Prezident İlham Əliyev: "Ölkələrimiz arasındakı dostluq əlaqələri həm ölkələrimiz üçün, eyni zamanda, Avrasiya qitəsi üçün də çox böyük önəm daşıyır"
Azərbaycan və Macarıstan arasında dərin köklərə malik sıx əlaqələr müasir dövrümüzdə dövlət başçılarının səyləri ilə yüksək səviyyədədir. Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindəndir. Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir və ikitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq əsasında inkişaf edir. "Biz uzun illərdir ki, bir-birimizlə sıx təmasdayıq. Bizi dostluq əlaqələri bağlayır. Ölkələrimiz arasındakı dostluq əlaqələri həm ölkələrimiz üçün, eyni zamanda, Avrasiya qitəsi üçün də çox böyük önəm daşıyır". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Budapeştdə mətbuata bəyanatla çıxışı zamanı bildirib.
Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Prezident İlham Əliyevin Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti ilə bu ölkəyə rəsmi səfəri xüsusi önəm kəsb edir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstan Prezidenti xanım Katalin Novak ilə geniş tərkibdə görüşü zamanı ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Xüsusilə, Macarıstanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə daim dəstək göstərdiyi qeyd edilib. Macarıstanın Cənubi Qafqaz regionu, həmçinin Xəzər dənizi hövzəsi və Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı qeyd olunub. Görüşdə, bir sıra məsələlərlə yanaşı, həmçinin minaların təmizlənməsi sahəsində əməkdaşlığa da toxunulub. Cənab Prezident mətbuata bəyanatla çıxışı zamanı bildirib ki, əməkdaşlıq üçün vacib olan digər sahə minatəmizləmə sahəsidir: "Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib, bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Ona görə bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar görürük. Bununla paralel olaraq, bu gün, eyni zamanda, macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparılmışdır. Yaxın gələcəkdə, bəlkə də bir həftə bundan sonra biz konkret layihələrin müzakirəsinə başlayacağıq. Biz çox maraqlıyıq ki, şəhərsalma istiqamətində hansı ki, Macarıstanın çox böyük təcrübəsi var, biz birgə işləyək. Çünki on min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bir daş daş üstə qalmayıb. Bütün binalar, bütün infrastruktur işğal dövründə dağıdılıb və biz, əlbəttə ki, bu bölgələri yenidən canlandıracağıq. Artıq Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib".
"HƏQİQƏTƏN MACARISTAN VƏ AZƏRBAYCAN DOST VƏ STRATEJİ TƏRƏFDAŞDIRLAR"
Qeyd edək ki, Macarıstan işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü töhfə olaraq 25 min avro ianə edib. Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa mühüm önəm verir. Bu ölkə Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir və bu layihəyə qoşulmaqda maraqlıdır. İki ölkə arasında nəqliyyat, tranzit və logistika sahələrində də əməkdaşlıq mövcuddur. Ötən il bu sahədə birgə Anlaşma Memorandumu imzalanıb.
Hər iki dövlət həqiqətən də dost və tərəfdaş ölkələrdir. Bu münasibətlər artıq strateji tərəfdaşlıq kimi müəyyən edilib. Əməkdaşlığın strateji mahiyyətini təsdiqləyəcək sənədə imza atılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstanın Baş naziri Viktor Orbanın Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması strateji tərəfdaşlığı təsdiqləyir."Bu, strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənəddir və bir daha onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar", - deyə Prezident bildirib. Bəyannamədə tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazırlıqlarını ifadə edirlər. Sənəddə, eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyi qeyd olunur və TDT-nin Macarıstandakı Nümayəndəlik Ofisinin fəaliyyəti xüsusi vurğulanır.
"ARTIQ İKİ İLDİR Kİ, AZƏRBAYCAN AVROPA İTTİFAQI MƏKANINA ÖZ TƏBİİ QAZ RESURSLARINI ÇATDIRIR"
"Vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaq", - deyən Prezident bu barədə də müzakirələr aparıldığını qeyd edərək bildirib ki, Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək.
"Əlbəttə ki, uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün də çox güclü zəmin yaratdı" – deyən Cənab Prezident vaxtilə NABUKKO layihəsi üzərində böyük işlər aparıldığını da diqqətə çəkib. NABUKKO layihəsi Rusiyanın Ukraynanı işğalından daha öncəki dövrə təsadüf edir. O zaman təbii ki, enerji resursları Avropaya nəql edilmədi. "Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi" – deyən Prezident bunun çox müasir enerji infrastrukturu olduğunu bildirib: "Uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır. Keçən il Avropa Komissiyası ilə imzaladığımız sənədə əsasən, biz qaz təchizatımızı iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırırıq. Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var".
"AVROPA İTTİFAQI ARASINDA ƏN YAXIN TƏRƏFDAŞLARIMIZDAN BİRİ OLAN MACARISTANLA ƏMƏKDAŞLIQ ÜÇÜN ÇOX YAXŞI İMKANLAR VAR"
İki ölkə arasında əməkdaşlıq üçün strateji əhəmiyyət kəsb edən demək olar ki, bütün məsələlər müzakirə olunub. Xalqlar arasında son illər ərzində əlaqələrin və ənənəvi əməkdaşlığın gücləndirilməsinə töhfə verilib. Macarıstanın Türk Dövlətləri Təşkilatına qoşulmasına Azərbaycan dəstək vermişdir. Macarıstan türkdilli dövlət kimi həmin platformada iştirak edən ölkədir ki, bu da mədəni, o cümlədən siyasi baxımdan əhəmiyyət kəsb edir. "Bizim əməkdaşlığımızın böyük hissəsi enerji məsələlərinə həsr olunsa da, təkcə bu məsələlərlə məhdudlaşmır. Biz, eyni zamanda, nəqliyyat sahəsində çox böyük planlarımızı həyata keçiririk",- deyə Cənab Prezident bəyanatında bildirib. Dövlətimizin başçısı deyib ki, dəmir yolları vasitəsilə Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanılıb, bu layihənin böyük potensialı var, çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artıb. "Təkcə keçən il tranzit yüklərin həcmi 75 faiz artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu - istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir. Ona görə Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, hesab edirəm ki, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər. Burada Avropa ölkələri ilə və xüsusilə bizim üçün Avropa İttifaqı arasında ən yaxın tərəfdaşlarımızdan biri olan Macarıstanla əməkdaşlıq üçün çox yaxşı imkanlar var", - deyə Prezident İlham Əliyev vurğulayıb.
Prezident İlham Əliyevin Macarıstana səfəri ikitərəfli əlaqələrə öz müsbət təsirini göstərəcək, iki ölkə arasında münasibətlərdə yeni səhifə açacaq.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB