Prezident İlham Əliyev: "Bizim ikitərəfli əlaqələrimizin uğurlu inkişafı xalqlarımız və dövlətlərimiz üçün çox faydalı olacaq"
Dinamik inkişafına görə bir çox dövlətləri üstələyən Azərbaycanda bu gün aparılan məqsədyönlü daxili və xarici siyasətin məntiqi olaraq ölkəmiz dünya dövlətləri arasında yerini daha da möhkəmləndirir. Dünyanın inkişaf etmiş dövlətləri ilə əməkdaşlığın daha da genişləndirilməsi xarici siyasətin əsas prioritetlərini təşkil edir. Ölkəmizin bir çox dünya dövlətləri ilə yanaşı, Misir Ərəb Respublikası ilə də qarşılıqlı əlaqələri dostluq və əməkdaşlığa söykənir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Misir ölkəmizin müstəqilliyini tanıyıb və 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb. Ümummilli Lider Heydər Əliyev 1994-cü ildə BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirədə işgüzar səfərdə olarkən Misir Prezidenti ilə görüşüb və bu görüşdə Azərbaycan-Misir münasibətlərinin yeni perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində çox mühüm məsələlər müzakirə edilib. Hələ 2002-ci ilin oktyabrda Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiya yaradılıb ki, bunun da fəaliyyəti nəticəsində əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atılıb. Ulu Öndərin siyasi kursunun davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ildə Misirə rəsmi səfəri və iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin genişlənməsinə səbəb olan sənədlər imzalanıb. Azərbaycanın Abşeron rayonu və Misir Ərəb Respublikasının Qalubiyyə vilayəti arasında dostluq və əməkdaşlığa dair anlaşma memorandumu da həmin sənədlərdəndir. Anlaşma protokolundan sonra Misirdən bir qrup nümayəndə heyəti Abşeron rayonunda olmuşdur. Memorandumun şərtlərindən biri də Misirdə Azərbaycan parkının yaradılması, orada Ulu Öndər Heydər Əliyevin abidə kompleksinin ucaldılması və həmin küçəyə ölkəmizin adının verilməsi idi ki, bunlar tezliklə yerinə yetirildi. Eyni zamanda, Abşeron rayonunda Qalubiyyə küçəsi salındı, park yaradıldı və orada Misir Prezidenti Hüsni Mübarəkin heykəli qoyuldu. Misirdə Azərbaycan və Azərbaycanda Misir mədəniyyət günlərinin keçirilməsi əlaqələrin davamlığına söykənir.
"BEYNƏLXALQ TƏŞKİLATLARDAKI BİRGƏ FƏALİYYƏTİMİZİ GÜCLƏNDİRƏCƏYİK VƏ ƏMƏKDAŞLIĞIMIZI DƏRİNLƏŞDİRƏCƏYİK"
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycan Respublikasına səfəri münasibətlərin yüksələn xətlə inkişafının göstəricisidir. Dövlət başçılarının görüşü zamanı bir çox məsələlər müzakirə olunub. "Görüşün çox gözəl nəticələri olmuşdur" – deyən Cənab Prezident bildirib ki, biznes dairələrinin birgə fəaliyyəti bizim əlaqələrimizi daha da gücləndirəcək: "Biz gələcək əməkdaşlıq sahələrini də müəyyən etdik. Əminəm ki, həm qarşılıqlı sərmayə qoyuluşu, həm ticarət dövriyyəsinin artırılması yaxın gələcəkdə mümkün olacaq. Əlbəttə ki, siyasi əlaqələrimizin gücləndirilməsi məsələləri də diqqətdən yayınmadı. Beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimizi gücləndirəcəyik və əməkdaşlığımızı dərinləşdirəcəyik. Əminəm ki, Prezident cənab Sisinin Azərbaycana səfəri ölkələrimizin gələcək uğurla inkişafına çox böyük töhfə verəcəkdir". Əlbəttə ki, bütün sahələrdə özünü büruzə verən qarşılıqlı anlayış, istər siyasi, istər iqtisadi, istər digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində hər iki tərəfin siyasi iradəsinin mövcudluğu bu əlaqələri tez bir zamanda daha da gücləndirəcəkdir. Bildiyimiz kimi, ötən il keçirilmiş Azərbaycan-Misir Hökumətlərarası Müştərək Komissiyanın iclasında da uğurlu nəticələr əldə olunub.
"BEYNƏLXALQ TERRORÇULUQ BÜTÜN DÜNYA ÜÇÜN BÖYÜK TƏHDİDDİR"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxışı zamanı bildirib ki, biz bu gün həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə bir çox məsələləri müzakirə etdik və gələcək əməkdaşlıq haqqında vahid mövqeyə gəldik - bu əməkdaşlıq dərinləşdirilməlidir və genişləndirilməlidir. Cənab Prezident Misir Prezidentinin ölkəmizə səfərini ölkələrarası əlaqələrinin inkişafına böyük töhfə verəcəyini qeyd edib: "Biz bundan sonra da beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstərəcəyik, bir-birimizi bundan sonra da dəstəkləyəcəyik, necə ki, bu günə qədər iştirak etdiyimiz beynəlxalq təşkilatlarda - istər BMT olsun, Qoşulmama Hərəkatı olsun, İslam Əməkdaşlıq Təşkilatı olsun, bu təşkilatlar çərçivəsində qarşılıqlı dəstək göstəririk. BMT ilə bağlı məsələlər artıq dünyada uzun illər müzakirə edilir, BMT-dəki islahatlar haqqında fikir mübadiləsi aparılır. Mən çıxışlarımın birində bildirmişdim ki, bu islahatlara böyük ehtiyac var. Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır. Hesab edirəm ki, bu, ədalətli olar. Çünki İkinci Dünya müharibəsindən artıq 80 ilə yaxın vaxt keçir, dünya dəyişib və bu dəyişikliklər sürətlə davam edir. Ona görə, hesab edirəm ki, bu islahatlar daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına xidmət göstərəcəkdir".
Azərbaycan və Misir arasında regional təhlükəsizlik məsələlərinə diqqət ayrılaraq gələcəkdə təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirmək üçün fikir mübadiləsi aparılıb. Beynəlxalq terrorçuluğa qarşı birgə mübarizəni gücləndirmək qərarına gəlinib. Müasir dünyamızda buna böyük ehtiyac var: "Çünki beynəlxalq terrorçuluq bütün dünya üçün böyük təhdiddir və bu təhlükəyə qarşı ancaq səylərin birləşdirilməsi nəticəsində uğurla mübarizə aparmaq mümkün olacaqdır".
Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra yeni reallıqlar yaranıb. "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başa çatdı. Artıq bu münaqişə həll olundu, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq qalır və əbədi qalacaqdır", - deyən dövlət başçımız bizim işğala artıq son qoyaraq, sülhə daha da yaxınlaşdığımızı qeyd edib. Amma hələ ki, sülh əldə edilməyib və Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi sülhün əldə edilməsinə gətirib çıxaracaq: "Biz bəlli olan təklifləri irəli sürmüşük və bütün əzab-əziyyətlərə, bütün dağıntılara baxmayaraq, yenə də hesab edirik ki, sülh müqaviləsi mütləq imzalanmalıdır. Əks təqdirdə, bizim bölgəmizdə təhlükələr daha da arta bilər".
"SABİTLİK OLMADAN HEÇ BİR ÖLKƏ UĞURLA İNKİŞAF EDƏ BİLMƏZ"
Cənab Prezident çıxışında Azərbaycanın 30 ilə yaxın davam edən işğala hərbi-siyasi yollarla son qoyduğunu və ərazi bütövlüyünü bərpa etdiyini, BMT-nin dörd qətnaməsini özünün icra etdiyini diqqətə çatdırıb: "Halbuki bu qətnamələri BMT özü icra etməli idi. BMT Təhlükəsizlik Şurasının islahatlarının labüdlüyü məhz buna əsaslanır. Çünki biz 30 ilə yaxın bu qətnamələrin icrasını gözləmişik, amma bunu görməmişik. Yəni, burada həm ikili standartlar hökm sürürdü, həm ayrı-seçkilik hökm sürürdü. Biz bu müharibəni apararaq işğala son qoyduq və ədaləti bərpa etdik. İndi isə azad edilmiş torpaqlarda qurub-yaradırıq və bütün dağıntıları görərkən bir daha görürük ki, biz Azərbaycanı və bölgəni hansı bəladan qurtardıq".
Tərəflər arasında danışıqlar çox gözəl və müsbət mühitdə keçirilib. İqtisadi, ticari və mədəni sahələrdə əlaqələrimizi daha da inkişaf etdirmək baxımında potensial çoxdur. Danışıqlar zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına dair razılıq əldə olunub. Əlbəttə ki, bütün bunlar mövcud siyasi iradənin fonunda əlçatandır və inkişaf etdirilməsi mümkündür. Həmçinin Hökumətlərarası Müştərək Komissiyanın altıncı iclasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı və komissiyanın növbəti iclasının gündəliyinə salınacaq məsələlər müzakirə olunub. "Ötən il Azərbaycanda Hökumətlərarası Müştərək Komissiyanın iclası keçirilmişdi və komissiyanın növbəti iclası ərəfəsində bu gün hörmətli qonağımla əldə edilmiş razılaşmaları biz həyata keçirməliyik ki, növbəti iclasda artıq konkret addımlar atılsın. Sahələr də müəyyən edilmişdir - əczaçılıq, sənaye sahələri, alüminium sənayesi, energetika, neft sənayesi, o cümlədən bərpaolunan energetika sahəsi. Burada da böyük imkanlar var", - deyə Prezident bildirib. Görüşlərdə Misirin xarici investorlar qarşısında mövcud maneələrin aradan qaldırılması, onlar üçün şəraitin yaradılması və hüquqi prosedurların daha da asanlaşdırılması istiqamətində görülən tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
"Misir bu gün yerləşdiyi bölgədə sabitləşdirici rol oynayır. Biz bunu çox təqdir edirik və əldə olunmuş nailiyyətlərlə öz dostlarımızı səmimiyyətlə təbrik edirik", - deyən Prezident bildirib ki, bizim ikitərəfli əlaqələrimizin uğurlu inkişafı xalqlarımız və dövlətlərimiz üçün çox faydalı olacaq: "Eyni zamanda, yerləşdiyimiz bölgələrə də əlavə sabitlik gətirəcəkdir. Çünki sabitlik olmadan heç bir ölkə uğurla inkişaf edə bilməz".
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB