. Bütün bunlar isə Moskvada çoxlu suallar doğurur. Rusiyalı politoloq, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Caliber.Az-a müsahibəsində Rusiya Federasiyasının İrəvanın hazırkı siyasətini, xüsusən də onun Cənubi Qafqazda danışıqlar prosesini çətinləşdirmək və pozmaq cəhdlərini necə dəyərləndirməsindən danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Moskva ilə İrəvan arasında münasibətlər ciddi şəkildə soyuyub. Rusiya XİN-in rəsmi nümayəndəsi Zaxarova Aİ missiyasının Ermənistanda gözlənilən yerləşdirilməsi məsələsini şərh edərkən xüsusilə qeyd edib ki, “Rusiya sərhədçiləri Aİ müşahidəçilərinin davranışlarına yerlərdəki vəziyyəti nəzərə alaraq reaksiya verəcəklər". Zaxarova bəyanatında nə demək istəyirdi və biz Aİ missiyası ilə Ermənistandakı Rusiya hərbçiləri arasında real münaqişə vəziyyətlərini görə bilərikmi?

- İstənilən halda Rusiya sərhədçiləri öz vəzifə və göstərişlərinə uyğun olaraq ciddi şəkildə hərəkət edəcəklər. Aydındır ki, avropalı müşahidəçilər tərəfindən hər hansı təxribat xarakterli hərəkətlər baş verərsə, reaksiya tələb olunacaq. Vəziyyət dinamikada olduğu üçün bu reaksiyanın konkret nə ola biləcəyini söyləmək hələ də çətindir. Bununla belə, aydındır ki, Rusiyanın qərar qəbuletmə mərkəzlərində Aİ missiyasının Ermənistana göndərilməsi və İrəvanın bunu qəbul etməyə hazır olmasına müstəsna olaraq neqativ nöqteyi-nəzərdən baxılır. Moskvada bu, Paşinyanın Rusiya ilə müttəfiqlik münasibətlərini pozmağa yönəlmiş ardıcıl siyasəti, tədricən Qərb dövlətlərinin, ilk növbədə Fransanın təhlükəsizlik çətirinin açılması formatına yönləndirilməsi, gələcəkdə isə KTMT-dən çıxması və Gümrüdəki Rusiya bazasının bağlanması kimi şərh olunur. Yəni Rusiyanın qərar qəbuledici mərkəzləri tərəfindən Ermənistanda daxili siyasi vəziyyətin inkişafı ssenarisi və qiymətləndirmələri son dərəcə mənfidir: biz görürük ki, Ermənistan dost ölkədən gözlənilməz siyasət aparan ölkəyə çevrilir ki, gələcəkdə fors-major siyasi və hərbi formata gətirib çıxara bilər.

- Sizcə, İrəvanın Rusiyanın Ermənistandakı mövcudluğunu pozmağa yönəlmiş birmənalı manevrləri ilə bağlı təkcə bəyanatlar deyil, həm də Rusiyanın bəzi hərəkətləri mümkündürmü?

- Ermənistan suveren ölkədir və əgər İrəvan müvafiq razılaşmaları denonsasiya edərək rus sərhədçilərinin Ermənistan ərazisini tərk etməsini istəyirsə, bu, İrəvanın hüququdur. Başqa bir məsələ odur ki, Moskva neqativ tendensiyaların qarşısını alsın, operativ reaksiya versin, Ermənistanda sağlam siyasi qüvvələr varsa, onlara arxalansın. Amma Paşinyan, gördüyümüz kimi, ardıcıl olaraq, məharətlə imitasiya etsə də, getdikcə daha çox Ermənistanın xarici siyasətində Rusiyadan uzaq dönüş yaradır- bu, tamamilə göz qabağındadır. Ona görə də mən hesab edirəm ki, burada Rusiyanın Ermənistanla bağlı bütün siyasətini, erməni məsələsini ciddi təhlil etmək və yenidən nəzərdən keçirmək lazımdır və əgər bu ölkənin rəhbərliyi bu cür qara nankorluq edirsə, onda bizə Ermənistan kimi qulpsuz çamadan nəyə lazımdır.

Ən xoşagəlməz hal odur ki, Rusiya-Ermənistan münasibətlərindəki bu təlatüm Ukraynadakı xüsusi hərbi əməliyyat fonunda baş verir. Və hamı başa düşür ki, Rusiya bütün səylərini bu istiqamətdə cəmləşdirir, ona görə də bizə sakit Cənubi Qafqaz lazımdır. Ermənistanın de-fakto siyasəti isə regionda qeyri-sabitliyin yenidən yaranmasına gətirib çıxarır ki, bu da Rusiya üçün çox vacib olan Şimal-Cənub dəhlizinin fəaliyyətinə kritik təsir göstərəcək, çünki Qərb istiqamətində kommunikasiya və logistika əlaqələri məhdudlaşıb, indi Rusiyanın ixracı və idxalı bu dəhlizdən böyük ölçüdə asılıdır. Biz Aİ və ABŞ-ın burada vəziyyəti sarsıtmaq cəhdlərini Rusiyanın iqtisadi mövqeyini sarsıtmaq istəyi kimi qiymətləndiririk. Amma istər-istəməz Qərbin bu güc mərkəzləri ilə oynayan Paşinyan bilməlidir ki, o, bütün nəticələri ilə anti-Rusiya kursu seçir.

- Sizcə, Qərbin Şimal-Cənub dəhlizinin işinə xələl gətirmək vəzifəsi burada həlledicidirmi?

- Şübhəsiz ki. Bu isə çoxtərəfli əməliyyatdır: birincisi, münaqişə zonasını genişləndirməklə Şimal-Cənub dəhlizində sabitliyi pozmaq. Ancaq bu vəzifələrdən yalnız biridir. Və aydındır ki, Fransa Ermənistanla uzun illər davam edən münasibətləri çərçivəsində öz milli maraqlarını irəli sürmək üçün regiona girməyə çalışır. Bütövlükdə, aydındır ki, Avropa İttifaqı Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyir, öz imkanlarını burada genişləndirir və regional oyunçuların fikrini soruşmur. Və hətta dərin təhlil olmadan belə aydın olur ki, Aİ-nin Ermənistandakı missiyası bütün digər regional oyunçular- nə Rusiya, nə İran, nə Azərbaycan, nə də Xəzər regionunun digər ölkələri üçün sərfəli və lazımsızdır. Üstəlik, onun gələcək fəaliyyəti narahatlıq doğurur, çünki burada öz milli maraqlarını irəli sürəcək qeyri-regional oyunçuların bunu bizim, yəni region ölkələrinin, milli maraqlarımızın hesabına həyata keçirəcəkləri tamamilə açıq-aşkardır. Əgər bu gün kəşfiyyat və polis missiyasıdırsa, sabah tam hərbi missiyaya çevrilə bilər. Və burada Paşinyandan başqa heç kimin belə “xoşbəxtliyə” ehtiyacı yoxdur.

- Regionda nəzərəçarpacaq destabilləşdirici rolu indi bir çoxları tərəfindən “Moskvanın adamı” hesab edilən qondarma “dövlət naziri” Ruben Vardanyan oynayır...

- Rusiyada müxtəlif güc qüllələri var və biz bundan irəli getməliyik. Amma Vardanyanın Cənubi Qafqazdakı rolu açıq-aydın sabitliyi pozur. İndi vəzifə Qarabağ ermənilərini Azərbaycanın hüquq meydanına sülh yolu ilə daxil etməkdir və Vardanyanın meydana çıxması bu prosesi nəinki dayandırır, hətta onu tamam başqa orbitə çevirir. Müxtəlif qiymətləndirmələr var, amma mən tamamilə əminəm ki, Vardanyan erməni lobbisi tərəfindən dəstəklənən beynəlxalq layihədir. Əlbəttə ki, bu lobbinin müxtəlif seqmentləri müxtəlif ölkələrdə, o cümlədən Rusiyada fəaliyyət göstərə bilər. Bu adamın arxasında o qədər çox skelet var ki, o, Avropaya gedəndə sadəcə korrupsiya ittihamı ilə həbs oluna bilər və şübhəsiz ki, Qərb kəşfiyyat orqanlarının Vardanyanla bağlı öz işi və kompromat sübutları var ki, bu da onu Qərb güc mərkəzlərinin maraqlarını həyata keçirmək üçün itaətkar alətə çevirir. Amma indi, məncə, Laçın yolunda azərbaycanlı ekoloqların aksiyası əsasında hansısa qərarlar paketi müəyyən edilməlidir. Hansılar? Ən azından bu yolda Azərbaycan və Rusiyanın birgə gömrük nəzarəti.

O ki qaldı blokada ilə bağlı bütün bu erməni hayqırtılarına, bütün bunlar Qərb siyasətçilərini manipulyasiya etməyə çalışan təbliğat aparatının işidir. Amma qeyd etmək istəyirəm ki, azərbaycanlı ekoloji fəalların qaldırdıqları məsələlər tamamilə düzgün və qanuni çərçivədədir: ermənilərin qanunsuz olaraq qızıl və digər faydalı qazıntılar çıxarması nəticəsində Azərbaycan təbiətinə, bütün qızıl konsentratı və digər metallara ciddi ekoloji ziyan dəyib. Bu resurslar Ermənistana ixrac edilirdi. Odur ki, erməni şirkətlərinin Azərbaycan Qarabağına vurduğu ekoloji və iqtisadi ziyan problemi Rusiya XİN zirliyi tərəfindən rəsmi səviyyədə baxılması və təhlili üçün qəbul edilir. Bunun konkret olaraq necə həll ediləcəyi, əlbəttə ki, diplomatlardan asılıdır, lakin məncə, bu, ən azı aşağıdakı çıxış yolunu təklif edir- Rusiya sülhməramlıları və Azərbaycan gömrükçülərinin Azərbaycana iqtisadi zərərin, eləcə də Azərbaycan Qarabağında separatçıların fəaliyyətinin qarşısını almaq məqsədi ilə Ermənistandan Qarabağa və geriyə yüklərə nəzarət edə biləcəyi gömrük keçid məntəqələrinin yaradılması.

- Sizcə, Ermənistanın indiki Qərbə üz tutma siyasəti, Azərbaycanla münasibətlərin normallaşması istiqamətindəki sülh prosesindən geri çəkilmək cəhdləri nəticəsində onu nə gözləyir?

- Onu yaxşı heç nə gözləmir. İrəvanın hazırkı siyasətinin mahiyyəti ondan ibarətdir ki, Paşinyan 10 noyabr tarixli Üçtərəfli Bəyanat və ondan sonra Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında yüksək səviyyəli razılaşmalar əsasında üzərinə götürdüyü bütün öhdəliklərdən de-fakto və de-yure imtina edib. Bu kontekstdə Paşinyanın siyasəti Rusiyanın maraqları ilə ziddiyyət təşkil edir. Və bunu siyasi konyukturanın təsiri altındamı edirmi, Qərbin məsləhəti iləmi və ya daxili siyasi vəziyyətin dəyişməsi üçünmü- bu artıq önəmli deyil. Əsas odur ki, o, Kremlin vasitəçiliyi ilə bağlanmış müqavilələri yerinə yetirmir.

Biz Ermənistanda artan anti-Rusiya mitinqlərini, Ermənistan siyasətinə, xüsusən də müdafiə və təhlükəsizlik sahəsində Qərb təsirinin nüfuz etməsini, Ermənistandan getdikcə daha çox düşmənçilik xarakterli şərhlərin artıq ictimai müstəvidə eşidildiyini görürük. Bu isə o deməkdir ki, onlar müəyyən Qərb dövlətlərinin dəstəyinə arxalanırlar- Fransa, ABŞ və bütövlükdə Avropa İttifaqının. Bunu nəzərə alaraq, Moskva xarici siyasət təhlilində Ermənistanın Rusiya ilə müttəfiqlik münasibətlərini pozaraq bərabər məsafəli formata keçməsindən ibarət real ssenarilərdən çıxış etməlidir. Bunun üçün proqnozlaşdırıla bilən dövlətlərə və ən azı Rusiyaya düşmən olmayan siyasətçilərə arxalanmaq lazımdır və bu, ticarət-iqtisadi münasibətlərə əsaslanmalıdır. Çünki iqtisadiyyat birincidir. Çünki güclü iqtisadi əlaqələr əsasında inkişaf və yüksək keyfiyyətli siyasi əlaqələr üçün zəmin var.

Və bu perspektivdə deməliyik ki, Ermənistan düşməncəsinə davranır: o, Qərbə üz tutur və bu, Rusiyanı vəziyyəti sabitləşdirmək üçün digər təsir rıçaqlarından istifadə etməyə məcbur edir. Rusiyanın siyasəti indi yalnız Rusiyanın maraqları üzərində qurulub.

Ermənistana Rusiyanın münasibətlərini qurduğu çoxsaylı ölkələrdən sadəcə biri kimi baxmaq lazımdır. Və əgər bu ölkə Rusiyaya qarşı düşmənçilik və mənfi münasibət göstərirsə, ona müvafiq cavab tədbirləri görülməlidir.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə