Azərbaycan Qoşulmama Hərəkatına ən uğurlu sədrlik edən ölkədir

Azərbaycan Respublikası üç ildən çoxdur Qoşulmama Hərəkatına sədrlik edir və bu mühüm təşkilata ən uğurlu rəhbərlik edən ölkədir. Hərəkatın təsisçilərindən biri olan Misir Ərəb Respublikası BMT, İƏT çərçivəsində olduğu kimi, həmin formatda da rəsmi Bakı ilə daha geniş əməkdaşlıq etmək əzmindədir. Bu siyasi iradə Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə də aydın şəkildə ifadə olundu.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Misirin Qahirə Siyasi və Media Dialoqu Araşdırmaları Mərkəzinin Azərbaycanla bağlı dərc etdiyi hesabatda yer alıb.

Yanvarın 28-də Bakıda Azərbaycan və Misirin dövlət başçılarının mətbuata bəyanatlarını təhlil edən Mərkəzin sədri Əhməd Tahir yazıb: “Prezident İlham Əliyev BMT çərçivəsində islahatların aparılması üzrə çox aktual təkliflə çıxış edib. Həqiqətən, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının BMT Təhlükəsizlik Şurasında daimi yerə malik olmaları qlobal və regional sülhə və təhlükəsizliyə mühüm töhfə olar. Misirin dövlət başçısı öz növbəsində Azərbaycanla Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafını dəstəklədiyini bəyan etdi. Hər iki ölkənin xarici siyasəti beynəlxalq və regional təşkilatların prinsip və nizamnamələrinə sadiqlik, iştirak və səmərəlilik çərçivəsində məqsədlərinə çatmaq üçün çalışmaq üzərində qurulub. Bu prinsiplərdən ən mühümü suverenlikdə bərabərlik, dövlətlərin daxili işlərinə qarışmamaq, habelə Birləşmiş Millətlər Təşkilatının məqsədlərini həyata keçirmək üçün səy göstərməkdən ibarətdir. Xüsusən, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, xalqlar arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi, iqtisadi və sosial sahələrdə beynəlxalq əməkdaşlığa nail olunması Misir və Azərbaycan üçün prioritet məsələlərdir. Bu, iki ölkənin nümayəndələrinin beynəlxalq forumlarda rəsmi çıxışlarında, terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlıqda göstərdikləri səylərdə aydın görünür. Sülhün bərqərar olmasında və cəmiyyətlərin qurulmasında mədəniyyətin əhəmiyyətinə inanan Azərbaycan Respublikası “Sülh naminə mədəniyyət” adlı qlobal təşəbbüslə çıxış edib. 2022-ci il Azərbaycanda “Şuşa İli” oldu, Qahirə isə İslam mədəniyyətinin paytaxtı seçildi. Bu kontekstdə Qahirə və Şuşa şəhərləri müxtəlif sivilizasiyaların və mədəniyyətlərin görüş yeridir. Qahirə şəhəri bəşər sivilizasiyasının bir çox lüğətini ehtiva edir, həmçinin yaradıcılıq, mədəni və bədii düşüncə mərkəzi hesab olunur. Digər tərəfdən, Şuşa şəhəri Azərbaycanın və Cənubi Qafqaz mədəniyyətinin tarixi rəmzidir. Məhz bu səbəbdən iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığa dair imzalanan sənəd geniş perspektivlər vəd edir”.

Hesabatda qeyd olunub ki, Azərbaycan və Misir müxtəlif sahələrdə geniş islahatlar həyata keçirən və böyük gələcəyə malik olan ölkələrdir. Eyni zamanda, Misir Süveyş kanalı vasitəsilə dünya ticari əlaqələrini həyata keçirdiyi kimi, Azərbaycan da böyük coğrafi əhəmiyyəti – dəniz limanı, enerji layihələri və nəqliyyat dəhlizləri sayəsində yalnız regional deyil, həm də qlobal miqyasda mühüm ölkə statusunu qazanır. Bu baxımdan iki dost ölkənin iqtisadi əməkdaşlığının böyük potensialı mövcuddur.

“Ötən il 30 illiyini qeyd etdiyimiz Misir-Azərbaycan əlaqələri növbəti illərdə daha da möhkəmlənəcək, əməkdaşlığımız iki dost ölkənin xalqlarının rifahı naminə genişlənəcəkdir. Prezidentlər Əbdülfəttah Əs-Sisi və İlham Əliyevin siyasi iradəsi bunun ən mühüm təminatıdır”, - deyə hesabatın sonunda vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə