Azərbaycan səfirindən erməni diplomatın yalanlarına tutarlı cavab

Azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri aksiya təbii sərvətlərimizin qanunsuz istismarına etiraz və bu fəaliyyətin dayandırılması məqsədi daşıyır. Yol humanitar məqsədli keçid üçün açıqdır və erməni tərəfinin “blokada” ilə bağlı səsləndirdiyi fikirlər əsassızdır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov İtaliya Deputatlar Palatasının Xarici əlaqələr və icma komissiyasının dinləmələrində Ermənistan səfirinin reallığı təhrif edən çıxışına cavab verərkən deyib. Səfir Laçın-Xankəndi yolu ətrafında baş verənlərlə bağlı erməni səfirin sayıqlamalarına cavabında bildirib ki, bütün bunlar Azərbaycana qarşı təşkil edilmiş manipulyasiya və dezinformasiya kampaniyasıdır. Laçın-Xankəndi yolu Azərbaycanın suveren ərazisinin tərkib hissəsidir və Laçın rayonundan Azərbaycanın Xankəndi şəhərinə gedir. Bu yol 2020-ci ildə imzalanan üçtərəfli Bəyanata əsasən yalnız humanitar məqsədlər üçün nəzərdə tutulub. Sözügedən Bəyanatın imzalanmasından iki ildən artıq müddət keçməsinə baxmayaraq, Ermənistan tərəfi Laçın yolundan qeyri-qanuni fəaliyyət, o cümlədən hərbi məqsədlər üçün istifadə edir, Azərbaycan ərazisinə silahlı qüvvələrin şəxsi heyətini yerləşdirir, minaların və silah-sursatın yoldan daşınmasını həyata keçirir. Minaların Laçın yolu ilə daşınması və sonradan Azərbaycanın suveren ərazisində basdırılması xüsusi narahatlıq doğurur. Üçtərəfli Bəyanatın imzalanmasından sonra ötən ilin avqust ayından etibarən Azərbaycanın Laçın və Kəlbəcər rayonlarının bəzi ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2700-dən çox piyada əleyhinə mina aşkar edilib. Minaların Azərbaycan ərazisində yerləşdirilməsi həmin Bəyanatın kobud şəkildə pozulması deməkdir. Son iki il ərzində çoxlu sayda üçüncü ölkə vətəndaşları terrorçuların hazırlanması və cəlb edilməsi kimi şübhəli məqsədlərlə Laçın yolundan Azərbaycan ərazisinə qanunsuz daxil olublar.

Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyasından danışan R.Aslanov vurğulayıb ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi bu yoldan Azərbaycan ərazilərindəki faydalı qazıntıların Ermənistana qanunsuz daşınması üçün istifadə edilir. Ekofəalların aksiyası Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına etiraz və bu fəaliyyətin dayandırılması məqsədi daşıyır.

“Ermənistan tərəfinin “blokada” ilə bağlı səsləndirdiyi əsassız ittihamların əksinə olaraq, Azərbaycanın nə hökuməti, nə də vətəndaş cəmiyyəti nümayəndələri Laçın yolunu bağlayıblar. Yolboyu vətəndaşların, malların və nəqliyyat vasitələrinin hərəkət rejimi dəyişməz olaraq qalır. Buradan yerli sakinlərin və hər hansı humanitar yüklərin keçidinə maneə yoxdur. Dinc aksiyanın başladığı cari ilin dekabrın 12-dən indiyədək hər iki istiqamətdə 1000-dən çox müxtəlif təyinatlı nəqliyyat vasitəsi heç bir maneə olmadan keçib. Açıq mənbələrdən yayılan videogörüntülər bunu təsdiqləyir. Bu yoldan hər gün orta hesabla 30-35 nəqliyyat vasitəsi keçir. Bununla belə, narahatedici məqam odur ki, özlərini yerli sakinlərin nümayəndəsi kimi təqdim edən insanlar, sadəcə olaraq, vəziyyəti dramatikləşdirmək və ondan öz çirkin siyasi məqsədləri üçün istifadə etmək məqsədilə sakinlərin yoldan istifadə etməsinə qəsdən mane olurlar. Humanitar məqsədlər üçün yol açıq qalsa da, Azərbaycan hökuməti Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə də əməkdaşlıq edir və istənilən humanitar ehtiyacların ödənilməsi üçün bütün lazımi addımları atır. Ona görə də burada humanitar fövqəladə vəziyyətdən danışmaq əsassızdır. Bütün bunlar Ermənistanın hadisələri qəsdən manipulyasiya etməsinin, ölkəmizə qarşı genişmiqyaslı təbliğat kampaniyası aparmasının və üçtərəfli Bəyanat əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən yayınmasının, həmçinin sülh danışıqları prosesini pozmasının növbəti təzahüründən başqa bir şey deyil”, - deyə səfir vurğulayıb.

Qeyd edək ki, İtaliya Deputatlar Palatasının komissiya üzvlərinə Laçın yolu ilə bağlı reallığı əks etdirən faktlar barədə əyani materiallar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə