Azərbaycan və Macarıstan dost ölkələrdir ŞƏRH

Macarıstan şirkətləri işğaldan azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyət göstərəcəklər. Şəhərsalma sahəsində Macarıstanın çox böyük təcrübəsi var. Ölkəmiz maraqlıdır ki, bu istiqamətdə macar şirkətləri ilə əməkdaşlıq edilsin. Məlum olduğu kimi Ermənistan torpaqlarımızı işğalda saxladığı müddətdə həmin ərazilərimizdə daşı daş üstə qoymayıb. Bütün binalar və infrastruktur işğal dövründə dağıdılıb. Bu gün Azərbaycan dövləti işğaldan azad etdiyi ərazilərdə sürətli bərpa-qururculuq işləri həyata keçirir və bu işlərdə xarici ölkə, eləcə də şirkətlərin təcrübəsindən istifadə etməkdə maraqlıdır. Macar şirkətlərinin təcrübəsindən də istifadə etmək üçün ölkəmiz yaxın günlər ərzində konkret layihələrin müzakirəsinə başlayacaq. Yanvarın 30-da Macarıstana rəsmi səfəri zamanı Budapeştdə mətbuata verdiyi bəyanatında Prezident cənab İlham Əliyev bu haqda açıqlama vermişdir.

Azərbaycan və Macarıstan dost ölkələrdir. İki ölkə arsında yüksək səviyyəli əməkdaşlıqlar mövcuddur. Ölkə başçısının Macarıstana rəsmi səfəri zamanı imzalanmış sənədlər də bir daha bu deyilənləri sübut edir. Ölkələrimiz arasında imzalanmış həmin yeddi adda sənəddən biri də məhz Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədir. Bu Bəyannamə, eləcə də imzalanmış digər sənədlərə əsasən Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər. Həmçinin ölkələrimiz təmsil olunduqları beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək verəcəklər. Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri ölkələrimizlə yanaşı Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Məlum olduğu kimi Azərbaycan Avrasiyanın enerji xəritəsini dəyişmiş ölkədir. Macarıstanla da bu sahədə ölkəmizin sıx əməkdaşlığı mövcuddur. Macarıstan Azərbaycan qazını idxal etməklə bərabər digər ölkələrə ötürülməsində tranzit ölkə rolunu oynayır. Enerji sahəsindən əlavə ölkələrimizin nəqliyyat, təhsil və minatəmizləmə sahəsində də əməkdaşlığı mövcuddur. Yanvarın 30-da Budapeştdə imzalanmış sənədlərə əsasən bu əməkdaşlıqlar daha da dərinləşdiriləcəkdir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş uğurlu siyasət nəticəsində artıq Azərbaycan dünyada etibarlı tərəfdaş olaraq tanınır.

Dünyanın siyasi xadimləri də etiraf edirlər ki, məhz Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın etibarlı tərəfdaş olaraq qəbul edilməsini şərtləndirir. Macarıstanın Baş naziri Viktor Orbanın da Prezident cənab İlham Əliyev haqqında söylədiyi səmimi fikirlər buna əyani sübutdur. Macarıstanın Baş naziri Viktor Orban görüş zamanı bildirdi ki, biz xarici siyasətdə bir-birimizi başa düşürük. Macarıstanın Baş naziri daha sonra əlavə etdi: “Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm.”

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə