İran kəşfiyyatı bu terroru da etdi! ANALİTİK+FOTOFAKT

Rəsmi Tehran hesabat verməlidir!

Artıq uzun müddətdir ki, Azərbaycan dövlətinə qarşı hədsiz yanlışlıqlar nümayiş etdirən Tehran rejimi bu dəfə tamamilə qırmızı xətti keçdi və səfirliyimizə edilən xain, rüsvayçı silahlı hücum, eləcə də, bu hücumun ağır nəticəsi də belə deməyə əsas verir ki, artıq həmin hücum bilavasitə ölkəmizə qarşı əvvəlcədən hazırlanmış terror hadisəsidir. Terror bütün dünyada lənətlənir və bu baxımdan, sözügedən qanlı olaya görə bilavasitə özünü “İslam Respublikası” adlandıran, habelə din pərdəsi altında düşmənlərimizlə əlbir olan Tehran rejimi cavab, eləcə də hesabat verməlidir!

Qeyd edək ki, artıq Prezident İlham Əliyev İrandakı Azərbaycan səfirliyinə hücumla bağlı rəsmi tvitter hesabında paylaşım edib. O, diplomatik nümayəndəliklərə qarşı edilən hücumların qəbuledilməz olduğunu vurğulayıb:

Beynəlxalq diplomatik hüquqa, qanunlara görə bir ölkənin səfirliyinə edilən hücum həmin ölkəyə qarşı edilən hücum kimi anlaşılır

Azərbaycanın regionda müstəqil siyasət yürütməsi, bu siyasət vasitəsi ilə sülh və inkişaf, mehriban qonşuluq prinsiplərinə yönəldilmiş çağırışları isə, görünür, bölgəmizdə bu kimi ideyaların bərqərar olmasına əngəllər yaradan Ermənistana və ona havadarlıq edən İrana sərf etmir. Əgər bu gün İran adlı “məmləkət” və onun başıəmmaməli başbilənləri baş vermiş terror olayına görə yaxalarını kənara çəkib susqunluq nümayiş etdirirlərsə, yaxud bu olayla bağlı guya (!) “əlaqələrinin olmadığını” iddia edirlərsə, artıq həmin iddialara əsla, heç zaman inanmaq olmaz! Beynəlxalq diplomatik hüquqa, qanunlara görə bir ölkənin səfirliyinə edilən hücum həmin ölkəyə qarşı edilən hücum kimi anlaşılır və Tehrandakı diplomatik nümayəndəliyimizə edilən bu hücum da eyni paralelliyi təşkil edir. İran polisi istədiyi “versiyasını” irəli sürə bilər, amma artıq ortada bir şəhidimiz və iki yaralımız var. Bax, buna görə cavab verilməlidir!

İlk rəsmi bəyanatlar Türkiyədən gəldi!

O da əbəs deyil ki, hər zaman olduğu kimi, qardaş Türkiyə dərhal öz qətiyyətli mövqeyini açıqlayıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qanlı olay baş verəndən dərhal sonra azərbaycanlı həmkarı Ceyhun Bayramova telefon zəngi edərək hadisəyə görə narahat olduğunu xüsusilə vurğulayıb.

O, Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib və Türkiyənin Azərbaycanın yanında olduğuna əmin edib. Türkiyəli nazir olayı terror kimi qiymətləndirib.

Türkiyənin digər rəsmiləri də terror hadisəsi ilə bağlı rəsmi tvitter hesablarında bəyanatlar veriblər

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı: "Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücumu pisləyirik. Allah şəhidimizə rəhmət eləsin, yaxınlarına və Azərbaycan xalqına başsağlığı verir, yaralılara şəfa diləyirik".

Türkiyə Xarici İşlər Nazirliyi: “Bu səhər Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyirik. Bu hücum nəticəsində dünyasını dəyişən səfirliyin əməkdaşına Allah rəhmət eləsin, yaralılara şəfa diləyirik. Bu dəhşətli hücuma görə məsuliyyət daşıyanların dərhal tapılıb mühakimə olunması və təkrarlanmaması üçün bütün lazımi tədbirlərin görülməsi vacibdir. Qardaş Azərbaycan heç vaxt tək olmayıb. Biz həmişə olduğu kimi, Azərbaycana dəstəyimizi davam etdirəcəyik”.

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım: “Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyirəm. Hücumda həlak olan qardaşımıza Allah rəhmət eləsin. Azərbaycana başsağlığı verir, yaralılara şəfa diləyirəm”.

Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Daria Yanık: "Azərbaycanın Tehrandakı səfirliyinə hücumu lənətləyirəm. Hücum zamanı dünyasını dəyişən mühafizəçinin ruhu Uca Allahdan rəhmət eləsin. Yaralılara şəfa diləyirəm".

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop: “Azərbaycanın Tehrandakı səfirliyinə edilən alçaq hücumu pisləyirəm. Mən Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya zəng edərək, hücum nəticəsində həlak olan qardaşımıza kədərləndiyimizi bildirdim, qardaş Azərbaycan xalqına başsağlığı verdim”.

Beynəlxalq aləmdən Azərbaycana dəstək və terrora lənət bəyanatları!

Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ərtoğruloğlu: "Azərbaycanın İrandakı səfirliyinə edilən xain hücumu qətiyyətlə pisləyirəm. Mərhumun ailəsinə və Azərbaycan xalqına başsağlığı verirəm".

BMT Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib

"Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm". Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva tvitterdə yazıb. "Mülki şəxslərə və mülki obyektlərə, o cümlədən diplomatik missiyalara qarşı hücumlar beynəlxalq humanitar hüquqa əsasən qəti şəkildə qadağandır. Mərhumun ailəsinə başsağlığı verir və yaralananlaraşəfa deyirəm".

O cümlədən, ABŞ səfirliyi də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı başsağlığı verib

Böyük Britaniyanın Azərbaycandakı səlahiyyətli səfiri Fergus Auld: “Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilməsi və səfirlik əməkdaşının qətlə yetirilməsi xəbəri məni sarsıtdı”

Böyük Britaniyanın Azərbaycandakı səlahiyyətli səfiri Fergus Auld Azərbaycanın İrandakı səfirliyinə edilən hücumla bağlı başsağlığı verib. O, bu barədə "Twitter" hesabında paylaşım edib: "Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilməsi və səfirlik əməkdaşının qətlə yetirilməsi xəbəri məni sarsıtdı. Qətlə yetirilən şəxsin ailəsinə baş sağlığı verir, yaralılara şəfa diləyirəm", deyə səfir qeyd edib.

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann: “Düşüncələrimiz və dualarımız qurbanların ailələri ilədir"

Azərbaycanın İrandakı səfirliyinə hücumu qınayıb: “Biz Azərbaycanın Tehrandakı səfirliyinə edilən ölümcül hücum xəbərindən sarsıldıq və hər cür zorakılığı pisləyirik. Düşüncələrimiz və dualarımız qurbanların ailələri ilədir", səfir vurğulayıb.

Rusiya Federasiyası xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova da hadisə ilə bağlı bəyan edib ki, Tehranda Azərbaycan səfirliyinə edilən hücum və hücum zamanı təhlükəsizlik əməkdaşının ölümü, iki nəfərin isə yaralanması onları şoka salıb. “Azərbaycanlı həmkarlarımıza başsağlığı və dəstəyimizi bildiririk! Daha sonra bu məsələ ilə bağlı ətraflı şərh verəcəyik”, deyə Zaxarova qeyd edib.

Onu da qeyd edək ki, baş verən hadisə heç də iranlı hüquq mühafizəçilərinin iddiaları ilə “məişət etirazına” söykənmir. Belə ki, İran polisinin rəsmisi həmin hadisəni dərhal məişət motivinə tərəf yönəltməyə cəhd edib. Lakin belə bir cəhd heç bir əsasa, sübuta söykənmir. Bu baxımdan, daha yaxşı olardı ki, Tehranın müvafiq strukturları daha müfəssəl məlumatlar verərək hadisənin terror olduğunu etiraf etsinlər. Çünki müxtəlif ciddi mənbələr də qeyd edirlər ki, səfirliyimizə edilən hücumun əsas məqsədi orada çalışan insanlarımızın hər birini qətlə yetirməkdən ibarət olub. Ona görə də Tehran polisinin verdiyi məlumatları dünya ictimaiyyətinin diqqətini bu olaydan yayındırmağa hesablanıb.

İran tərəfi məsuliyyəti yaxasından kənara atmamalıdır!

Digər tərəfdən, “Təbriz-Turan-TV”(TTTv) teleqram kanalı özünə yaxın etibarlı mənbələrə istinadən xəbər verir ki, Azərbaycanın İrandakı səfirliyinə qarşı edilən terror hücumunun arxasında birbaşa İranın xüsusi xidmət orqanları dayanır. “Başlanğıcda İran tərəfi öz izlərini ört-basdır etməyə və diqqəti yayındırmağa çalışaraq guya “erməni izi” ilə bağlı fikirlər səsləndirir, bu, açıq-aşkar yalan və Azərbaycan ictimaiyyətini çaşdırmaq cəhdidir”, deyə qeyd edən adıçəkilən kanal əlavə edib ki, İran təbliğatının əsas götürdüyü növbəti versiya “məişət məsələsi” və eləcə də guya terrorçunun iranlı polislər tərəfindən yaxalanması da yalandır. Videokadrlardan da görünür ki, onu məhz Azərbaycan səfirliyinin təhlükəsizlik əməkdaşı saxlayır.

İranın xarici ölkələrdə terror dalğası əsdirməsi ilə bağlı yeni məlumatlar yayılıb.

Bu İran kəşfiyyatının xarici ölkələrin diplomatik nümayəndəliklərinə qarşı törətdiyi ilk terror aksiyası deyil!

Bir müddət əvvəl “Arab News” xəbər saytı bildirmişdi ki, daxildəki iğtişaşlara baxmayaraq, İran xarici ölkələrdəki terror fəaliyyətlərinə davam edir. Məsələn, ötən ay Albaniyada bir nəfər İran vətəndaşı İran hökuməti adına Albaniyadakı iranlı müxaliflər arasında kəşfiyyat aparmaq və terror fəaliyyətlərində iştirak etməkdə ittiham olunaraq həbs olunub.

Sözügedən şəxs teleqram sosial şəbəkəsi üzərindən təlimatlar alaraq mühacirətdəki nüfuzlu müxalifət üzvlərinə hücumlar planlaşdırıb. Bundan başqa, o, aldığı təlimatlara uyğun olaraq, Albaniyada terror hücrələri qurmaq, qara bazardan silah təmin etmək və cinayət törətməyə hazır hərbi təcrübəsi olan insanlar tapmaq kimi fəaliyyətlərdə iştirak edib. Albaniya məhkəməsi, o cümlədən bir sıra İran vətəndaşlarını İranın kəşfiyyat orqanları, İslam İnqilabı Keşikçiləri Korpusu və bu korpusun bir şöbəsi olan Qüds Qüvvəsi təşkilatından pul əldə etməkdə ittiham edib.

Bundan başqa, 2018-ci ildə İranın diplomatı Əsədulla Əsədiyə Parisdə iranlı müxaliflərin yürüşü zamanı partlayış təşkil etməkdə iştirakına görə Belçikada 20 il iş kəsilib.

Eyni şəkildə, Küveyt məhkəməsi bu ölkədəki İran səfirliyinin terror hücrələri yaratdığını aşkarlayıb və diplomatları ölkədən ixrac edib. Beləliklə, İran xarici ölkələrdəki səfirlikləri, mədəniyyət mərkəzləri və diplomatları vasitəsilə hücrələr və terror qruplaşmaları yaradır. Türkiyə iyun ayında bu ölkədəki İsrail vətəndaşlarını öldürməyə çalışan İran hücrəsinin 8 nəfər üzvünü saxlayıb. Danimarka məhkəməsi də 2020-ci ildə iranlı ərəb müxaliflərə qarşı sui-qəsd təşkil etdiyinə görə İrana işləyən bir nəfər agenti məhkum edib.

Xəbərdə qeyd olunur ki, İranın kəşfiyyat idarələri, habelə xarici ölkələrdəki “dost jurnalistlər” və “akademiklər”dən istifadə edərək dezinformasiya yayır.

Beləliklə, İran Azərbaycana qarşı bunu da etdi və rəsmi Tehran cavab, yaxud hesabat verməlidir!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə