“İnsan hüquqlarının qorunmasına Fransanın özündən başlamaq lazımdır“ - DEPUTAT DANIŞDI

“Fransada bir neçə gündür ki, pensiya islahatları ilə bağlı hökümətin atdığı addımlara insanlar öz narazılığını bildirir. Bu narazılığın aradan qaldırılması istiqamətində işlər görülməsi əvəzinə hökümət orqanları zorakılığa əl atmağı daha məqbul hesab edirlər. Bu da Fransa cəmiyyətinə xas bir reallıqdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.

Onun sözlərinə görə, bir neçə il öncə bütün Fransa boyunca sarı jiletlilərin etirazları keçirilirdi: “Bu etirazlar zamanı da hakimiyyət orqanları etirazçılara münasibətdə ən kəskin formada davranırdı, etirazçılar arasında qətlə yetirilənlər oldu. Bu cür hallar yenə də Fransada müşahidə edilməkdədir. Hazırda pensiya sistemində dövlətin etmək istədiyi dəyişikliklərə etiraz edən kütləyə münasibətdə hakimiyyət özünün sərt üzünü göstərməkdədir. Kütləvi həbslər həyata keçirilir, təqiblərə əl atılır. Bu da bir daha onu nümayiş etdirir ki, başqa dövlətlərə, xalqlara insan hüquqları, demokratiya üzrə dərs keçmək istəyən Fransanın hər şeydən öncə özünü islah etməsi üçün ciddi əsaslar mövcuddur. İnsan hüquqlarının qorunmasına Fransanın özündən başlamaq lazımdır. Bu baxımdan Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində də olduqca qərəzli mövqe nümayiş etdirən Fransa dövlətindən bundan artığını gözləməyə dəyməzdi”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə