Viktor Orban: Azərbaycanın dünyada strateji əhəmiyyəti artmaqdadır

Ölkələrimizin mühüm dostluğu indi yox, çoxdan başlayıb. Siz təkcə enerjiyə görə bizim dostumuz deyilsiniz. Təsəvvür edirəm, indi Sizin yeni dostlarınız var. Çünki dünyada ölkənizin strateji əhəmiyyəti artmaqdadır. Lakin əməkdaşlığımız lap çoxdan başlayıb və təkcə maraqlara əsaslanmır, həmçinin mədəniyyət, adət-ənənələr sahəsindəki işbirliyinə söykənir.

SİA əldə etdiyi qaynaqlara istinadən xəbər verir ki, bu fikirləri Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşündə söyləyib.

Macarıstanın Türk Dövlətləri Təşkilatına qoşulmasına Azərbaycan Prezidentinin verdiyi dəstəyi yüksək dəyərləndirən Baş nazir deyib: “Macarıstan türkdilli dövlət kimi həmin platformada iştirak edən ölkədir və bu, bizim üçün nəinki mədəni, o cümlədən siyasi baxımdan əhəmiyyətlidir”.

Səfərə görə Prezident İlham Əliyevə minnətdarlıq edən Viktor Orban iki ölkə arasında təşəkkül tapmış dərin əməkdaşlığı yüksək dəyərləndirib və bunun gələcəkdə də davam edəcəyinə ümid bəslədiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə