Şimali Kipr Türk Respublikası Can Azərbaycanın yanındadır

Şimali Kipr Türk Respublikası parlamentinin sədri Zorlu Töre, Baş naziri Ünal Üstel və xarici işlər naziri Tahsin Ərtoğruloğlu Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumunu sərt şəkildə qınayıb, Şimali Kiprin xalqımızla həmrəyliyini ifadə ediblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Zorlu Töre hücum nəticəsində səfirliyin mühafizə xidməti rəisinin həlak olması ilə bağlı başsağlığı verib, yaralananlara şəfa arzulayıb. “Diplomatik missiyalara qarşı törədilən bu xain terror hücumunu qınayır, qardaş ölkə Can Azərbaycanın hər zaman yanında olduğumuzu bildirmək istəyirəm”, - deyə paylaşımda vurğulanıb.

Dost və qardaş ölkənin Baş naziri Ünal Üstel də yazılı açıqlamasında xain hücumu sərt şəkildə qınayaraq, bu qanlı hadisənin Şimali Kipr xalqını dərindən kədərləndirdiyini qeyd edib: “Başda Azərbaycan Prezidenti cənab İlham Əliyev olmaqla, qardaş Azərbaycan xalqının kədərini bölüşür, şəhid olan qardaşımıza Allahdan rəhmət, yaralananlara tezliklə sağalmalarını arzulayıram”.

Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ərtoğruloğlu isə paylaşımında bildirib: “Can Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən bu xain hücumu şiddətlə qınayıram”.

Hücum nəticəsində həlak olan mühafizə xidmətinin rəisinə Allahdan rəhmət, yaralananlara şəfa diləyən xarici işlər naziri ölkəsinin Azərbaycanın yanında olduğunu ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə