İranda törədilən qanlı terror: dünya ictimaiyyəti susmur TƏHLİL

Çox təəssüfləndirici haldır ki, dünyanın inkişaf etmiş bir dövründə terrorizmin acı nəticələrini yaşayırıq. Müasir dünyanın toqquşduğu təhlükəli problemlərdən biri olan terror siyasi, iqtisadi, mənəvi-psixoloji gərginlik yaratmaqla yanaşı, dinc insanların qanının axmasına da səbəb olur. Sülh və təhlükəsizliyin qarantına çevrilən Azərbaycan bu gün bəşər sivilizasiyasına öz töhfəsini verdiyi bir zamanda terror aktları ilə qarşılaşır. Yanvarın 27-də səhər saatlarında ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum edilməsi əlbəttə ki, vəhşiliyinin nümunəsidir. Əlbəttə ki, səfirliklər hər bir dövlətin daxilində digər bir ölkəni təmsil edir və təhlükəsizliyindən yerləşdiyi ölkənin hüquq-mühafizə qüvvələri cavabdehlik daşıyırlar.

90 TERROR AKTI VƏ ŞƏHİD OLAN 41 TÜRK DİPLOMATI

Xatırladaq ki, Azərbaycan, türk diplomatları zaman-zaman bu terror aktları ilə rastlaşıblar. Təkcə 1973-1984-cü illərdə xarici ölkələrdə fəaliyyət göstərən türk diplomatları və ailələri erməni terror təşkilatları tərəfindən genişmiqyaslı hücumlara məruz qalıblar. Məqsədli və amansızcasına törədilən 90 terror aktı nəticəsində 41 türk diplomat və ailə üzvü şəhid olub. Türkiyə diplomatiyası XX əsrin sonunda ən çox sayda və ağır nəticələr verər terror aktları ilə üz-üzə qalıb. Təəssüf ki, türk diplomatlarına qarşı bu bəşəri cinayətləri törədən erməni terrorçuların əksəriyyəti sonralar müxtəlif bəhanələrlə həbsdən azad ediliblər. Daha bir təəssüfləndirici məqam isə Ermənistanın həmin terrorçuları qəhrəmanlaşdıraraq terrora dəstək verməkdə davam etməsidir.
Bəzi mütəxəssislər terroru yeni bir siyasi sistemin qurulmasına dəstək olmaq üçün inqilabi hərəkatlara fokuslanan təhlükəli bir fəaliyyət növü kimi təqdim edirlər. Mənbələrdə göstərilir ki, İsrail tədqiqatçısı Natenyahu da qəsdən və sistematik şəkildə günahsız insanları öldürmək, xəsarət yetirmək və hədələməklə terrorun dünyadakı ən qorxunc insan fəaliyyəti olduğunu vurğulayır.

SƏFİRLİYİN ƏMƏKDAŞLARININ TƏHLÜKƏSİZLİYİ İRAN DÖVLƏTİNİN ÜZƏRİNƏ DÜŞƏN MƏSULİYYƏTDİR

Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən silahlı hücum Azərbaycan ictimaiyyəti tərəfindən kəskin hiddətlə qarşılanıb. Bu hücum beynəlxalq hüququn bütün normalarının kobud şəkildə pozulması deməkdir. Belə ki, 1961-ci il aprelin 18-də qəbul olunmuş diplomatik əlaqələr haqqında Vyana Konvensiyasında müəyyən edilmiş müddəalara əsasən, Azərbaycan Respublikasının səfirliyinin binasının və akkreditə olmuş əməkdaşlarının təhlükəsizliyini təmin etmək məhz İran dövlətinin də üzərinə düşən öhdəlikdir. Bu hadisə bir daha İranın terroru dəstəklədiyini nümayiş etdirmiş oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin Tehrandakı səfirliyinə xain hücumla əlaqədar tviterdə paylaşımda Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıb. Paylaşımda deyilir: "Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!" Dövlət başçımız bu hücumu beynəlxalq hüquq normalarına sığmayan qatı cinayət olaraq qiymətləndirib. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu bu gün sivil bir dünyada yaşadığımız zamanda heç bir məntiqə sığmır.

"AZƏRBAYCANIN TEHRANDAKI SƏFİRLİYİNƏ QARŞI TÖRƏDİLƏN, MÜHAFİZƏ XİDMƏTİNİN RƏİSİNİN ŞƏHİD OLDUĞU MƏNFUR HÜCUMU KƏSKİN ŞƏKİLDƏ QINAYIRAM"

Azərbaycana dost və yaxın ölkələr bu hadisəyə biganə qalmayaraq, terror aktını pisləyiblər. "Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən, mühafizə xidmətinin rəisinin şəhid olduğu mənfur hücumu kəskin şəkildə qınayıram". Bu ifadə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sosial şəbəkə hesabında paylaşımında öz əksini tapıb. 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olan qardaş Türkiyə bu gün də Azərbaycan yanındadır və ona mənəvi dəstəyini əsirgəmir. Türkiyə dövlətinin başçısı yazır: "Azərbaycanlı qardaşlarımıza başsağlığı verir, yaralılarımıza şəfa diləyirəm. Türkiyə can dostu qardaş Azərbaycanın yanındadır".
Azərbaycana qardaş dövlət olan Türkiyə ictimaiyyəti törədilən ağır və qanlı terror aktına qarşı etirazı davam etməkdədir.
Ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları yaydıqları bəyanatlarda insanlıq əleyhinə olan bu qanlı cinayətin baş verməsinə şərait yaradanlar, təşkil edənlər və törədənlər lənətlənir. Ölkənin aparıcı kütləvi informasiya vasitələrində Azərbaycana qarşı törədilən bu terror aktının səbəb və məqsədlərindən bəhs edən çoxsaylı məlumatlar yayılıb.
Azərbaycan-Türkiyə dostluq və qardaşlığı bu gün regionda əmin-amanlığın və sabitliyin təminatıdır. Ölkə prezidentlərinin 2021-ci il iyunun 15-də türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada dostluq və qardaşlığımızı gücləndirəcək, əlaqələrin daha da inkişafına səbəb olacaq Şuşa Bəyannaməsini imzaladılar. Bu Bəyannamə müttəfiqlik münasibətlərinin gündən-günə genişlənməsində əhəmiyyətli bir sənəddir. Bu gün Türkiyə-Azərbaycan əlaqələri yalnız iki ölkəyə deyil, bölgədə sülh və sabitliyə xidmət etməkdədir. Azərbaycan-Türkiyə münasibətləri Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, dünyada bənzəri olmayan qarşılıqlı etibara və etimada əsaslanır.

DİPLOMATİK VƏ YA KONSULLUQ NÜMAYƏNDƏLİYİNİN BİNALARI TOXUNULMAZDIR

Azərbaycanın İrandakı səfirliyinə edilən hücum BMT, NATO, Avropa İttifaqı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən qınanmışdır. Eyni zamanda, 60-dan çox ölkənin dövlət başçıları, xarici işlər nazirləri və səfirləri tərəfindən bu silahlı hücum terror aktı kimi pislənmişdir. Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsinin sözçüsü Peter Stano tviter sosial şəbəkəsində diplomatik nümayəndəliklərə hücumların qəbuledilməz olduğunu qeyd edib. O, silahlı hücum zamanı həlak olan mühafizə xidmətinin rəisinin ailəsinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb və əhatəli istintaqın aparılacağına, cinayətkarın məsuliyyətə cəlb olunacağına ümid etdiyini bildirib.
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu BMT-nin 77-ci Baş Assambleyasının prezidenti Çaba Koroşi tərəfindən də pislənib. Bunu BMT-nin mətbuat katibi Stefan Düjjarik gündəlik brifinqdə jurnalistin sualını cavablandırarkən bildirib. "Mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik", – deyə BMT nümayəndəsi qeyd edib. BMT-nin mətbuat katibi vurğulayıb ki, beynəlxalq hüquq diplomatik missiyalara hücum etməyi qəti şəkildə qadağan edir. O, xüsusilə, diplomatik və ya konsulluq nümayəndəliyinin binalarının toxunulmazlığı prinsipini xatırladıb.
Stefan Düjjarik, həmçinin xatırladıb ki, 1961-ci il tarixli Diplomatik əlaqələr haqqında Konvensiya və 1963-cü il tarixli Konsulluq əlaqələri haqqında Konvensiya diplomatik və ya konsulluq nümayəndəliyini hər hansı bir müdaxilə və ya zədədən qorumaq üçün, eləcə də bu missiyalarda sakitçiliyin hər hansı pozulması və ya heyətin ləyaqətinə toxunulmasının qarşısını almaq üçün qəbul edən ölkənin hökumətinin üzərinə lazımi addımlar atmağı öhdəliyi qoyur.

DÜNYA MƏTBUATI TERRORA BİGANƏ DEYİL

Cənubi Koreyanın kütləvi informasiya vasitələri də hadisəyə biganə qalmayaraq, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı şəxsin hücumu nəticəsində mühafizə xidməti rəhbərinin öldürüldüyü, digər iki əməkdaşın isə yaralandığı, bununla əlaqədar, Azərbaycan hökumətinin İrandakı səfirliyi təxliyə etdiyi bildirilib. Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatlarına istinad edən Cənubi Koreya mediası qeyd edir ki, səfirliyə ola biləcək təhdidlərin qarşısının alınması məqsədilə Azərbaycan tərəfi indiyədək dəfələrlə İranın aidiyyəti qurumlarına müraciət etməsinə baxmayaraq, bu müraciətlərin İran tərəfindən ciddi qarşılanmadığı və nəticə etibarilə Azərbaycan səfirliyinə sözügedən qanlı terror hücumu baş verib.
Məlumatlarda, həmçinin Azərbaycan və İranın qonşu ölkələr olduğu, 2022-ci ilin oktyabrında İranın "güc nümayişi" məqsədilə Azərbaycan ilə sərhədə yaxın ərazilərdə hərbi təlimlər keçirdiyi diqqətə çatdırılır.
Müasir dövrün ən təhlükəli təzahürlərdən biri olan terrorizmin acı nəticələrini hələ də yaşamaqdayıq. Azərbaycan qonşu ölkədən öz şəhidini qarşıladı. Vətən sağ olsun!, - dedik. Şəhidimiz Orxan Əsgərov və digər əməkdaşlar terror aktının daha ağır nəticələr verməsinin qarşısını aldılar. Yaralananların hər biri 4-5 saat əməliyyat olunublar. Onlar qəhrəmanlıq göstərdilər, Azərbaycan Respublikasının suverenliyi və müstəqilliyi uğrunda öz canlarından keçdilər, xəsarət aldılar.
İnsan tələfatları ilə nəticələnən və güclü psixoloji gərginliklər yaşadan terrorizm siyasi, dini, ideoloji və iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni əməllərin, zorakılığın, gücün, hədənin tətbiq olunmasıdır. Müasir dünyanın gözü qarşısında baş verən bu hadisə qətiyyətlə pislənilir və cinayətkarlar tezliklə tapılaraq layiq olduqları cəzanı almalıdırlar.
İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri baş verib. Hüquqi və demokratik dövlət olan Azərbaycan tərəfi günahkarların layiqli cəza almasını təmin etmək üçün müvafiq beynəlxalq mexanizmlərin verdiyi bütün imkanlardan istifadə edəcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə