Prezident İlham Əliyevin Macarıstana səfəri əlaqələrin inkişafına böyük təsir göstərəcək ŞƏRH

Prezident İlham Əliyevin Macarıstana səfəri əlaqələrin inkişafına böyük təsir göstərəcək ŞƏRH

Bir vaxtlar iqtisadi müstəqilliyini təmin edə bilməyən, xaricdən aldığı yardımlarla keçinən, zəngin təbii ehtiyatları ola-ola, hətta əhalisinin enerjiyə olan tələbatını idxal hesabına ödəyən Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Artıq dünya Azərbaycanı regionun lideri, qlobal layihələr həyata keçirən, islahatlar aparan, əməkdaşlığa və Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən etibarlı tərəfdaş kimi qəbul edir. Xüsusilə də, son 19 ildə Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan bu gün iqtisadi və siyasi müstəqilliyə sahib olan qüdrətli dövlət kimi beynəlxalq nüfuzunu daha da artırıb. Bu bir həqiqətdir ki, Prezident İlham Əliyev hər zaman yürütdüyü siyasətdə Azərbaycanın dövlət maraqlarını üstün tutub və milli mənafelərimizin müdafiəsini başlıca vəzifələrindən biri hesab edib. Bu gün də bu qətiyyətli siyasət davam etməkdədir. Bu gün regionun lider dövləti olan Azərbaycan nəinki regional layihələrin iştirakçısı kimi tanınır, ölkəmiz həm də beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı və lokomotivi rolunda çıxış edir. Bütün uğurlarımızın əsasını ulu öndər Heydər Əliyev müəyyənləşdirmiş və hazırda bu xətt Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilir. Xüsusilə də, son vaxtlar ölkə başçımızın xarici ölkələrə səfərləri və keçirdiyi uğurlu danışıqlar, o cümlədən əldə olunmuş razılıqlar, habelə imzalanmış sənədlər rəsmi Bakının qarşılıqlı faydalı əməkdaşlığa, bərabərhüquqlu münasibətlərə üstünlük verilən xarici siyasət kursunun günün tələbləri səviyyəsində inkişaf etdiyini bir daha təsdiqlədi.

Avropa ölkələri Azərbaycanla əməkdaşlığa böyük önəm verirlər

Bəli, bu gün Avropa ölkələri Azərbaycanla əməkdaşlığa böyük önəm verirlər. Belə ki, 2020-ci il sentyabrın 27-də başlanan İkinci Vətən müharibəsi 30 illik torpaq həsrətinə cəmi 44 gündə Ali Baş Komandanımız, Prezident İlham Əliyevin «Dəmir yumruq» siyasəti ilə Müzəffər Ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə Qələbə Zəfərinə nail olduq. Və Cənubi Qafqazın qalib dövləti bir daha sübut etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin «Dəmir Yumruq» siyasəti qarşısında ancaq məğlub olar. Və bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, regional və beynəlxalq miqyasda nüfuzunu daha da artırıb. Azərbaycan dünyanın sayılıb-seçilən, hörmət olunan, etimad göstərilən dövlətinə çevrilib. Ona görə bir sıra dövlətlər, o cümlədən Avropa İttifaqının üzvləri Cənubi Qafqazın lideri olan Azərbaycanla strateji tərəfdaş olduqlarını elan ediblər. Dünyanın böyük siyasi və iqtisadi dairələri Azərbaycanın regiondakı liderliyini və qlobal siyasətdə rolunu daim yüksək qiymətləndirirlər.Elə bu günlərdə, yanvarın 29-da Prezident İlham Əliyevin Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti ilə Macarıstana rəsmi səfəri, səfər çərçivəsində Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşləri, iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün vacib olan sənədlərin imzalanması, həmçinin, səfər çərçivəsində Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə, Bəyannamədə tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazırlıqlarının ifadə edilməsi bir daha ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu, xüsusən də dövlət başçımızın yürütdüyü müstəqil siyasətlə bağlı söylənən fikirlər deyilənləri bir daha təsdiqləyir. Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Azərbaycan-Macarıstan əlaqələri 30 il ərzində diplomatik əməkdaşlıqdan strateji münasibətlərə qədər böyük inkişaf yolu keçib. Bu gün Azərbaycan və Macarıstan bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika, təhsil, nəqliyyat, kənd təsərrüfatı sferalarında geniş formada əməkdaşlıq edərək iki ölkə arasında qarşılıqlı münasibətlərin dərinləşməsinə təkan verməkdədir. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət başçısı kimi Macarıstana dördüncü səfəridir və əvvəlkm səfərlərdə olduğu kimi bu səfərdə də məqsəd ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Dövlət başçımız səfəri zamanı Macarıstanla dostluq əlaqələrimiz Avrasiya qitəsi üçün də çox böyük önəm daşıdığını söyləyərək bildirib ki, ölkələrimiz arasındakı dostluq əlaqələri həm ölkələrimiz üçün, eyni zamanda, Avrasiya qitəsi üçün də çox böyük önəm daşıyır: “Cənab Baş nazir (Macarıstanın Baş naziri Viktor Orban-red.) qeyd etdiyi kimi, biz uzun illərdir ki, bir-birimizlə sıx təmasdayıq. Bizi dostluq əlaqələri bağlayır. Ölkələrimiz arasındakı dostluq əlaqələri həm ölkələrimiz üçün, eyni zamanda, Avrasiya qitəsi üçün də çox böyük önəm daşıyır”. Prezident İlham Əliyev onu da vurğulayıb ki, bu gün imzalanan strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamə bir daha bizim strateji tərəfdaşlığımızı təsdiqləyir. Bu, strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənəddir və bir daha onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar.

İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər ətrafında Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşlərdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri yüksək dəyərləndirildi. Azərbaycan kimi dost və tərəfdaş ölkə ilə əməkdaşlıqdan məmnunluq ifadə olundu. Görüş zamanı Macarıstanın Baş naziri Viktor Orban onu da əlavə etdi ki, iki dövlət arasında dərin əməkdaşlığı yüksək dəyərləndirir və bu əlaqələr gələcəkdə də davam edəcək.

Maraqlı fakt ondadır ki, Azərbaycan Prezidentin Avropa İttifaqına daxil olan ölkələrə səfəri zamanı onun şəxsiyyətinin, siyasətinin yüksək qiymətləndirilməsinin dəfələrlə şahidi olmuşuq. Elə bu səfər zamanı da Macarıstan Baş naziri Viktor Orbanın Prezident İlham Əliyev haqqında «Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm», - deməsi deyilənlərin təsdiqidir. Və bu səfər bir daha göstərir ki, iqtisadi və geostrateji üstünlüklərindən səmərəli yararlanmaqla yüksək inkişaf mərhələsinə qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Macarıstan ilə münasibətlərin inkişafına xüsusi önəm verir. Heç şübhəsiz Prezidentin bu səfəri Azərbaycanla Macarıstan arasındakı ikitərəfli əlaqələrə öz müsbət təsirini göstərəcək, münasibətlərimizdə yeni səhifə açacaq.

Bir sözlə, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşmuşdur. Ölkə başçımızın bütün xarici səfərlərində respublikamızın mövqeyi birbaşa xarici tərəfdaşlara çatdırılmışdır. Bu, artıq bir reallıqdır ki, Prezident İlham Əliyevin həyata keçirdiyi həm daxili, həm də xarici siyasət ölkəmizə beynəlxalq aləmdə böyük rəğbət qazandırmışdır və rəsmi Bakını regionun fəal aktoruna çevirmişdir. Dövlət rəhbərimizin uğurlu fəaliyyətinin nəticəsidir ki, Azərbaycan dünyada iqtisadi və texnoloji baxımdan inkişaf edən, öz ölkəsində islahatlar keçirən bir ölkə kimi tanınır. Şübhə yoxdur ki, Prezident İlham Əliyevin son xarici səfərləri Azərbaycanın hərtərəfli inkişafına daha böyük təsir göstərməklə yanaşı, ölkəmizin beynəlxalq əlaqələrinin intensiv inkişafına da güclü impuls verəcəkdir.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə